• Təqvim

  • Maraq



İtirilmiş sərvət geri qaytarılır

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA ----------------


İtirilmiş sərvət geri qaytarılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə həyata keçirilən davamlı iqtisadi siyasət artıq yeni mərhələyə qədəm qoymuşdur. Sağlam biznes mühitinin formalaşdırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün münbit və işgüzar mühit yaradılmışdır.

Xüsusilə kənd təsərrüfatında islahatların həyata keçirilməsi, müxtəlif yerli infrastruktur layihələrinin icra olunması unudulmuş bir çox sahələrin dirçəldilməsinə başlanılmışdır. İqtisadi cəhətdən daha sərfəli olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsinə diqqət artırılmışdır.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin və tütünçülüyün inkişaf etdirilməsi dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi önə çəkilmişdir.

Qeyd edək ki, Qazaxın torpaq-iqlim şəraiti elə əlverişlidir ki, burada hər növ kənd təsərrüfatı bitkilərini əkib-becərmək mümkündür. Bunu nəzərə alan rayonun fermer təsərrüfatlarının sahibləri, eləcə də ayrı-ayrı sakinlər bu gəlirli sahələrin dirçəldilməsinə böyük maraq göstərməyə başlamışlar.

Nəticədə 2016-cı ildə 14 kənddə - Cəfərli, Xanlıqlar, Dəmirçilər, Çaylı, Alpout, Daş Salahlı, Hüseynbəyli, Canalı, Kosalar, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Birinci və İkinci Şıxlı kəndlərində tütün əkilmişdir.

Rayon kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov söhbət zamanı bildirdi ki, bu il rayon üzrə 10 hektar sahədə tütün əkilmişdir. Əsasən dağətəyi bölgələrdə yetişdirilən tütünün becərilməsinə 50 nəfərdən artıq işçi qüvvəsi cəlb edilmişdir.

Yığılıb qurudulmuş tütün müqavilə əsasında Şəki şəhərindəki "İlham” MMC-yə təhvil verilir. 1-ci növ tütünün bir kiloqramı 2 manata, 2-ci növ tütün 1 manat 70 qəpiyə, 3-cü növ tütün isə 1 manat 40 qəpiyə satılır.

Daş Salahlı kəndinin sakini Nizami Qarayev bu il icarəyə götürdüyü 1 hektar sahədə tütün əkmişdir. Artıq birinci üz yığımı başa çatdıran sahibkar deyir ki, məhsuldarlıq pis deyil. Əkin sahəsi suya yaxın olduğundan bu işdə heç bir problem olmayıb. Hazırda ikinci üz yığım aparılır.

Belə getsə bir hektardan 30 sentnerədək məhsul əldə olunacaq. 1 hektar tütün sahəsindən orta hesabla 30 sentnerə yaxın məhsul götürülsə 180-200 kiloqram quru tütün əldə olunacaqdır ki, bu da iqtisadi cəhətdən çox sərfəlidir.

Rayonda ilk dəfə olaraq baramaçılığın da inkişaf etdirilməsi üçün tədbirlər görülmüşdür. Yay aylarında Şəki ipək kombinatından alınan 30 qutu ipəkqurdu bəslənərək 1502 kiloqram barama istehsal edilmiş və hər kiloqramı 8 manata satılmışdır.

Rayonun 17 kəndində 45 nəfər barama yetişdirməklə məşğul olmuşdur. Aşağı Salahlı kəndinin sakini Azad Piriyev, Fərəhli kənd sakini Şamil Əliyev, Ürkməzli kənd sakini Şərif Rəhimov baramaçılıqda ən yüksək göstəriciyə nail olmuşlar.

Bu il tütünçülükdə və baramaçılıqda uğur qazanan və çoxlu gəlir əldə edən rayon sakinləri gələn il bu sahələrin daha da genişləndirilməsini nəzərdə tutmuşlar. Onlar iqtisadi cəhətdən daha çox gəlir gətirən tütünçülüyün və baramaçılığın daha inkişaf etdirilməsi üçün indidən hazırlıq işlərinə başlamışlar.

Onlar yeni tütün sahələri salmaq, eləcə də məhsuldar çəkil sortlarını əkmək üçün hazırlıq işləri görürlər.

S.ƏLİYEV,
"Azərbaycan”
15 oktyabr 2016-cı il


Facebook-da paylaş