Bəşəriyyəti düşünən Lider
Möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin xalqımızın xoşbəxtliyi naminə qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər hamımızın ürəyincədir. Ötən müddət ərzində Prezidentimizin ölkəmizin inkişafı naminə gördüyü işlər barədə saatlarla, günlərlə danışmaq olar. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Prezident İlham Əliyev respublikanın yüksəlişinə xidmət edən siyasi kursunu böyük qətiyyətlə, müdrikliklə, uzaqgörənliklə həyata keçirir. Azərbaycan dünyanın bir parçası olduğundan yaranmış vəziyyət respublikamızı ciddi sınaq qarşısında qoydu. Lakin bu gün dünyada koronavirusla qətiyyətli mübarizə aparan ölkələrin arasında Azərbaycanın adı birincilər sırasında gəlir. Eyni zamanda respublikamız COVID-19-la qlobal mübarizəyə də mühüm töhfələr verir. Bu infeksiyanın yaratdığı pandemiya reallığı ilə əvvəllər heç bir ölkə qarşılaşmayıb. Odur ki, koronavirus pandemiyası indi hamımız üçün ümumi bəla və ümumi imtahan sayılır. Genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq vəziyyəti sabitləşdirmək hələ ki, mümkün olmayıb. Bəzi mütəxəssislərin haqlı olaraq qeyd etdiyi kimi bu, sadəcə pandemiya deyil, bəşəriyyətə qarşı başlanmış silahsız, əsgərsiz müharibədir. Həyata keçirilən səmərəli tədbirlər nəticəsində ilkin mərhələdə Azərbaycan koronavirusla mübarizədə uğurlu nəticələr əldə etdi. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məsələyə ilk gündən həssas reaksiyaları, həyata keçirilən tədbirlər göstərdi ki, Azərbaycan dövləti insanların sağlamlığı üçün lazım olan bütün addımları atır.
Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il may ayının 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun da COVID-19 pandemiyası ilə bağlı Zirvə görüşü onlayn keçirildi. Yada salaq ki, Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirir və BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat sayılır. Belə bir qurumun pandemiya mövzusuna Zirvə görüşü həsr etməsi tarixi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə təşkil edilmiş Zirvə görüşünün tarixi rolunu, qlobal faydalarını şərtləndirən həm də о idi ki, burada təkcə Qoşulmama Hərəkatına üzv dövlətlərin rəhbərləri yox, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak edirdilər.
Elə Azərbaycan Prezidenti cənab İlham Əliyev qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifini də Qoşulmama Hərəkatının Zirvə görüşündəki onlayn çıxışı zamanı irəli sürdü. Bu, onu göstərirdi ki, artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deyə bilən, öz təkliflərini irəli sürə bilən, öz təşəbbüsləri ilə dünya ölkələrini birliyə və bərabərliyə səsləyən bir dövlət statusuna sahibdir. Dünya ölkələrinin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Cənab Prezidentin təşəbbüsünün yüzlərlə ölkənin yekdilliklə qəbul etməsi ölkəmizin beynəlxalq nüfuzu üçün də olduqca mühüm hadisədir.
Prezidentimizin bu təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edildi. Qərarın qəbuluna dünyanın 130 dövlətinin dəstək verməsi bir tərəfdən Azərbaycan Prezidentinin təklifinin qlobal əhəmiyyətini, digər tərəfdən beynəlxalq ictimaiyyətin ölkəmizə, dövlət rəhbərimizə olan böyük inamının göstəricisidir. Bütün bunlar Azərbaycan Prezidentinin beynəlxalq miqyaslı problemlərin aradan qaldırılması yönündə irəli sürdüyü ilk təşəbbüslər deyil. Etiraf etməliyik ki, bu gün Azərbaycan dünyanın əsas ölkələrindən, cənab İlham Əliyev isə qlobal aləmin aparıcı liderlərindəndir.
Bütün dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda cənab İlham Əliyevin qəbul etdiyi məqsədyönlü qərarlar sayəsində Azərbaycan bu ağır xəstəlik qarşısında aciz qalmır. Yeni xəstəxanalar, tibb ocaqları tikilir, bir sözlə, vətəndaşların sağlamlığının qorunması istiqamətində əməli işlər görülür. Xalqımız əmindir ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti daha da inkişaf edəcək, xalqımız xoşbəxt yaşayacaqdır.
Əminliklə deyə bilərik ki, cənab İlham Əliyev öz müdrikliyi ilə təkcə öz ölkəsini deyil, bütün bəşəriyyəti düşünən bir Liderdir.
Həmid PƏNAHOV,
YAP Qazax rayon Təşkilatının sədri
Facebook-da paylaş