Əsas Səhifə > Mədəniyyət > “Beynəlxalq öhdəlikləri icra edən Azərbaycan”

“Beynəlxalq öhdəlikləri icra edən Azərbaycan”


28-09-2021, 10:45


Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmuş, 2019-cu ildən isə bu hərəkata sədrlik etməyə başlamışdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi üç illik dövrü çox əhəmiyyəti ilə seçilir. Çünki bu dövr tarixdə pandemiya, qlobal və regional münaqişələr, müharibələr ilə yadda qaldı. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edən ölkə olaraq pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Dövlətimiz öz humanitar missiyasını məsuliyyətlə icra edərək pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Sədrliyi dövründə Azərbaycan digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək. Pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər. Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədəmüvafiq olardı. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin, nüfuzunun daha da gücləndirilməsi sahəsində səylərini daha da artırmaqda davam edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı zamanı bildirmişdir ki, Qoşulmama Hərəkatının 120 üzvünün yekdil qərarı ilə Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısında üç il ərzində Hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsini, habelə Hərəkata üzv dövlətlərin legitim maraqlarını güclü şəkildə müdafiə edir. Bu il Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyini daha bir il - 2023-cü ilin sonuna qədər uzadılmasına dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir.

Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bakı Beynəlxalq Ticarət Limanı istifadəyə verilib ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər.

Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Bununla yanaşı, Paris Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanları araşdırılır.

Hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. 2030-cu ilə qədər bu rəqəm 30 faizə çatdırılmalıdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır.

Bu gün ölkəmiz tarixi günlərini yaşayır. Tarixi ədaləti qürur hissi ilə bərpa edərək, böyük zəfərin təntənəsini qeyd etdik. 28 ildən sonra düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir. Sözsüz ki, indi ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma yurdlarından məcburi köçkün düşən soydaşlarımızın doğma yurdlarına qayıdışının təmin olunmasıdır. Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. İşğaldan azad olunan rayonların bərpası sistemli şəkildə həyata keçirilir. Belə ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası həyata keçiriləcək. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşdırılacaq.

Ölkə Prezidenti həmçinin qeyd edib ki, Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur Yaşıl Enerji Zonasıdır. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var. Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilib. Bu gün Azərbaycan dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edir. Azərbaycan xalqı öz kökünə, tarixinə, dilinə və ənənələrinə olduqca bağlı bir xalqdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə cari il "Nizami Gəncəvi İli” elan edilmişdir. XII əsrdə Nizami Gəncəvinin öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi ideal və dəyərlər BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür. Azərbaycanda multikulturalizm ənənələri bir həyat tərzi olaraq qorunur və dəstəklənir. Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan "Bakı Prosesi” BMT tərəfindən güclü şəkildə dəstəklənir. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu "mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır.

Samirə VƏLİYEVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Geri qayıt