Prezident İlham Əliyev: “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir”
Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində
BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri
İlham Əliyev iclasda videoformatda çıxış edib. Ölkə Prezidenti Qoşulmama Hərəkatına üzv dövlətlərin
adından çıxış edərək bildirib ki: "Azərbaycan Respublikası 120
ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir.
2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları
səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz
üzərinə götürmüşdür”. Ölkə
başçısı bildirib ki: "İnsan hüquqlarının pozulması, maliyyə böhranları və
ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar
ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil
cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə
davam edir. Beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan
səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının
rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun
gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə
olunması üçün səylərin göstərilməsini vacib hesab edir”. Dövlət
başçısı qeyd edib ki: "Yaranmasının 75-ci ildönümündə biz BMT-nin
gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması,
beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli,
şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik
Şurasında islahatların aparılmasına çağırırıq. BMT universal üzvlüyü təmin edən
yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması
məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən
BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir”. Ölkə Prezidenti
bildirib ki: "Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq
hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə
bağlı ciddi narahatlığını vurğulayır. BMT çərçivəsində çoxtərəfli qərar qəbul
olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların
aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir. Bu il Qoşulmama
Hərəkatı üçün də əlamətdardır, çünki biz Hərəkatın təməl prinsiplərini özündə əks
etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyini qeyd edirik. Qəbul
edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri
Soyuq müharibə dönəmində istiqamətləndirmişdir”. Azərbaycan adından çıxış edən ölkə Prezidenti İlham Əliyev bildirib ki: "Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər
Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir. Təqribən 30 illik
müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail
olmuşdur”. Dövlətimizin başçısı çıxışında Ermənistanın işğalçı dövlət olmasından da
danışıb. Qeyd edib ki: "Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər
hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən
və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini
kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan
Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan
silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də
bu qətnamələrə məhəl qoymamaqda davam edir”. Prezident bildirib
ki: "Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə
həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı
soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq
normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata
keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və
dini abidələri məhv edib”. Ölkə başçısı Ermənistanın mülki əhalini hədəf seçməsindən də söz açıb.
Bildirib ki: "Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan
sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Azərbaycanın
Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və
bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu”. Ölkə rəhbəri Ermənistanın sülh prosesində iştirak etmədiyini bildirərək qeyd
edib ki: "Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin
vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə
pozur. Onun "Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir.
O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli
sürülmüş qəbuledilməz "yeddi şərti” tərəfimizdən rədd edilmişdir”. Ölkə Prezidenti
onu da vurğulayıb ki: "Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda
iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış
mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin
yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə
naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”. Prezident qeyd
edib ki: "Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur
nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi
ideologiyasında "Azərbaycanofobiya” siyasəti hökm sürür. Milli təhlükəsizlik
strategiyasında irqçi, şovinist və "Azərbaycanofob” fikirlər əks olunub. Təxribatların
baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi
rəhbərliyinin üzərinə düşür”. Dövlət başçısı vurğulayıb ki: "Ermənistan-Azərbaycan
münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik
Şurasının qətnamələri əsasında həll edilməlidir”. Ölkə rəhbəri
bildirib ki: "Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz 155
dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilmişdir. Bundan əlavə, hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi
ilə Qoşulmama Hərəkatına sədrlik edir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı
onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında
keçirildi. Zirvə görüşündə mən Qoşulmama Hərəkatı adından BMT Baş
Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində
Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüsü 130-dan
çox ölkə dəstəklədi”. Bu gün Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə
kimi göstərilir. Bu barədə danışan ölkə başçısı qeyd edib ki: "Həyata
keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət
altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı
nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon
dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan
30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib”. Ölkə başçısı
bildirib ki: "Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol
oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir.
2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış "Bakı Prosesi” mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. 2016-cı ildə BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan
əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi
Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa
mühüm töhfə olmuşdur”. Azərbaycan demokratiya yolunda uğurla addımlayır. Bunu ölkə başçısının öz
çıxışında vurğulaması bir daha aydın şəkildə göstərir. Ölkə rəhbərinin də qeyd
etdiyi kimi: "Azərbaycan sabit, müasir və demokratik ölkədir.
Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca
prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə
azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin
inkişafı tam şəkildə təmin edilir”. Dövlət başçısının da vurğuladığı kimi bu gün Azərbaycan iqtisadiyyatı da inkişaf
edir. Prezident İlham Əliyev bildirib ki: "Azərbaycanın
iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə
artmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş
Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən
azsaylı ölkələrdən biridir. "2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer
almış "Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında
54-cü yerdədir. Əminəm ki,
hazırkı müzakirələrimiz zamanı biz multikulturalizmin
və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyik. Azərbaycan
BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və
nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır”. GOYEZEN.AZ
Facebook-da paylaş