İcra başçısı ötən gün dünyasını dəyişən Birinci Qarabağ müharibəsi əlili Tahir Əliyevin hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları qəhrəmanlıqları ilə hər zaman tarix yazıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu isə torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ döyüşlərində sağlamlığını itirən qəhrəman oğullarımızdan biri də İkinci Şıxlı kəndinin igid oğlu 2-ci dərəcəli Birinci Qarabağ müharibəsi əlili Əliyev Tahir Əşrəf oğludur.
Tahir Əliyev 28 iyun 1964-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi bitirmişdir. 1992-1997-ci illərdə Qazax bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 2-ci dərəcəli Birinci Qarabağ müharibəsi əlili idi.
Dekabrın 21-də onkoloji xəstəlikdən dünyasını dəyişən qazimiz İkinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub. İgid Vətən oğlunun bu gün yeddi mərasimi olub. Bu gün Tahir Əliyev bizim aramızda olmasa da o, bizim qəlbimizdə əbədi yaşayacaq.
Dekabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə İkinci Şıxlı kəndində qazimizin evində olub, keçirilən yeddi mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov mərhum Tahir Əliyevin vəfatından kədərləndiyini bildirib, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. “Özümə borc bildim ki, bu gün qazimizin yeddi mərasimində iştirak edim”, - deyən rayon rəhbəri bütün qazilərimiz kimi, Tahir Əliyevin də unudulmayacağını, daim ehtiramla anılacağını söyləyib.
Facebook-da paylaş