Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı” mövzusunda gənclərlə görüş keçirilib

Qazaxda “Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı” mövzusunda gənclərlə görüş keçirilib


Dünən, 20:30


Dekabrın 24-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı” mövzusunda gənclərlə görüş keçirilib. 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Bölməsinin müdiri Elvira Əfəndiyeva, kollecin müəllimləri Aysel Çobanova və Nurlanə Abbasovanın təşkilatçılığı ilə təşkil olunmuş görüşdə ictimai fəal gənclər iştirak ediblər. 


Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Bölməsinin müdiri Elvira Əfəndiyeva görüşü giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Heydər Əliyev Mərkəzinin əməkdaşlarının bu cür tədbirlərini yüksək qiymətləndirib.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək əlçatmaz bir zirvədə olduğunu bütün bəşəriyyətin təsdiq etdiyi, dahiliyi, müdrikliyi ilə illər keçdikcə xatırlanacaq, tariximizin ən şanlı səhifələrində özünə əbədilik qazanmış əsl millət atası Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ilinin uğurlarını, Azərbaycanın böyük bir salnaməsinə dönmüş güclü iqtisadiyyat, dinamik inkişaf, zəfər və nailiyyətlərlə dolu səhifələrini özündə əks etdirən “Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı” mövzusunda mühazirə oxuyub. C.Hüseynova bildirib ki, şərəfli ömür yolunu ölkəmizin inkişafına və tərəqqisinə həsr etmiş millət atası Heydər Əliyev nəhəng siyasətçi, müdrik dövlət xadimi, unikal hakimiyyət ustadı, xariqüladə şəxsiyyət idi. Bu gün siyasi baxışlarından, ictimai mənşəyindən asılı olmayaraq hər bir vətəndaş son illərin Heydər Əliyev siyasəti ilə bağlı olduğunu birmənalı etiraf edir. Çünki tarix və zaman sübut edir ki, yalnız Heydər Əliyev siyasəti Azərbaycanın gələcək uğurlarının qarantıdır. Bu gün cismən sıralarımızda olmasa da onun yandırdığı əbədi məşəl bir mayaka çevrilib bələdçimiz olur, bizi dövlətimizin tərəqqisi naminə yeni-yeni zəfərlərə aparır, imzalar içində imzamızı, bayraqlar içində bayrağımızı tanıdır. Onun apardığı uğurlu diplomatiya sayəsində bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə müdrik siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətində “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”- deyəndə də xalq-dövlət birliyi özünü sübut etdi, seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevin lehinə səs verərək Əliyev siyasətini dəstəklədi. Ötən 20 il aydın şəkildə göstərdi ki, İlham Əliyev verdiyi bütün vədlərin hamısını yerinə yetirdi. Onun diplomatiyası Azərbaycanımızı güclü və qüdrətli dövlətə çevirdi. Güclü xalq, güclü dövlət və güclü lider vəhdəti ilə düşmənə qalib gəldik, möhtəşəm Zəfərə imza atdıq. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.  Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərin müəllifinə çevrildi. Beynəlxalq əməkdaşlığın yeni formatı yarandı, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri oldu, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaratdı, Azərbaycan “kosmosu fəth etdi”, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrildi, Azərbaycan öz suverenliyini bərpa etdi, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Bütün bunlar son illərin uğurlu siyasətinin reallıqlarıdır. Hər il öz sevincli günlərini xalqının yanında, öz həmvətənləri ilə keçirdi, sevincli günlərini xalqı ilə bölüşdü. Ad günlərində Prezident İlham Əliyev  sosial obyektlərin açılışında iştirak etdi, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşdü. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirdi. Bu isə Azərbaycanın möhkəm təməllər üzərində qurulmuş dövlət müstəqilliyinin hələ neçə nəsillər boyunca daha da zirvələrdə xalq-lider həmrəyliyi ilə tərəqqisinə aparan yolun başlanğıcıdır. Heydər Əliyev ideyalarından güc alan bir siyasi yolun başlanğıcı. Bu yolda hər birimiz müsəlləh əsgər kimi dövlətimizin, dövlətçiliyimizin, liderimizin yanındayıq. 

Görüş Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimləri Aysel Çobanova və Nurlanə Abbasovanın hazırladıqları “Sən özün bir memarsan!” adlı videoçarxın nümayişi sona çatıb. 


Geri qayıt