“Beynəlxalq öhdəlikləri icra edən Azərbaycan”
Azərbaycan 2011-ci
ildə Qoşulmama Hərəkatına üzv olmuş, 2019-cu ildən isə bu hərəkata sədrlik
etməyə başlamışdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi üç illik
dövrü çox əhəmiyyəti ilə seçilir. Çünki bu dövr tarixdə pandemiya, qlobal və
regional münaqişələr, müharibələr ilə yadda qaldı. Azərbaycan Respublikası
Qoşulmama Hərəkatına sədrlik edən ölkə olaraq pandemiyaya qarşı qlobal səylərin
səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Dövlətimiz
öz humanitar missiyasını məsuliyyətlə icra edərək pandemiya ilə mübarizə
sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə
humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki,
bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.
Sədrliyi dövründə Azərbaycan digər beynəlxalq təsisatlarla körpülərin
yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri
Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına
üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının
keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan
Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması,
beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində
birgə səylər göstərməkdə davam edəcək. Pandemiyadan sonra bərpa mərhələsinə
dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi
baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının
keçirilməsi faydalı ola bilər. Pandemiyadan irəli gələn çətinliklərin
mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra
qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü
ilə çıxış edilməsi məqsədəmüvafiq olardı. Azərbaycan Qoşulmama Hərəkatı
çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin,
nüfuzunun daha da gücləndirilməsi sahəsində səylərini daha da artırmaqda davam
edəcəkdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası
çərçivəsində çıxışı zamanı bildirmişdir ki, Qoşulmama Hərəkatının 120 üzvünün
yekdil qərarı ilə Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş dövlət
və hökumət başçılarının 18-ci Zirvə toplantısında üç il ərzində Hərəkata
sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq
hüquq normalarının təmin edilməsini, habelə Hərəkata üzv dövlətlərin legitim
maraqlarını güclü şəkildə müdafiə edir. Bu il Hərəkata üzv dövlətlər
Azərbaycanın sədrliyini daha bir il - 2023-cü ilin sonuna qədər uzadılmasına
dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya üçün çətin bir dövrdə
Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və
yüksək qiymətləndirilməsinin əlamətidir. Azərbaycan dünyada
2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim
edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf
Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan
Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı
İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Hesabatda
Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək
bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet
istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin
rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı
sahələrində əldə etdiyi tərəqqi vurğulanır. Azərbaycan Şərq-Qərb,
Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə
layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və
etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bakı Beynəlxalq
Ticarət Limanı istifadəyə verilib ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona
bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla
bilər. Azərbaycan Paris İqlim
Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə
qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz
azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Bununla yanaşı, Paris
Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanları
araşdırılır. Hazırda ölkənin ümumi
enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. 2030-cu
ilə qədər bu rəqəm 30 faizə çatdırılmalıdır. Növbəti 3-4 il ərzində ümumi gücü
700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına
sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr
imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın
işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240
meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş
ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır. Bu gün ölkəmiz tarixi
günlərini yaşayır. Tarixi ədaləti qürur hissi ilə bərpa edərək, böyük zəfərin
təntənəsini qeyd etdik. 28 ildən sonra düşməndən azad edilən və tariximizdə
xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini
səbirsizliklə gözləyir. Sözsüz ki, indi ən əsas məqamlardan biri də qələbənin
əbədiləşdirilməsi üçün öz doğma yurdlarından məcburi köçkün düşən
soydaşlarımızın doğma yurdlarına qayıdışının təmin olunmasıdır. Ermənilərin
işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir
texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.
İşğaldan azad olunan rayonların bərpası sistemli şəkildə həyata keçirilir. Belə
ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, birinci mərhələdə dəymiş
ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası
həyata keçiriləcək. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün
şəraitin yaradılması və evlərin tikilməsi reallaşdırılacaq. Ölkə Prezidenti
həmçinin qeyd edib ki, Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur Yaşıl Enerji
Zonasıdır. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi
və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji
potensialı var. Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə
elektrik enerjisinin ixracatçısına çevrilib. Bu gün Azərbaycan dörd qonşu
ölkəyə elektrik enerjisi ixrac edir. Azərbaycan xalqı öz kökünə, tarixinə,
dilinə və ənənələrinə olduqca bağlı bir xalqdır. Dahi Azərbaycan şairi Nizami
Gəncəvinin 880 illik yubileyi münasibətilə cari il "Nizami Gəncəvi İli” elan
edilmişdir. XII əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh,
ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq
və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür. Azərbaycanda multikulturalizm
ənənələri bir həyat tərzi olaraq qorunur və dəstəklənir. Azərbaycan dünyada
tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc
birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə
başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın
gücləndirilməsi məqsədini daşıyan "Bakı Prosesi” BMT tərəfindən güclü şəkildə
dəstəklənir. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm
olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu
"mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq
tanınır. Samirə VƏLİYEVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Facebook-da paylaş