İnkişaf və tərəqqinin başlandığı tarix... 3 oktyabr 1993-cü il...
Azərbaycanın müasir tarixində qurtuluşun, tərəqqinin, inkişafın başlandığı gün. Xalqın öz müqəddəratını həll edərək uğurlu gələcəyə imza atdığı gün. Dövlət müstəqilliyini bərpa etmiş ölkəmiz 1991-1993-cü illərdə özünün ən keşməkeşli günlərini, müasir tariximizdə hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrünü yaşayırdı. Ermənistanla müharibə şəraiti, ərazilərimizin işğalı, soydaşlarımızın qaçqın və məcburi köçkünə çevrilməsi, tarixi ərazilərimizin talan edilməsi, ölkədə dövlətin başında səriştəsiz insanların kreslo davası fonunda bütün bu hadisələrə biganəliyi, tüğyan edən xaos, hərc-mərclik, vətəndaş qarşıdurması, güclü xarici hərbi-siyasi və iqtisadi təzyiqlər, mənəvi təzyiqlər, sapı özümüzdən olan baltaların xəyanəti Azərbaycanı daxildən parçalamağa hesablanmışdı. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər məhz həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Bütün bu hadisələr xalqın oyanışının, milyonlarla insanın milli-mənəvi birliyinin başlanğıcı oldu. Belə ki, bu vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görür, təkidlə Vətənin ümid çırağı, yeganə nicat yeri Heydər Əliyevi tələb edir, hətta dövlət rəhbərliyindəki idarəçilikdən uzaq, dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istəyərək dahi şəxsiyyətin Bakıya gəlməsini istəyirdilər.
1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etdilər. Heydər Əliyev həmin ərəfələrdə ermənilərin və onların havadarları olan Rusiya hərbçilərinin hərbi-siyasi və iqtisadi blokadasında olan doğma Naxçıvanda Vətəni və xalqı üçün azadlıq və müstəqillik yolunda ilk addımlarını ataraq diyarın dirçəldilməsi yolunda tarixi xidmətlərini həyata keçirirdi. Hər zamankı kimi xalqın çağırışına biganə qalmayaraq 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və qiyamın qarşısını aldı. Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gəlməsi, dahi şəxsiyyətin öz xalqına, millətinə, Vətəninə sədaqət, fədakarlıq göstərərək növbəti tənəzzüldən qurtuluş idi. Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Qurtuluşa aparan yolun ilk pilləsi isə 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olundu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
Ölkənin və xalqın ən ağrılı anında xilaskarlıq missiyasını yerinə yetirmiş Ulu Öndər Heydər Əliyev andiçmə mərasimindəki nitqində demişdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Doğrudan da Heydər Əliyev ömrünün qalan hissəsini də öz canından artıq sevdiyi xalqına həsr etdi. Dövlətimizi müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi, xalqımızı firavan, sabit bir gələcəyə apardı, güclü, dünyada tanınan bir dövlət yaratdı. Və banisi olduğu müstəqil Azərbaycanı özündən sonra yaşadacaq, inkişaf etdirəcək savadlı siyasi kadr yetişdirərək ona əmanət etdi. Bu gün dövlətimiz Ulu Öndərin siyasi ideyaları əsasında uğurla inkişaf etdirilməkdədir. Bu gün dövlətimiz dünyada qalib, öz torpaqlarını 30 illik işğaldan azad edən, Zəfər çalmış bir dövlətdir. Bu yolda hər birimiz siyasi liderimizin yanındayıq və Onunla həmrəyik.
Ceyhunə HÜSEYNOVA,
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş