İsmayıl Şıxlı Azərbaycan ruhunu, əxlaqını, xarakterini yaşadan əsl kişi idi
İnsan
tutduğu vəzifədən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq yaddaşlara köçüb
yaşayırsa, əməlləri ilə tarixləşirsə, deməli, o, əsl insan, Allahın yaratdığı
müqəddəs varlıqdır. Elə insan var ki, haqqa qovuşanda bir evdən gedir. Elə
insan da var ki, bir eldən gedir və böyük bir məmləkətin itkisi kimi anılır.
İsmayıl Şıxlı da belə insan, belə yazıçı və belə müəllim idi. O, indinin özündə
də olduqca böyük ideallar uğrunda həyatını sipər edən samballı bir kişi kimi
xatırlanır, yad edilir, ruhuna dualar oxunur. Əvvəlcə
qeyd edim ki, Prezident İlham Əliyev bu il yanvarın 28-də Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, 2019-cu ilin
mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai
xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olur. İsmayıl
Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik
surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə
yeni parlaq səhifə yazmış söz ustalarındandır. Üslubun mükəmməlliyi, bədii
dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl
Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə
daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti
bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın
bariz nümunəsidir. Bu
sərəncam cənab Prezidentin Azərbaycan ədəbiyyatına, İsmayıl Şıxlı şəxsiyyətinə
verdiyi çox böyük qiymətdir. Onu da
deyim ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərəncam veriləndən
dərhal sonra rayon fəalları ilə görüşüb, tədbirlər planı hazırlatdırıb və bu
günədək yazıçının yubileyi ilə əlaqədar silsilə tədbirlər gerçəkləşdirib. İndi isə
onunla bağlı bir neçə xatirəni sayğıdəyər oxuculara çatdırmaq və bununla da bu
böyük insana bir daha ehtiramımı bildirmək istəyirəm. Məni İsmayıl
Şıxlı ilə rəhmətlik şair Müzəffər Şükür tanış etmişdi. Az danışan amma çox
samballı və dəyərli danışan İsmayıl müəllim ömrümün ən dəyərli yazıçısı idi desəm
səmimiyyətimə şübhə etməyin. Yazıçı və şairlərin filarmoniya bağında cəm olduğu
bir məkan var idi. Axşamlar işdən sonra ora yığışıb müzakirələr aparardılar,
keçmişdən, bu gündən, gələcəkdən danışardılar. O söhbətlərdə nə vaxt yolum
Bakıya düşsə Müzəffər Şükürlə birgə mən də iştirak edərdim. Hər dəfə də məni
görən kimi kəndi, insanların durumunu soruşardı. Bu o vaxtlar idi ki, ermənilər
Kəmərlinin meşə torpaqlarına göz dikmişdi və hər vasitə ilə onu əlimizdən
almağa çalışırdılar. İsmayıl müəllim, Nəriman Həsənzadə belə vaxtlarda həmişə sərhəd
kəndi Kəmərli ilə maraqlanar, tövsiyələrini söyləyər və yanımızda olardılar. Hər
dəfə də, Rəhim müəllim, kənddə vəziyyət necədir? İnsanlar ruhdan düşməyib ki,
deyə sual edərdi. Cavabım da həmişə onu qane edərdi. Və günlərin birində də
İsmayıl müəllim vəziyyəti tam bilmək üçün kəndə gəldi. Əhali ilə görüşdü. Real
vəziyyəti olduğu kimi gördü. Biz bundan çox qürurlandıq. Böyük yazıçının bizimlə
olduğunun şahidinə çevrildik. Təbii ki, Bakıya qayıdandan sonra çox ünvanlara
üz tutdu, qəflət yuxusunda olan səlahiyyətlilərə sözünü dedi. Bir
dəfə Müzəffər Şükür mənə dedi ki, Rəhim, İsmayıl müəllim şəkər xəstəliyindən əziyyət
çəkir. Deyirlər ki, çiyidi çıxarılmış zoğaldan çəkilən araqdan hər səhər ac
qarına bir xörək qaşığı qəbul etməyin xeyiri çoxdu. Sən bu cür araq çəkə bilərsənmi?
Heç fikirləşmədən hə dedim. O vaxtlar, yəni 1981-ci ildə hələ meşələrimiz ermənilərə
verilməmişdi. Bir yük maşını tutub ailə üzvlərimi də yığıb üz tutduq meşəyə.
Qılınc kəndi deyilən meşə sahəsindən 5-6 kisə zoğal yığdıq. Evə çatan kimi ailəliklə
başladıq zoğalın çiyidini çıxarmağa. Bu asan iş deyildi. İynəliklə zoğalın
çiyidini 4 günə ancaq çıxara bildik və doldurduq çəlləyə. Müddəti çatandan
sonra isə onu aparatla arağa çevirdik. 350 kilo çiyidi çıxarılan zoğaldan əldə
etdiyim təmiz arağı Müzəffər Şükürə göndərdim. Aradan bir xeyli keçəndən sonra
biz yenidən bayaq adlarını çəkdiyim insanlarla filarmoniya bağında İsmayıl müəllimlə
görüşdük. Məni görən kimi - çox sağ ol Rəhim müəllim, xeyli əziyyət çəkmisən,
xeyirini gördüm dedi. Bu mənə ən böyük sevinc idi. Bu cür dəyərli insanın
müalicəsinə kömək etdiyimdən çox qürur duydum. Deyim
ki, İsmayıl müəllimin həyata və son zamanlar baş verən ittifaqdaxili münaqişələrə
çox həssas yanaşması və məntiqli ehtimalları var idi. Şuşa ilə bağlı "Oqonyok”
jurnalında çap edilən bədnam yazıya da reaksiyası çox kəskin oldu və bütün
ziyalıları bu addıma qarşı mübarizəyə səslədi. Təbii
ki, mən İsmayıl müəllimin yaradıcılığından danışmayacam. Amma bu barədə tam
susmaq da istəmirəm. Təkcə onun "Dəli Kür” romanı bəs edir ki, yazıçı dahiliyi
təsdiqini tapsın. İsmayıl müəllim yaradıcılığında da səmimi, saf və özü idi. O,
xəyalların ardınca qaçıb yuxulardan yazmazdı. Tarixi yazardı, milli dəyərlərimizi,
əxlaq və qeyrətimizi təsvir edərdi. Obrazları ilə xalqın böyük dəyərlərini açıb
göstərərdi. Bu arada İsmayıl Şıxlı ilə bağlı bir neçə hikmətli fikiri xatırlatmaq
keçdi ürəyimdən. "Dəli Kür”
onlarla povestlərin, romanların milli təfəkkürümüzdə yaratdığı mənəvi səhradan
axıb keçdi və ona can verdi”. Nizami
Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor "İsmayıl Şıxlı
haqqında, onun həyat yolu və yaradıcılığı barədə düşünəndə ürəyimdə bu hisslər
oyanır: ədəbiyyatımızın uzun karvan yolunda onu əsl Azərbaycan ruhu, əxlaqı və
xarakterinin daşıyıcılarından biri kimi görürəm”. Sabir Rüstəmxanlı,
Xalq şairi "İsmayıl Şıxlı
bizim haqq deyən, haqq söyləyən, ədalət deyən, ədalət söyləyən ziyalımızdır.
İsmayıl Şıxlı həqiqətən də ağsaqqallığa layiq bir adamdır”. Yusif Səmədoğlu, Xalq yazıçısı Çətin günlərimdə
mən səni anıb, Köməyə səslədim
duyan insanı. Ariflər
içində çoxdan yaranıb, İnsanlıq dastanı-Şıxlı dastanı. Müzəffər Şükür, şair Sonda
demək istəyirəm ki, İsmayıl Şıxlı tək Qazax mahalının oğlu deyildi. O, bütöv Azərbaycanın,
böyük türklüyün oğlu idi. Allah bu nurlu insanın ruhunu şad eləsin. Rəhim RƏHİMOV, Kəmərli kənd
sakini, ağsaqqal
Facebook-da paylaş