Əsas Səhifə > Ədəbiyyat > İsmayıl Şıxlı Azərbaycan ruhunu, əxlaqını, xarakterini yaşadan əsl kişi idi

İsmayıl Şıxlı Azərbaycan ruhunu, əxlaqını, xarakterini yaşadan əsl kişi idi


1-05-2019, 10:27

İnsan tutduğu vəzifədən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq yaddaşlara köçüb yaşayırsa, əməlləri ilə tarixləşirsə, deməli, o, əsl insan, Allahın yaratdığı müqəddəs varlıqdır. Elə insan var ki, haqqa qovuşanda bir evdən gedir. Elə insan da var ki, bir eldən gedir və böyük bir məmləkətin itkisi kimi anılır. İsmayıl Şıxlı da belə insan, belə yazıçı və belə müəllim idi. O, indinin özündə də olduqca böyük ideallar uğrunda həyatını sipər edən samballı bir kişi kimi xatırlanır, yad edilir, ruhuna dualar oxunur.

Əvvəlcə qeyd edim ki, Prezident İlham Əliyev bu il yanvarın 28-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olur. İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Bu sərəncam cənab Prezidentin Azərbaycan ədəbiyyatına, İsmayıl Şıxlı şəxsiyyətinə verdiyi çox böyük qiymətdir.

Onu da deyim ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərəncam veriləndən dərhal sonra rayon fəalları ilə görüşüb, tədbirlər planı hazırlatdırıb və bu günədək yazıçının yubileyi ilə əlaqədar silsilə tədbirlər gerçəkləşdirib.

İndi isə onunla bağlı bir neçə xatirəni sayğıdəyər oxuculara çatdırmaq və bununla da bu böyük insana bir daha ehtiramımı bildirmək istəyirəm.

Məni İsmayıl Şıxlı ilə rəhmətlik şair Müzəffər Şükür tanış etmişdi. Az danışan amma çox samballı və dəyərli danışan İsmayıl müəllim ömrümün ən dəyərli yazıçısı idi desəm səmimiyyətimə şübhə etməyin. Yazıçı və şairlərin filarmoniya bağında cəm olduğu bir məkan var idi. Axşamlar işdən sonra ora yığışıb müzakirələr aparardılar, keçmişdən, bu gündən, gələcəkdən danışardılar. O söhbətlərdə nə vaxt yolum Bakıya düşsə Müzəffər Şükürlə birgə mən də iştirak edərdim. Hər dəfə də məni görən kimi kəndi, insanların durumunu soruşardı. Bu o vaxtlar idi ki, ermənilər Kəmərlinin meşə torpaqlarına göz dikmişdi və hər vasitə ilə onu əlimizdən almağa çalışırdılar. İsmayıl müəllim, Nəriman Həsənzadə belə vaxtlarda həmişə sərhəd kəndi Kəmərli ilə maraqlanar, tövsiyələrini söyləyər və yanımızda olardılar. Hər dəfə də, Rəhim müəllim, kənddə vəziyyət necədir? İnsanlar ruhdan düşməyib ki, deyə sual edərdi. Cavabım da həmişə onu qane edərdi. Və günlərin birində də İsmayıl müəllim vəziyyəti tam bilmək üçün kəndə gəldi. Əhali ilə görüşdü. Real vəziyyəti olduğu kimi gördü. Biz bundan çox qürurlandıq. Böyük yazıçının bizimlə olduğunun şahidinə çevrildik. Təbii ki, Bakıya qayıdandan sonra çox ünvanlara üz tutdu, qəflət yuxusunda olan səlahiyyətlilərə sözünü dedi.

Bir dəfə Müzəffər Şükür mənə dedi ki, Rəhim, İsmayıl müəllim şəkər xəstəliyindən əziyyət çəkir. Deyirlər ki, çiyidi çıxarılmış zoğaldan çəkilən araqdan hər səhər ac qarına bir xörək qaşığı qəbul etməyin xeyiri çoxdu. Sən bu cür araq çəkə bilərsənmi? Heç fikirləşmədən hə dedim. O vaxtlar, yəni 1981-ci ildə hələ meşələrimiz ermənilərə verilməmişdi. Bir yük maşını tutub ailə üzvlərimi də yığıb üz tutduq meşəyə. Qılınc kəndi deyilən meşə sahəsindən 5-6 kisə zoğal yığdıq. Evə çatan kimi ailəliklə başladıq zoğalın çiyidini çıxarmağa. Bu asan iş deyildi. İynəliklə zoğalın çiyidini 4 günə ancaq çıxara bildik və doldurduq çəlləyə. Müddəti çatandan sonra isə onu aparatla arağa çevirdik. 350 kilo çiyidi çıxarılan zoğaldan əldə etdiyim təmiz arağı Müzəffər Şükürə göndərdim. Aradan bir xeyli keçəndən sonra biz yenidən bayaq adlarını çəkdiyim insanlarla filarmoniya bağında İsmayıl müəllimlə görüşdük. Məni görən kimi - çox sağ ol Rəhim müəllim, xeyli əziyyət çəkmisən, xeyirini gördüm dedi. Bu mənə ən böyük sevinc idi. Bu cür dəyərli insanın müalicəsinə kömək etdiyimdən çox qürur duydum.

Deyim ki, İsmayıl müəllimin həyata və son zamanlar baş verən ittifaqdaxili münaqişələrə çox həssas yanaşması və məntiqli ehtimalları var idi. Şuşa ilə bağlı "Oqonyok” jurnalında çap edilən bədnam yazıya da reaksiyası çox kəskin oldu və bütün ziyalıları bu addıma qarşı mübarizəyə səslədi.

Təbii ki, mən İsmayıl müəllimin yaradıcılığından danışmayacam. Amma bu barədə tam susmaq da istəmirəm. Təkcə onun "Dəli Kür” romanı bəs edir ki, yazıçı dahiliyi təsdiqini tapsın. İsmayıl müəllim yaradıcılığında da səmimi, saf və özü idi. O, xəyalların ardınca qaçıb yuxulardan yazmazdı. Tarixi yazardı, milli dəyərlərimizi, əxlaq və qeyrətimizi təsvir edərdi. Obrazları ilə xalqın böyük dəyərlərini açıb göstərərdi. Bu arada İsmayıl Şıxlı ilə bağlı bir neçə hikmətli fikiri xatırlatmaq keçdi ürəyimdən.

"Dəli Kür” onlarla povestlərin, romanların milli təfəkkürümüzdə yaratdığı mənəvi səhradan axıb keçdi və ona can verdi”.

Nizami Cəfərov, Milli Məclisin deputatı,

filologiya elmləri doktoru, professor

"İsmayıl Şıxlı haqqında, onun həyat yolu və yaradıcılığı barədə düşünəndə ürəyimdə bu hisslər oyanır: ədəbiyyatımızın uzun karvan yolunda onu əsl Azərbaycan ruhu, əxlaqı və xarakterinin daşıyıcılarından biri kimi görürəm”.

Sabir Rüstəmxanlı, Xalq şairi

"İsmayıl Şıxlı bizim haqq deyən, haqq söyləyən, ədalət deyən, ədalət söyləyən ziyalımızdır. İsmayıl Şıxlı həqiqətən də ağsaqqallığa layiq bir adamdır”.

Yusif Səmədoğlu, Xalq yazıçısı

                                      Çətin günlərimdə mən səni anıb,

                                      Köməyə səslədim duyan insanı.

                                      Ariflər içində çoxdan yaranıb,

                                      İnsanlıq dastanı-Şıxlı dastanı.

             Müzəffər Şükür, şair

Sonda demək istəyirəm ki, İsmayıl Şıxlı tək Qazax mahalının oğlu deyildi. O, bütöv Azərbaycanın, böyük türklüyün oğlu idi. Allah bu nurlu insanın ruhunu şad eləsin.

Rəhim RƏHİMOV,

Kəmərli kənd sakini, ağsaqqal


Geri qayıt