Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Həmrəy olaq!” adlı tədbir keçirilib
Dekabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı, “Uşaq səfirlər məclisi”nin Qazax rayonu üzrə regional nümayəndəliyinin təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Həmrəy olaq!” adlı tədbir keçirilib.
Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü məktəb-liseydə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, sektorun əməkdaşları, “Uşaq səfirlər məclisi”nin Qazax-Tovuz iqtisadi rayonunun regional nümayəndələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, Qazax rayonu üzrə ümumtəhsil məktəblərinin şagirdləri, Uşaq Birliyi Təşkilatının rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Uşaq səfirlər məclisi”nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirin aparıcısı, Qazax şəhər M.Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü məktəb-liseyin 10-cu sinif şagirdi Aysu Bəndiyeva tədbiri açıq elan edərək rayon rəhbərliyini və iştirakçıları salamlayıb, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdırıb. Tədbirdə xalqımızın birlik əzmindən yaranan, milli-mənəvi bütövləşmə arzusunu, ümumxalq amallarına sədaqətini təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən söz açılıb. Qeyd edilib ki, taleyin hökmü ilə dünyanın dörd bir yanına yayılmış soydaşlarımızın mütəşəkkil qüvvə kimi formalaşmaq, öz tarixi Vətənləri ilə əlaqələrini sıxlaşdırmaq istəyinin reallığa çevrilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 33 il əvvəl başladılmış həmrəylik hərakatı ilə bağlıdır. Ulu Öndər tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Bu birliyin, həmrəyliyin istinad nöqtəsini və ana xəttini azərbaycançılıq ideyası təşkil etmişdir. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının Azərbaycanı özünün doğma Vətəni hesab etməsinə çalışırdı. O, deyirdi ki, ”Əziz Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”. Ulu Öndər Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq ideyası bu gün milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin uğurları dünya azərbaycanlılarını qəlbən sevindirir, soydaşlarımızı ümumxalq mənafeləri naminə daha sıx birləşməyə, ümid və istinad yeri, ata-baba yurdları olan doğma Vətənin tərəqqisində fəal iştirak etməyə ruhlandırır. Dövlət müstəqilliyini, suverenliyini bərpa edən xalqımız hazırda şərəfli günlərini yaşayır. 44 günlük Vətən müharibəsi müddətində xalqımız bir daha öz rəhbərinin müdrikliyinə və siyasi iradəsinə şahidlik etdi. Həmin günlərdə İlham Əliyevin yenilməz qətiyyəti bütün cəmiyyətimizi qələbəyə kökləndirdi. Məhz Azərbaycan Prezidentinin ortaya qoyduğu nümunə xalqımızı bu müqəddəs savaşda zəfərə apardı. İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanıdır. Bu şanlı tarixi bizlərə yaşatdıqlarına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi altında qəhrəmanlıq göstərən əsgər və zabitlərimizə dərin minnətdarlıq ifadə olunur. Vurğulanıb ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq dörd ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi ürək sözlərini bölüşüb. İcra başçısı ilk növbədə bu gün “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib, baş vermiş hadisəni ürəkağrısı ilə diqqətə çatdırıb. Rayon rəhbəri ölkəmizdə yürüdülən gənclər siyasətindən söz açaraq bu siyasətin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndərin gənc nəslə qayğını heç zaman əsirgəmədiyini vurğulayıb. Rayon rəhbəri əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, gənclərin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən gənclərə qayğı göstərdiyini qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini, hər zaman onlara dəstək olmağa hazır olduğunu bildirib. İcra başçısı qeyd edib ki, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. İcra başçısı Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının və “Uşaq səfirlər məclisi”nin Qazax rayonu üzrə regional nümayəndəliyinin ötən müddət ərzində gördükləri işlərdən, gənclərin rayonda keçirilən tədbirlərdə fəal iştiraklarından, irəli sürdükləri nümunəvi təşəbbüslərdən söz açaraq bütün bunları yüksək qiymətləndirib. Rayon rəhbəri gənclərin bundan sonra da fəallıq göstərəcəklərinə, fəal gənclər olaraq öz töhfələrini verəcəklərinə əminliyini vurğulayıb. Bugünkü tədbirin əhəmiyyətini vurğulayan icra başçısı tədbirin təşkilində əziyyəti olan hər kəsə razılığını ifadə edib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev çıxış edərək 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdırıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. R.Rzayev ölkə Prezidentinin və Birinci vitse-prezidentin təhsil sahəsinə, gənclərə göstərdikləri qayğıdan söz açaraq təhsil işçilərinin onlara olan etimadı əməli işləri ilə doğrultduqlarını söyləyib. 2023-2024-cü tədris ilində Qazax rayonu üzrə Təhsil Sektorunun qazandığı nailiyyətləri diqqətə çatdıran sektor müdiri bu uğurların təməlində dövlətin, ölkə başçısının, rayon rəhbərliyinin təhsil sahəsinə olan qayğısının dayandığını vurğulayıb. R.Rzayev sonda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 5 dekabr 2024-cü il tarixində “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda fəal iştirak etdiklərinə, “Uşaq Səfirlər Məclisi”nin 4 illik fəaliyyəti dövründə ilk dəfə olaraq Qazax rayonunun “Ayın ən fəal rayonu” nominasiyasının qalibi olmasına görə nümayəndələrə minnətdarlığını bildirib.
“Uşaq səfirlər məclisi”nin Qazax rayonu üzrə regional nümayəndəsi, Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Fəxrəddin Civişov çıxış edərək “Uşaq səfirlər məclisi”nin Qazax rayonu üzrə regional nümayəndəliyinin təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunmuş “Həmrəy olaq!” adlı tədbirdə iştirak etdiklərinə görə başda rayon rəhbərliyi olmaqla, bütün iştirakçılara minnətdarlığını bildirib. F.Civişov qeyd edib ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.2-ci bəndinə uyğun olaraq uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda, sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələrək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə 1 iyun 2020-ci il tarixində “Uşaq Səfirlər Məclisi” yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında “Uşaq Səfirlər Məclisi”nin əsas missiyası uşaq hüquqları istiqamətində müvafiq maarifləndirmə işinin aparılması və ya hüquqların pozulması halları ilə qarşılaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etməkdir. Qazax rayonunda təhsil alan fəal məktəblilər arasından təqdim edilmiş namizədlərdən 2 nəfər məktəbli Komitə tərəfindən regional nümayəndə seçilmişdir. Qazax rayonu üzrə “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəsi kimi Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Fəxrəddin Civişov və Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü məktəb-liseyin 10-cu sinif şagirdi Aysu Bəndiyeva rayonumuzu təmsil edirlər. Seçilmiş nümayəndələr istər məktəbdaxili, istər rayondaxili, istərsə də rayondan kənar bir sıra tədbirlərdə aktiv iştirak edirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun keçirildiyini bildirib. Ölkənin bütün şəhər və rayonlarından 13-17 yaş arası uşaqların iştirakı ilə baş tutan Forum zamanı iştirakçıların 7 mövzu üzrə qruplaşaraq müzakirələr apardığını, onları maraqlandıran sualları dövlət rəsmilərinə ünvanlayaraq və əsaslandırılmış təkliflərlə çıxış etdiklərini qeyd edib. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edərək 7 paneldən üçüncüsü olan “Uşaqların internet təhlükəsizliyi” mövzusunda təklif verdiyini söyləyib. Təklifinin “İnternet təhlükəsizliyi” mövzusunda məlumatların sadəcə nəzəri məlumatlarla deyil, oyun və praktik yollarla aşılanması mövzularını əhatə etdiyini, irəli sürdüyü sözügedən təklifin 3-cü panel üzrə ən yaxşı 3 təklifdən 2-cisi olduğunu vurğulayıb. “Uşaq Səfirlər Məclisi”nin Qazax-Tovuz iqtisadi rayonu üzrə “Ekologiya tədbirlər silsiləsi” çərçivəsində 2 (ən çox) tədbiri təqdim olunduğunu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın imzası olan Sertifikat qazandığını qeyd edib. F.Civişov “Uşaq Səfirlər Məclisi”nin 4 illik fəaliyyəti dövründə ilk dəfə olaraq Qazax rayonunun “Ayın ən fəal rayonu” nominasiyasının qalibi olduğunu, bu uğurun özünün nümayəndəlik dövrünə düşdüyü üçün sevindiyini söyləyib. Hazırda Qazaxda “Uşaq Səfirlər Məclisi”nin 34 nəfər üzvü olduğunu və onların silsilə tədbirlər həyata keçirdiklərini diqqətə çatdırıb. Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən “Həmrəy olaq!” adlı tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu qeyd edərək iştiraklarına görə rayon rəhbərliyinə və bütün iştirakçılara bir daha razılığını ifadə edib.
“Uşaq səfirlər məclisi”nin Ağstafa rayonu üzrə regional nümayəndəsi, Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Aytac Məmmədova, “Uşaq səfirlər məclisi”nin Tovuz rayonu üzrə regional nümayəndəsi, Tovuz rayon Yusiq Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Mirhəşim Məmmədli çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilmiş tədbirdə iştirak etməkdən, Qazaxda olmaqdan məmnunluq hissi duyduqlarını söyləyiblər. “Bu gün bu tədbiri keçirməkdə əsas məqsədimiz həmrəylik duyğusunu gələcəyimiz olan gənclərə aşılamaqdır. Dünya azərbaycanlıları bir-birindən uzaqda və aralı yaşasalar da hər zaman dəstək, həmrəylik nümayiş etdirirlər. Biz gənclərin də əsas borcu odur ki, bizlər də bizdən sonra gələn nəsillərə bu həmrəyliyi ötürə bilək. Bu cür tədbirlərin təşkil edilməsi məhz gələcək əlaqələrin qurulmasında mühüm rol oynayır”, - söyləyən gənclər bugünkü tədbirin ərsəyə gəlməsində əziyyəti keçən insanlara minnətdarlıqlarını bildiriblər.
Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi təbriklərini çatdırıb. “Uşaq səfirlər məclisi”nin Qazax rayonu üzrə regional nümayəndəliyinin fəaliyyətinə uğurlar arzulayıb. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə gənclərə olan qayğısını, dəstəyini rayon rəhbərliyi tərəfindən göstərilən qayğının timsalında hər zaman hiss etdiklərini diqqətə çatdırıb. Şura gəncləri olaraq daim onlara olan etimadı əməli fəaliyyətləri ilə doğrultmağa, gördükləri işlərlə, layihələrlə, təşəbbüslərlə nümayiş etdirməyə çalışdıqlarını söyləyib.
Tədbirdə “Uşaq səfirlər məclisi”nin Ağdam rayonu üzrə regional nümayəndəsi Calal Abdullayevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu səsləndirilib.
Tədbirdə 5 dekabr 2024-cü il tarixdə Bakı şəhərində keçirilmiş “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Civişov Fəxrəddin Ərəstun oğlu fəal iştirak etdiyinə görə onun sinif rəhbəri Mehdiyeva Mətanət Alı qızı və Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-Liseyin 10-cu sinif şagirdi Bəndiyeva Aysu Hümbət qızı fəal iştirak etdiyinə görə onun sinif rəhbəri Məmmədova Gülşən Elşən qızı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təltif olunublar. Məktəblilərə isə hədiyyələr təqdim edilib.
Facebook-da paylaş