• Təqvim

  • Maraq



İcra başçısı şəhid ailəsinin evində aparılan təmir işləri ilə yerində tanış olub


Bu gün qürurverici olan odur ki, Qazax rayonunda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyi ölkə Prezidenti İlham Əliyevin, eləcə də rayon rəhbərliyinin vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdikləri qayğını əldə rəhbər tutaraq xeyirxah əməlləri ilə seçilirlər. Təqdirəlayiq işləri həyata keçirməkdə öz ənənəsinə sadiq qalan zavodun kollektivi şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır, qayğı göstərərək onların sosial problemlərinin həllində yaxından iştirak edir.  Bəli, həmişə xeyirxah işlərə, savab əməllərlə fərqlənən zavod bu gün də öz ənənəsini davam etdirir. 


Ötən yazılarımızda "Arkoz Qazax Sement Zavodu” MMC-nin bu dəfə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun ailəsinin yanında olması barədə məlumat vermişdik. Şəhid ailəsinin qəhrəman şəhidimizin vaxtilə yaşadığı evin təmiri ilə bağlı etdikləri müraciətə həssaslıqla yanaşan zavod rəhbərliyi həyata keçirdikləri sosial layihənin davam olaraq onların evini də təmir edəcəklərini, qısa vaxtda təmir işlərinə başlanılacağını bildirmişdilər. Budur, artıq şəhid ailəsinin evi təmir olunur.


Avqustun 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və "Arkoz Qazax Sement Zavodu” MMC-nin İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehov qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olub, ailəsini ziyarət ediblər. Rayon rəhbəri şəhid ailəsinin evində görülən işlərlə yerində maraqlanıb. Görülməsi nəzərdə tutulan işlər yerində müzakirə olunub, fikir mübadiləsi aparılaraq görülən hər bir işin şəhid ailəsinin istəyinə uyğun şəkildə həyata keçirildiyi bildirilib.

Rayon rəhbəri illər ötsə belə əldə etdiyimiz şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandana, Sərxan Mustafayev kimi şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Bu gün Sərxan kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu, şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğunu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısının Qazax rayonunda da hər zaman örnək götürüldüyünü bildirib. İcra başçısı zavodun rayonda bir çox layihələrə imza atdıqlarını, xüsusilə də şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə qayğı göstərdiklərini, dəstək olduqlarını söyləyib. Nümunəvi təşəbbüsünə görə şəhid ailələri, eləcə də ziyalılar və rayon ictimaiyyəti adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib.

Şəhid atası İslam Mustafayev də öz növbəsində razılığını bildirib. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısını eşitdiklərini qeyd edən şəhid atası bunu öz ailəsinin timsalında da hiss etdiklərini söyləyib. Qəhrəman oğlunun boya-başa çatdığı evin onun arzuladığı kimi təmir olunmasını bunun bariz nümunəsi olaraq göstərib. Şəhidimizin evinin təmir olunmasını, məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin onlara olan növbəti qayğısı kimi dəyərləndirib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib. 

Şəhid Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 01.09.2001-ci ildə Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 30.05.2009-cu il tarixdə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 01.04.2012-ci ildən 01.10.2013-cü il tarixədək Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. 03.06.2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Sərxan Mustafayev 31.10.2020-ci il tarixdə Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə doğulduğu Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı – Ümid adlı oğul, Zümrüd adlı qız övladı yadigar qalıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Doğulduğu kənddə məzarının yaxınlığında yolun kənarında adını əbədləşdirən bulaq inşa olunub.

Məlumat üçün qeyd edək ki, Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr Evi-Uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilib. Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin əsaslı şəkildə yenidən qurulması, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evinin əsaslı şəkildə təmir olunması, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsi üçün yeni evin inşa edilməsi, bu günlərdə Daş Salahlı kəndində yeni məhəllə adlanan ərazidə yaşayan 60-a yaxın ailənin məişət suyu ilə bağlı probleminin aradan qaldırılmasında göstərdikləri köməklik zavodun həyata keçirdiyi sosial layihələrdir.



Facebook-da paylaş