• Təqvim

  • Maraq



İcra başçısı "Sağlam gələcək bizimlə gələcək!" adlı layihənin icrası ilə bağlı görüləcək işlərlə maraqlanıb


Məlumat üçün qeyd edək ki, bir qrup Qazax rayon müəllimi və məktəbliləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olublar. O cümlədən, Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin Fizika müəllimi Şərifova Nuranə Famil qızı da "Sağlam gələcək bizimlə gələcək!" adlı layihənin qalibi olub. 

Dekabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov layihə rəhbəri Nuranə Şərifovanı və layihə icraçısı Tahirə Xasməmmədovanı qəbul edib, layihənin məqsəd və məramı ilə maraqlanıb. 

İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, digər aidiyyəti şəxslər iştirak ediblər. 

Layihə icraçısı Tahirə Xasməmmədova rayon rəhbərliyinə ətraflı məlumat verərək bildirib ki, sözügedən layihə yaşıllığın təbliği ilə bağlı COP 29-a həsr olunub. 4 ay müddətində davam edəcək layihədə 8, 9 və 10-cu sinif şagirdlərinin iştirakı nəzərdə tutulub. Layihədə təbiəti qorumaqla yanaşı, Qazax rayonu ərazisində təmizliyə dəstək olaraq şagirdlər yaşıdlarını məlumatlandırıb, eyni zamanda maşından daha az istifadə üçün “Bir gün maşınsız” devizi ilə Qazaxda velosipedi təbliğ etmək nəzərdə tutulur. Məqsəd havanın çirkləndirilməsinin qarşısını almaqdır. Eyni zamanda qış ərzində yeyilən meyvələrin çəyirdəklərini yaz mövsümündə təbiətə təşkil olunmuş gəzintilərdə əkmək öhtəliklərdəndir.


Layihənin şərtlərinə uyğun olaraq təbiətin qorunması, daha çox oksigen, maşınlardan daha az istifadə, sağlam olmağın yolları, velosiped sürməyin əhəmiyyəti kimi başlıqlarla Qazax şəhərində, mərkəzi bazarda aksiya keçirmək nəzərdə tutulur. Aksiyada şagirdlər ətraf mühitin təmizliyi ilə bağlı şüarlarla iştirak edəcək, məktəblilər tərəfindən satıcılara bazar və onun ətrafının zibillənməməsi üçün xüsusi sellofan paketlər təklif olunacaqdır. Bununla yanaşı, layihənin tələbinə uyğun olaraq şagirdlər 28 saylı Yol İstismarı İdarəsinin əməkdaşları ilə görüşərək onlarla velosiped yollarının Qazaxda çəkilməsinin mümkünlüyü haqqında məlumat alacaqlar. Layihənin son günü Didivan gölünə şagirdlərin iştirakı ilə veloyürüş nəzərdə tutulur. 

Görüşdə layihənin icrası ilə bağlı nəzərdə tutulan işlər müzakirə olunub, fikir mübadiləsi aparılıb. Rayon rəhbərliyi tərəfindən layihənin icrası ilə bağlı görülməsi nəzərdə tutulan işlərlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. 

Sonda layihə rəhbərləri məktəblilərə göstərdiyi qayğıya, layihələrinin icrası üçün verdiyi dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



Facebook-da paylaş