• Təqvim

  • Maraq



Qazaxda baramaçılığın inkişafı üçün tədbirlər görülür

Qazaxda baramaçılığın inkişafı üçün tədbirlər görülür
Respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və kefiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artırılmasına və fəallığın yüksəlməsinə səbəb olub.

Bu il rayonumuzda hər sahədə olduğu kimi kənd təsərrüfatı sahəsində də dönüş yaranıb. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bütün sahələrə olduğu kimi kənd təsərrüfatına da xüsusi diqqət göstərərək bu sahənin dirçəldilməsi, inkişaf etdirilməsi üçün tapşırıqlar verib.

Son zamanlar rayonumuzda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması məqsədilə yeni istehsal sahələrinin yaradılması, məhsul bolluğuna nail olunması üçün müasir texnologiyaların tətbiq edilməsi, məhsulun maya dəyərinin aşağı salınması üçün “Aqrolizinq” ASC-nin Qazax bölgəsinə yeni texnikalar gətirilməsi istiqamətində xeyli işlər görüb. I Şıxlı kəndli fermer təsərrüfatının açılıb istifadəyə verilməsi isə bütün söylənilənlərin ən bariz nümunəsidir.

Vaxtilə Azərbaycanda yüksək gəlir gətirən kənd təsərrüfatı sahələrindən olan baramaçılıq son 20-25 ildə ciddi tənəzzülə uğrayıb.

Hələ keçən əsrin 70-80-ci illərində Azərbaycanda hər il orta hesabla 4-5 min ton barama istehsal olunurdu.

Həmin dövrdə Azərbaycan barama istehsalında dünyada 8-ci, SSRİ-də isə 2-ci yeri tuturdu.

Lakin buna baxmayaraq, hazırda Azərbaycanda baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün tədbirlər həyata keçirilir.

Hazırda möhtərəm Prezident İlham Əliyev cənablarının ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən, cari ildən Qazaxda da bu sahəyə böyük diqqət və maraq göstərilir.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov kənd təsərrüfatının bütün sahələrinə olduğu kimi baramaçılığın inkişaf etdirilməsinə də xüsusi diqqət ayırıb və bunun üçün görüləcək işlər barədə lazımi göstərişlər verib.

Təbii ki, baramaçılığın inkişafı ilk növbədə möhkəm yem bazasından asılıdır və hazırda rayonda Çin Xalq Respublikasından gətirilmiş tinglərdən yeni tut bağları salınır, köhnə bağlar isə bərpa olunur.

Ümumilikdə bu il rayonda 22000 ədəd tut tinginin əkilməsi nəzərdə tutulmuşdu. Bundan 2000 ədədi noyabr ayında əkilib.

Dekabr ayında isə 20000 ədədin əkilməsi üçün əvvəlcədən ayrılmış sahələrdə şumlama və hamarlama işləri aparılıb.

Dekabr ayının 3-də rayonun kəndlərində tut tinglərinin əkininə başlanılıb. Elə ilk gündəcə sahələrə yüksək aqrotexniki qaydaya uyğun 20000 ədəd tut ağacı əkilib.

Tut ağaclarının əkini ilə təsərrüfatlarda yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Bundan başqa rayonda kənd təsərrüfatının digər sahələri-taxılçılıq, kartofçuluq, tərəvəzçilik, yemçilik, heyvandarlıq və çuğundur əkini də uğurla inkişaf etdirilir.


Facebook-da paylaş