Qazaxda icra başçısının dekabr ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun Ağköynək kəndində olub
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə əks olunur. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunların arxasında vətəndaş məmnunluğunun təmin edilməsi dayanır.
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının dekabr ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü rayonun Ağköynək kəndində yaşayan sakinlərlə olub.
Dekabrın 24-də Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri bu gün doğum gününü böyük qürur hissi ilə qeyd etdiyimiz Prezident, Müzəffər Ali baş Komandan İlham Əliyevi görüş iştirakçıları adından təbrik edib, xoş arzularını səsləndirib. İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin yaşayış məntəqələrində vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı Ağköynək kəndində keçirilən ötən səyyar görüşlərdə səslənən məsələlərin zamanla müsbət həllini tapdığını söyləyib. Bayram ərəfəsində sakinlərə şad xəbər verən icra başçısı Ağköynək kəndində kəndarası yolun asfaltlanacağını, qısa vaxtda işlərə start veriləcəyini bildirib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Ağköynək kəndində də SİP kabelləşmə işinin aparılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini bildirib. Kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə fiber-optik internet xəttinin çəkildiyini, abonentlərin sürətli internetlə təmin olunduğunu söyləyib.
Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib.
Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov son günlər gündəmdə olan bank kartlarına edilən kiberhücumlarla bağlı fikirlərini bölüşüblər. Son dövrlər bank kartlarına kiberhücumlarla bağlı narazılıqların tez-tez gündəmə gəldiyini, sosial şəbəkələrdə insanların məlumatları olmadan bank kartlarından pul oğurlanması ilə bağlı şikayətlərin çoxaldığını bildiriblər. Qeyd ediblər ki, təhlükəsizliyin təmini üçün banklarla müştərilər birlikdə addımlamalıdırlar. Vətəndaşlara etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə edərkən diqqətli olmalarını, şəxsi məlumatlarını, eləcə də istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi, kartın üzərində olan CVV kodunu – 3 rəqəmli kodu, SMS vasitəsilə gələn 3D təsdiqləmə OTP (birdəfəlik şifrə) təhlükəsizlik kodunu, şəxsiyyət vəsiqəsinin FIN kodunu heç kimlə bölüşməməyi, banklar adından hazırlanan qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı söyləyiblər. Həmçinin, dələduzlar tərəfindən yeni trendə çevrilən saxta veb-linklərə keçid etmək, həmin linklərdə kart məlumatlarını yerləşdirmək, müxtəlif sosial şəbəkələrdə asan qazanc əldə etməyi vəd edənlərə inanmamağı tövsiyə ediblər. Dələduzluq halı ilə qarşılaşan şəxsə əməliyyat haqqında SMS və ya “Push” bildiriş daxil olubsa, yaxud müştəri mobil tətbiqində icra etmədiyi əməliyyat görürsə, ilk növbədə təcili olaraq bankla əlaqə saxlamağı, bunun üçün ən yaxın filiala yaxınlaşaraq və ya bankın sorğu mərkəzindən, rəsmi sosial media kanallarından, eləcə də mobil tətbiqdən müraciət etməklə məlumat öyrənə bildiklərini vurğulayıblar.
Kənd sakinləri onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də Ağköynək kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Ağköynək kəndində elektrik xətlərinin sip kabellə əvəz olunması, Ağköynək kəndində körpələr evi-uşaq bağçasının açılması, Qazax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin hazırlandığı zaman Ağköynək kəndi üzrə layihədən kənarda qalmış 242 fərdi yaşayış evinə su xəttinin çəkilməsi, 650 metr uzunluğunda kəndarası avtomobil yolunun asfaltlanması, kənddə mərkəzi küçənin işıqlandırılması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan məsələlərə həssaslıqla yanaşılacağını, aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağını, məktub ünvanlanacağını bildirib.
Facebook-da paylaş