• Təqvim

  • Maraq



Millət vəkili Səməd Seyidov bu gün Qazaxda sakinlərlə görüşüb


Dekabrın 23-də 109 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qazax rayonunun Kosalar kəndində yaşayan seçiciləri ilə görüşüb. 

Millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə Kosalar kəndinə gələrək sakinlərin müraciətlərini dinləyib. 


İcra başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə onları təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Hər zaman olduğu kimi, millət vəkili ilə olan bugünkü görüşün arxasında da vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib.


Seçiciləri ilə səmimi söhbət edən millət vəkili Səməd Seyidov öz növbəsində sakinləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara xoş arzularını səsləndirib. Millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın, daim diqqət ayırsın”, - deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində hər zaman yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan quruculuq işlərindən söz açıb. Son illər ölkə başçısının qayğısı sayəsində Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. Millət vəkili rayonda vətəndaşlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin ölkə Prezidentinin vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq daim sakinlərin yanında olmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb. 

Millət vəkili ilə səmimi söhbət edən Kosalar kənd sakinlərindən Cavanşir Rüstəm və başqaları dövlətin, dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını bildiriblər. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər.

Keçirilən görüşdə vətəndaşların qayğı və problemləri ilə maraqlanılaraq bəzi məsələlərin həll olunması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib. Səməd Seyidov vətəndaşlar tərəfindən irəli sürülən məsələlərin həlli üçün öz imkan və səlahiyyətləri daxilində aidiyyəti orqanlara müraciət edəcəyini bildirib.

Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Adil Vəliyev və millət vəkilinin köməkçisi Akif Əmirov da iştirak ediblər.



Facebook-da paylaş