• Təqvim

  • Maraq



“Heydər Əliyev İli” - Heydər Əliyev və İlham Əliyev epoxasının təntənəsi ilidir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən ölkəmizdə bu il “Heydər Əliyev İli” elan olunub. Çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan, nadir, bənzərsiz şəxsiyyət olan Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu gün cəmiyyətin hər bir sahəsində biz Heydər Əliyev siyasətinin uğurlarını yaşayırıq, hiss edirik. Ancaq bu ilin məhz tariximizə “Heydər Əliyev İli” kimi qızıl hərflərlə yazılması Heydər Əliyev siyasətinin təntənəsi kimi bir daha sübut edəcək ki, müstəqil Azərbaycanın keçdiyi şərəfli və məsuliyyətli, keşməkeşli, parlaq inkişaf yolunun bayraqdarı Heydər Əliyevdir və xalqımız, vətəndaşlar bu məsuliyyəti dərk edərək bu il dövlətimiz qarşısında mənəvi–siyasi borcunu qürurla yerinə yetirəcək. Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, öz xalqının, millətinin mənafeyini hər şeydən üstün tutdu və bu yolda öz sağlamlığını belə əsirgəmədi. Dövlət müstəqilliyini qoruyub saxlanması kimi məsuliyyətli bir işdə əsl xilaskara çevrildi. Qısa müddət ərzində ölkənin sosial-iqtisadi yüksəlişinə nail oldu. Hər bir vətəndaşın maraq və mərafeyini təmin edən güclü dövlət yaratdı. 

1993-cü ilin 13 avqustunda Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılar ilə görüşündə “Azərbaycanı parçalamaq, Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, arzusu, istəyi olmuşdur” - deyən Ulu Öndər hər zaman xalqa arxalandı, xalqdan güc aldı və bu cür düşmənlərə Azərbaycanı parçalamağa imkan vermədi. “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir” - deyə 1994-cü ildə Pekin İctimai Elmlər Akademiyyasında çıxışında səsləndirdiyi fikirləri ilə təkcə sözdə deyil, əməldə də sübuta yetirdi ki, ikinci dəfə xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıdandan sonra siyasi fəaliyyətinin əsas istiqaməti müstəqilliyimizin möhkəmliyini təmin etmək və beynəlxalq aləmdə mövqelərimizi genişləndirmək təşkil etdi. Böyük siyasi xadim bir tərəfdən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, dövlət çevrilişlərinin qarşısını aldı, ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası, Ermənistanın silahlı təxribatlarının qarşısının alınması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirdi. Digər tərəfdən BMT, ATƏT, Avropa Şurası, İƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla yüksək səviyyəli tərəfdaşlıqlar həyata keçirmiş, Azərbaycanın dünyada tanıdılması, beynəlxalq aləmə inteqrasiyası istiqamətində gərgin diplomatik fəaliyyət aparmışdır. O, hər zaman deyirdi: “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır”.

“Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır” - 1993-cü ilin sentyabr ayında dediyi bu fikirlər öz təsdiqini tezliklə tapdı. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda bərqərar etdiyi milli birlik ölkəmizin ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrildi, xalqın inamlı sabahına ünvanlanan strateji əhəmiyyət daşıyan demokratikləşmə prosesi sürətləndi, qlobal enerji–kommunikasiya layihələri həyata keçirildi, uzaq hədəflərə hesablanmış balanslandırılmış starteji fəaliyyət konsepsiyası hazırlandı, həyata keçirildi. 1997-ci ildə Milli Təhlükəsizlik Orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr edilmiş təntənəli yığıncaqda Heydər Əliyev deyirdi: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.

“Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik”, “Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanması, daimi, yəni əbədi olması bundan da çətindir”, “Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır”. Bu gün hər biri bir aforizmə çevrilən bu fikirlər dövlətimizə, dövlətçiliyimizə, xalqımıza, millətimizə sanki bir mayak, yol xəritəsi oldu. 

2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə canından çox sevdiyi Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirəcək və müstəqilliyimizin möhkəmlənməsinin keşiyində dura bilməyə qadir ünvan göstərməsi dövlətimiz və xalqımız qarşısında ən böyük xidmət olmaqla yanaşı, həm də “1999-cu ildə Xocalının erməni işğalından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları, “Azərbaycan Bayrağı” ordenlərini Prezident İqamətgahında təqdimetmə mərasimində dediyi - “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur” - sözlərinin əməli sübutunu təmin etmiş oldu. Doğrudan da “Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik”. Bütün bunların təməlində Heydər Əliyev siyasətinin möhtəşəmliyi, Heydər Əliyev siyasətinin unikallığı dayandı. Heydər Əliyev siyasətinin əsasında isə Azərbaycançılıq ideologiyası, Azərbaycançılıq məfkurəsi dayanırdı. Bu ideyaların əzmkar davamçısı, bu gün İlham Əliyevdir. İlham Əliyev siyasətinin əsasında dayanan Ulu Öndər ideyalarına sadiqlik bizi qalibiyyətlərə apardı. Ulu Öndərin bizlərə əmanət etdiyi müstəqil Azərbaycan xalq-lider- ordu birliyi, həmrəyliyi sayəsində bütövləşdi. Azərbaycan bu gün Cənubi Qafqazda lider, dünyada söz, nüfuz sahibi olan bir ölkədir. Bunun təməlində Heydər Əliyev siyasətinə, Onun ideologiyasına qüvvətli inam və güclü liderin qalibiyyət əzmi, bütün dünya azərbaycanlılarının və hər bir azərbaycanlının Prezidenti,  Azərbaycançılığın ən böyük qarantı İlham Əliyevin yeritdiyi düzgün siyasət dayanır. Ona görə də “Heydər Əliyev İli”  Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixində xüsusi inkişaf mərhələsi olan Heydər Əliyev – İlham Əliyev epoxasının çətin və məsuliyyətli dünəninin, inkişaf etməkdə olan bu gününün və daha parlaq gələcəyinin ilidir.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş