• Təqvim

  • Unutma

  • Maraq



Rayonumuzda kənd təsərrüfatı ildən-ilə inkişaf edir

Respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və kefiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artırılmasına və fəallığın yüksəlməsinə səbəb olmuşdur.

Bu il rayonumuzda hər sahədə olduğu kimi kənd təsərrüfatı sahəsində də dönüş yaranmışdır. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bütün sahələrə olduğu kimi kənd təsərrüfatına da xüsusi diqqət göstərərək bu sahənin dirçəldilməsi, inkişaf etdirilməsi üçün tapşırıqlar vermişdir. Son zamanlar rayonumuzda kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması məqsədilə yeni istehsal sahələrinin yaradılması, məhsul bolluğuna nail olunması üçün müasir texnologiyaların tətbiq edilməsi, məhsulun maya dəyərinin aşağı salınması üçün “Aqrolizinq” ASC-nin Qazax bölgəsinə yeni texnikalar gətirilməsi istiqamətində xeyli işlər görülmüşdür.

Bütün bunların nəticəsində rayonumuzda 2015-ci ildə 13485 hektar sahədə kənd təsərrüfatı məhsulları istehsal edildiyi halda 2016-cı ildə 14895 hektar sahədə kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu da ötən ildən 1410 hektar çoxdur.

Rayonmuzda əkinçiliyin əsasını dənli və dənli paxlalı bitkilər təşkil edir. 2016-cı ildə bu növ bitkilər 7926,5 hektar olmaqla ötən ildən 1886,5 hektar çox olmuşdur.
Kənd təsərrüfatının əsas sahələrindən biri taxılçılıq sahəsidir. Rayonumuzda bu il taxıl istehsalı ötən ilə nisbətən daha çox olmuşdur. Ötən il dənli və dənli paxlalılar cəmi 18217 ton, orta məhsuldarlıq 30,2 sentner olmuşdur. Bu il isə 23710 ton arpa, buğda istehsal edilmişdir ki, bu da ötən ildən 5493 ton çoxdur. Orta məhsuldarlıq 30,4 sentner, buğdanın məhsuldarlığı 33,9 sentnerdir. 106 hektar yazlıq dənlilərin məhsulunun yığımı başa çatmaq üzrədir. Taxıl məhsulunun vaxtında və itkisiz yığılması üçün 40 ədəd kombayn biçinə cəlb edilmişdir. Artıq 7799 hektar sahədə taxıl biçini yekunlaşmışdır.

Rayonumuzda yüksək məhsuldarlıqlı taxıl toxumu istehsal etmək və əhaliyə çatdırmaq üçün iki toxumçuluq təsərrüfatları 123 hektar sahədə “Azəri” və “Əkinçi” sortları əkilmiş və hər hektardan orta hesabla 50 sentner məhsul götürülmüşdür.
Hal-hazırda cari ilin payızlıq əkinləri üçün şum qaldırılmasına və digər torpaq becərmə işlərinə hazırlıq görülmüşdür. Rayonda payızlıq əkin və səpin aparılması üçün 110 ədəd traktor, 64 ədəd kotan, 44 ədəd toxum səpən, 50 ədəd mala, 6 ədəd gübrə səpən mövcuddur. Bu il 8558 hektar sahədə payızlıq əkin proqnozlaşdırılmışdır ki, onun da 753,5 hektarında yay şumu aparılmışdır. Ağköynək, Xanlıqlar, Cəfərli, Quşçu Ayrım kəndləri istisna olmaqla digər kəndlərdə əkin işləri aparılır.

Taxıl səpini dövründə səpinlə birlikdə vermək üçün 170 ton amofos gübrəsi və taxılın biçinindən sonra yemləmə məqsədi ilə vermək üçün 1282 ton azot gübrəsi lazımdır ki, bundan da hal-hazırda 6 ton amofos və 260 ton azot gübrəsi vardır. Digər gübrələrin gətirilməsi avqust ayının sonunadək nəzərdə tutulmuşdur.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun diqqət və qayğısı, bilavasitə rəhbərliyi ilə rayonumuzda bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də daha böyük nailiyyətlər qazanacağıq.


Facebook-da paylaş