Şura gənclərinin təcrübə proqramı çərçivəsində dövlət müəssisələrinə olan səfərləri bu gün başa çatıb
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri rayonda fəaliyyət göstərən dövlət müəssisələrinə səfər edərək onların iş prinsipləri ilə yaxından tanış olurlar.
Şura Gənclərinin təcrübə proqramı çərçivəsində növbəti səfərləri baş tutub. Dekabrın 21-də baş tutan ekskursiyada Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanov, Şuranın sədri Pəri İbrahimova və şura üzvləri iştirak ediblər.
Öncə Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində şura gəncləri üçün səfər təşkil edilib. Səfər zamanı kitabxananın əməkdaşları gəncləri kitabxana ilə yaxından tanış ediblər. Gənclər kitabxana fondu və oxu zalında olublar. Bir-birindən rəngarəng kitablar dünyası olan kitabxana gənclərdə böyük maraq və sevinc yaradıb.
Daha sonra Şura gəncləri Ədəbiyyat Muzeyinə səfər ediblər. Səfər zamanı Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal gəncləri muzeydə nümayiş olunan zəngin eksponatlar və ədəbiyyat nümunələri ilə tanış edib. B.Vüsal gənclərə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların yaradıcılığı və bu əsərlərin mədəniyyətimizə verdiyi töhfələr haqqında maraqlı məlumatlar verib. Əsas diqqət klassik və müasir ədəbiyyatın inkişaf mərhələlərinə, eyni zamanda həmin dövrlərdə yazılmış əsərlərin milli dəyərlərimizdəki roluna yönəldilib.
Qazax Rayon Mərkəzi Xəstəxanasına səfər zamanı isə gənclər xəstəxananın fəaliyyəti, tibbi avadanlıqlar və təqdim edilən xidmətlər haqqında məlumat alıblar. Xəstəxana əməkdaşı gənclərə tibbi personalın peşəkarlığı, yerli sakinlərə göstərilən tibbi xidmətlərin keyfiyyəti və xəstəxanada tətbiq olunan yeniliklər haqqında ətraflı məlumat verib. Gənclər sağlam həyat tərzinin əhəmiyyəti, ilkin tibbi yardımla bağlı maarifləndirilərək bəzi tibbi prosedurların nümayişini izləyiblər. Təl-tək otaqlarla tanış olub, binanı kəşf ediblər.
Növəti dayancaq olaraq Şura gəncləri “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər ediblər. Bu səfər zamanı gənclər qədim tarixi və mədəni irsimizlə yaxından tanış olmaq imkanı qazanıblar. Qoruq əməkdaşları onlara Avey dağının tarixi əhəmiyyəti, burada aparılan arxeoloji qazıntılar və tapılmış eksponatlar barədə məlumat veriblər. Gənclərimizlə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi barədə maarifləndirici söhbətlər aparılıb.
Şura gəncləri “Saloğlu” Mebel Fabrikinə də səfər ediblər. Səfər zamanı fabrik rəhbərliyi və əməkdaşları gənclərə mebellərin istehsal prosesi, fabrikin fəaliyyət prinsipləri və yerli istehsalın əhəmiyyəti haqqında ətraflı məlumat veriblər. Gənclər mebelin dizayn mərhələsindən başlayaraq istehsal prosesinə qədər bütün detallarla tanış olublar. Onlara fabrikin yüksək texnologiyalarla təchiz olunmuş avadanlıqları, istifadə olunan xammal və keyfiyyətə nəzarət prosesi nümayiş etdirilib. Eyni zamanda, yerli istehsalın ölkə iqtisadiyyatına töhfələri barədə maarifləndirici müzakirələr aparılıb.
Bu səfərlər gənclərin müxtəlif sahələrdə məlumatlılığını artırmaqla yanaşı, onların şəxsi inkişafına mühüm töhfə verib. Gənclər səfərlərdən məmnun qaldıqlarını bildirərək, bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Gənclər səfərlərin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və əziyyəti keçən hər kəsə minnətdarlıqlarını bildiriblər. Onlara yaradılan imkana görə idarə, müəssisə və təşkilat rəhbərlərinə, əməkdaşlarına razılıqlarını ifadə ediblər.
Facebook-da paylaş