Qazaxda “Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı” mövzusunda gənclərlə görüş keçirilib
Dekabrın 24-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı” mövzusunda gənclərlə görüş keçirilib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Bölməsinin müdiri Elvira Əfəndiyeva, kollecin müəllimləri Aysel Çobanova və Nurlanə Abbasovanın təşkilatçılığı ilə təşkil olunmuş görüşdə ictimai fəal gənclər iştirak ediblər.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək əlçatmaz bir zirvədə olduğunu bütün bəşəriyyətin təsdiq etdiyi, dahiliyi, müdrikliyi ilə illər keçdikcə xatırlanacaq, tariximizin ən şanlı səhifələrində özünə əbədilik qazanmış əsl millət atası Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ilinin uğurlarını, Azərbaycanın böyük bir salnaməsinə dönmüş güclü iqtisadiyyat, dinamik inkişaf, zəfər və nailiyyətlərlə dolu səhifələrini özündə əks etdirən “Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı” mövzusunda mühazirə oxuyub. C.Hüseynova bildirib ki, şərəfli ömür yolunu ölkəmizin inkişafına və tərəqqisinə həsr etmiş millət atası Heydər Əliyev nəhəng siyasətçi, müdrik dövlət xadimi, unikal hakimiyyət ustadı, xariqüladə şəxsiyyət idi. Bu gün siyasi baxışlarından, ictimai mənşəyindən asılı olmayaraq hər bir vətəndaş son illərin Heydər Əliyev siyasəti ilə bağlı olduğunu birmənalı etiraf edir. Çünki tarix və zaman sübut edir ki, yalnız Heydər Əliyev siyasəti Azərbaycanın gələcək uğurlarının qarantıdır. Bu gün cismən sıralarımızda olmasa da onun yandırdığı əbədi məşəl bir mayaka çevrilib bələdçimiz olur, bizi dövlətimizin tərəqqisi naminə yeni-yeni zəfərlərə aparır, imzalar içində imzamızı, bayraqlar içində bayrağımızı tanıdır. Onun apardığı uğurlu diplomatiya sayəsində bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə müdrik siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır.
Görüş Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimləri Aysel Çobanova və Nurlanə Abbasovanın hazırladıqları “Sən özün bir memarsan!” adlı videoçarxın nümayişi sona çatıb.
Facebook-da paylaş