Qazaxda icra başçısı Ağköynək kəndində yeni asfalt örtüyü döşənən Cabir Hüseynov küçəsində görülmüş işlərlə tanış olub - FOTOLAR
Prezident İlham Əliyevin rəhbərliyi altında son illər "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra rayonda aparılan abadlıq işləri bunun bariz nümunəsidir. Görülmüş işləri şəhərin prospekt və küçələrinin asfaltlanmasından, səkilərə yeni tamet, bardür düzülməsindən, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasından, küçələrin işıqlandırılmasından aydın şəkildə görmək olur.
Təqdirəlayiq hal odur ki, şəhərin Heydər Əliyev prospektində, bir neçə küçədə, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılıb, asfalt örtüyü vurularaq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Rayonda aparılan abadlıq işləri uğurla davam etdirilir. Bu gün də şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.
Ötən yazımızda Qazax rayonunda daha 4 küçəyə - şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşənəcəyi barədə məlumat vermişdik. Artıq sözügedən küçələrdən birinə - Ağköynək kəndində yerləşən Cabir Hüseynov küçəsinin asfaltlanmasına başlanılıb.
Dekabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni asfalt örtüyü döşənən küçədə görülmüş işlərlə tanış olub. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sakinlər yaşadıqları küçədə yeni asfalt örtüyünün vurulmasını dövlətin, ölkə başçısının onlara yeni il qabağı bayram töhfəsi kimi qiymətləndirirlər. Bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıq ifadə olunur.
Facebook-da paylaş