• Təqvim

  • Maraq



Tütünçülüyün inkişafı diqqət mərkəzindədir

Tütünçülüyün inkişafı diqqət mərkəzindədir
Müstəqilliyinin ilk illərində Azərbaycanda yeni iqtisadi sistemə keçidlə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrindən hesab olunan tütünçülüyün inkişafında müəyyən çətinliklər yaransa da, sonrakı illərdə dövlətimiz tərəfindən aparılan davamlı və sistemli iqtisadi islahatlar nəticəsində bu problemlər tədricən aradan qaldırıldı.

Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq olunan və Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarında kənd təsərrüfatının digər ənənəvi sahələri kimi, tütünçülüyün inkişafı da prioritet vəzifə olaraq qarşıya qoyulur. Digər tərəfdən, o da bəllidir ki, tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanın ikinci texniki bitkisi sayılır. Ümumiyyətlə, bir sıra bölgələrimizin iqtisadiyyatında da tütünçülük sahəsi mühüm yer tutur. Son illər dövlətin bu sahəyə diqqətinin artması, tütünçülüyün bərpasına və inkişafına səbəb olub. Məhz bu baxımdan, istər bu sahədə peşəkar mütəxəssislərin, istərsə də tütünçülük sahəsi istiqamətində təsərrüfat yaradan sahibkarların sözlərinə görə, artıq tütünçülüyə böyük maraq yaranıb. Bu gün tütünçülüyün inkişafı günün tələbidir. Hər bir sahədə olduğu kimi, bu sahənin inkişafı da tələbatdan birbaşa asılıdır.

Rayonumuzda da bu il kənd təsərrüfatının digər sahələri kimi, tütünçülüyün inkişafına diqqət yetirilir. Belə ki, 10 hektar sahədə tütün əkilib becərilmişdir. Əsas məqsəd kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyü dirçəltmək və kənd əhalisinin məşğulluğunu təmin etməkdən ibarətdir.

Hazırda Qazaxın bir sıra kəndlərində tütünçülüyə maraq yaranmış, kənd sakinləri tütün becərilməsinə başlamışdır Belə kəndlərdən biri də Cəfərli kəndidir. Bu kənd Ermənistanla sərhəddə yerləşir. Dağ kəndlərindən olan Cəfərli coğrafi ərazisinə görə də tütünçülüyün becərilməsi üçün olduqca əlverişlidir. Çünki tütünün məhsuldarlığı torpaq iqlim şəraitindən, tətbiq olunan aqrotexnikadan və becərilən sortun xüsusiyyətindən birbaşa asılıdır. Əlverişli cəhətinə görə kənddə əvvəllər də (müxtəlif illərdə) tütünçülüklə məşğul olunmuşdur. Artıq yetərincə təcrübəsi olan kənd sakinləri bu sahənin gəlirli sahə olduğunu bildirirlər. Bunu nəzərə alan sakinlər tütünçülüyə daha çox maraq göstərir.

Kənddə təsərrüfatçılar artıq bu istiqamətdə fəaliyyətlərini xeyli genişləndiriblər. Hal-hazırda kənddə 3 hektar sahəyə tütün əkilib. Kənd sakinləri iqlim şəraitinə uyğun olaraq yerli sort sayılan sivri yarpaq tütününü əkmişdir. Bu sort həm də Zaqatala iri yarpağı da adlanır. Bundan başqa məşhur Amerika sortu olan virciniya tütün sortundan da əkilmişdir. Rayonumuza ştillər Şəki şəhərindən gətirilmişdir. May ayından isə əkinə başlanılmışdır. Ümumiyyətlə, tütünçülüklə məşğul olan kənd sakinlərinin sözlərinə görə optimal əkin vaxtı 25 apreldən 20 maya qədər olan müddəti əhatə edir. Bunu nəzərə alan sakinlər vaxtında əkin işinə başlamışdır.

Tütünçülüklə məşğul olan sakinlər onu da qeyd etdilər ki, payızda dondurma şumu edilmiş sahələr, erkən yazda hava şəraiti imkan verən kimi rütubətli saxlamaq, onu lazımi qədər yumşaq və təmiz olmasını təmin etmək üçün malalanmalıdır. Bu əməliyyatdan sonra ştil əkilənədək xeyli müddət qalır. Bu müddətdə əmələ gəlmiş alaq otlarını məhv etmək üçün 2-3 dəfə 10-12 santimetr dərinlikdə kultivasiya edilməlidir. Ştil əkininin başlanması ilə qurtarması arasındakı müddət 15-20 gün olmalıdır.

Bu baxımdan kənddə torpaq əkilmiş, lazımi qulluq göstərilərək torpaq səpinə tam hazırlanmışdır. May ayından tütün ştilləri torpağa əkilmişdir.
Əkin sahəsində müxtəlif sortlarda əkilmiş tütünə qulluq etmək üçün bir qrup işçi cəlb olunmuşdur ki, bu da onların məşğulluğunun təmin edilməsi deməkdir.
Aqrotexniki tədbirlərin düzgün və vaxtında həyata keçirilməsinn nəticəsidir ki, tütün sahəsində istənilən göstərici əldə edilmişdir. Kənd sakinləri iyun ayından yığıma başlamışdır. Hal-hazırda tütünün dərilib qurudulma işləri davam etdirilir. Toplanan tütün isə Şəki Tütün Kombinatına təhvil veriləcəkdir. Bir sözlə, düşmənlə sərhəddə yerləşən kənddə qaynar həyat davam edir. Bunu əkin sahəsində çalışan kənd sakinlərinin əməksevərliyindən, sahədə ürəklə çalışmasından da daha aydın şəkildə görmək olur. Kənd sakinləri gələcəkdə daha çox sahədə tütün becərməyi düşünürlər.


Facebook-da paylaş