İcra başçısı Birinci Qarabağ müharibəsi şəhidi Adil Məmmədovun atasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib
Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq Şəhidlik adlı uca zirvəyə yüksəlməkdir. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, Milli Qəhrəmanlarını, şəhidlərini, tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə ağır yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran igid oğullarımızdan biri də şəhid Məmmədov Adil Əhməd oğludur.
Məmmədov Adil Əhməd oğlu 13 oktyabr 1975-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1982-ci ildə (Əli Bayramlı kənd) hazırki Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1992-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 9 fevral 1994-cü ildə Füzuli rayonunda döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Dekabrın 26-da qəhrəman şəhidimizin atası Məmmədov Əhməd Həmzə oğlu dünyasını dəyişib. Şəhid atasının dəfn mərasimi olub, o, bu gün Aslanbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Aslanbəyli kəndində şəhidimizin ata ocağında olub. İcra başçısı Rəcəb Babaşov mərhum Əhməd Məmmədovun vəfatından kədərləndiyini bildirib, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib.
Facebook-da paylaş