• Təqvim

  • Maraq



Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanır


Son zamanlar dünyada baş verən hadisələr onu göstərdi ki, bəşəriyyət pandemiya məfhumunun real təzahürünə inanmırmış və bu bioloji mübarizədə bir az da aciz imiş. Belə ki, inkişaf etmiş ölkələrdə pandemiyanın nəticələrinin statistik göstəriciləri və səhiyyənin düşdüyü ağır vəziyyət bunu sübut edir. Fərqli məqam odur ki, dünya bu "çağırılmamış qonağa” qarşı birgə mübarizə aparmalıdır. İnsanlar da bu mübarizədə həmrəy, həmfikir olmaqla yanaşı, fərdi və sosial məsuliyyəti dərk etməlidirlər. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq hər birimizin üzərinə düşən bir vətəndaş məsuliyyətidir. Bu gün özünütəcrid çıxış yoludursa, hamı buna riayət etməlidir. Qeyd edərdim ki, özünütəcrid yolu ilə virusdan qorunma məhz COVID-19 infeksiyası peyda olandan sonra gündəmə gəlib. Əslində, qripin növündən asılı olmayaraq, virus daşıyıcısı, özündə qripin hətta bir simptomunu belə hiss edən hər bir kəs özünü hamıdan təcrid etməlidir, adi qripdir, soyuqdəymədir kimi ifadələr işlədərək ətrafdakıları da yoluxdurmamalıdır.

Əslində, bütün mübarizələrdə, müharibələrdə həm dərs alınacaq, həm də ibrət götürüləcək məqamlar olur. Bugünkü mövcud vəziyyətdə ən əsas məqam ondan ibarətdir ki, Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanır.

GOYEZEN.AZ bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva söyləyib.

Deputat qeyd edib ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan dövləti tərəfindən ardıcıl və ciddi tədbirlər həyata keçirilir. Yaranmış vəziyyətdə uşaqların və gənclərin sağlamlığının qorunması məqsədilə uşaq bağçalarında, məktəblərdə, kolleclərdə və universitetlərdə tədrisin dayandırılması barədə rəsmi qərarın ardınca dərslərin onlayn şəkildə keçirilməsi təmin olunub, yaşı 65-dən yuxarı olan və risk qrupuna aid insanlar sosial izolyasiyaya cəlb edilib, koronavirusla mübarizə üçün böyük məbləğdə vəsait ayrılıb, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, bu virusla mübarizə aparan həkimlərin və tibb işçilərinin maaşları artırılıb.

Deputat bildirib ki, Azərbaycan hökumətinin dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində "COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı ayırması, eyni zamanda, ÜST ilə sıx əməkdaşlığın aparılması, qurumun nümayəndələrinin ölkəyə dəvət olunması, mövcud vəziyyətin qiymətləndirilməsi və nəhayət, aprelin 6-da Sumqayıt şəhərində tibbi maska istehsalı müəssisəsinin açılışı, atılan digər addımlar, həmçinin görülən tədbirlər ölkə rəhbərliyinin əhalinin sağlamlığının qorunmasına və sosial müdafiəsinə xüsusi diqqətlə yanaşmasını bir daha sübut edir.

"Hazırda koronavirus pandemiyası ilə əlaqədar tibbi maskalara böyük tələbat yarandığından bütün dövlətlərdə tibbi dezinfektantların, xüsusilə də maskaların qıtlığı yaşanır. Çünki bu virusdan qorunmaq, insanların xəstəliyə yoluxmasının qarşısını almaq, sağlamlığını təmin etmək üçün zəruri vasitələrdən biri də məhz tibbi maskalardır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Əksər ölkələrin maska qıtlığından əziyyət çəkdiyi bir vaxtda qısa zamanda yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olduqca təqdirəlayiqdir. Qeyd etməliyəm ki, bu müəssisə 10 il müddətində əmlak və bir sıra digər vergilərdən azad olunub. Müəssisənin yaradılması üçün lazım olan infrastruktur dövlət tərəfindən yaradılıb. Pandemiya dövrü bitdikdən sonra burada istehsal olunan məhsullar ölkə apteklərini, tibb müəssisələrini, habelə ordumuzu təmin edəcək, qalanlar isə Azərbaycanın istehlak səbətində yeni məhsul rolunu oynayacaq, Gürcüstan, Qazaxıstan, Türkmənistan kimi qonşu respublikalara ixrac olunacaq. Çünki bu məhsul həmin respublikalarda hələ ki, istehsal olunmur və tez bir zamanda da həyata keçirilməsi real deyil”, - deyə deputat vurğulayıb.

Ülviyyə Ağayeva digər ölkələrlə müqayisədə qabaqlayıcı tədbirlərin zamanında görülməsi nəticəsində hazırda Azərbaycanda koronavirusun geniş yayılmadığını bildirib. Vurğulayıb ki, buna baxmayaraq, bu infeksiyanın böyük bir təhlükə olduğu qəbul edilməlidir. Deputat deyib ki, hər bir vətəndaş dövlət tərəfindən görülən tədbirlərə dəstək olmalıdır, hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir.

"Prezident İlham Əliyevin tibbi maska istehsalı müəssisəsinin açılışında çıxışında qeyd etdiyi kimi, bu günə qədər 15 minə qədər Azərbaycan vətəndaşının xaricdən təxliyə edilməsi, 4500 nəfərin karantinə yerləşdirilməsi, yaxın zamanlarda Bakıda və bəzi bölgələrdə yeni yığma texnologiyalar əsasında qurulacaq xəstəxanaların inşa ediləcəyi, pandemiyanın vurduğu zərərin qarşılanması üçün Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanaraq təsdiq edilməsi və əlavə hesablamalara əsasən tədbirlərin həyata keçirilməsinə 2,5 milyard manat vəsaitin ayrılacağı ölkə rəhbərliyinin bu məsələyə nə qədər həssas yanaşdığını göstərir. Bu pandemiyadan çıxış yolu dövlət və vətəndaş həmrəyliyindədir. Biz birlikdə güclüyük!”, - deyə Milli Məclisin deputatı bildirib.



Facebook-da paylaş