Pandemiya ilə mübarizədə Azərbaycan Prezidentinin təşəbbüsü
BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var. Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk olaraq Türk Şurasının onlayn formatda Zirvə görüşü keçirildi. Pandemiyaya qarşı mübarizədə bu görüş türkdilli ölkələr üçün çox faydalı bir platforma oldu. Bundan əlavə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn formada Zirvə görüşünün keçirilməsi də pandemiyaya qarşı birgə əməkdaşlığa böyük töhfə oldu. Qoşulmama Hərəkatının üzvü olan elə ölkələr var ki, öz aralarında münasibətləri elə də yaxşı deyil. Amma Zirvə görüşündə bir yerdə oldular və birgə müzakirə apardılar. Yəni onları COVID-19 pandemiyasına qarşı mübarizə birləşdirir. Bu o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəni regional səviyyədən beynəlxalq səviyyəyə, sonra da ümumbəşəri səviyyəyə qaldırıb.
Belə bir şəraitdə cənab Prezidentin təşəbbüsü ölkələri öz aralarında olanrəqabəti kənara qoyaraq əməkdaşlıq etməyə sövq edib. Yəni, bir-biri ilə rəqabətdə, ziddiyyətdə olan ölkələr Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə birləşib. Bu təşəbbüsün beynəlxalq birlik tərəfindən qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir.
Beləliklə, Azərbaycan birləşdirici siyasət həyata keçirir və cənab Prezidentin təşəbbüsü dünya miqyasında yüksək dəyərləndirilir.
Pandemiyaya qarşı mübarizə və Azərbaycan Prezidentinin təşəbbüsü humanitar məsələdir. Azərbaycan dünyanı narahat edən humanitar məsələ ilə bağlı mühüm təşəbbüs irəli sürüb. Azərbaycan həmişə xoşməramlıdır, heç vaxt nahaq addımlar atmaz. Bunun əksini iddia edənlər isə ölkəmizə qarşı qərəzli münasibətdə olanlardır.
Ona görə də, bu hadisənin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Cənab Prezidentin məlum təşəbbüsü dünyada imicimizi daha da artırır, ölkəmizin nüfuzunu yüksəldir, dünya dövlətləri içərisində hörmətimizi çox gücləndirir. Bu təşəbbüs həmçinin, Azərbaycanın dünya ölkələri ilə əlaqələrini genişləndirir.
İşğalçı Ermənistan çalışdı ki, Azərbaycanın xoşməramlı təşəbbüsünün reallaşmasına əngəl törətsin. Amma bacara bilmədi. Bununla da, özü özünü ifşa etdi. Eyni zamanda, xoşməramlı, mühüm bir humanitar təşəbbüsə etiraz etməklə Ermənistan özü özünü inkar etdi. Bunun da məntiqi əsası var. Çünki Ermənistan heç vaxt dövlət olmayıb, onun dövlətçilik ənənəsi yoxdur. Ermənistan monoetnik ölkədir və beynəlxalq münasibətlər səviyyəsində özünü pandemiya ilə beynəlxalq mübarizədən təcrid etdi.
Bütün bunlar Qarabağ məsələsinin ədalətli həllində üstünlüyümüzü artırır. Bu təşəbbüs həm də Azərbaycanı daha yaxşı tanımaq üçün gözəl fürsətdir. Bütövlükdə, cənab Prezidentin təşəbbüsünün dünya səviyyəsində qəbul olunması, BMT-nin özünün məsələsi kimi gündəmə gəlməsi böyük hadisədir.
Prezident İlham Əliyevin həyata keçirdiyi diplomatiya çoxşaxəlidir. Ona görə də, biz sabah yeni təşəbbüslərin də şahidi ola bilərik. Hazırki təşəbbüs Azərbaycanın olsa da, onun həyata keçirilməsi dünyanın işidir. Bütün hallarda tarix yazacaq ki, pandemiyaya qarşı mübarizədə BMT Baş Assambleyasının keçirilməsi təşəbbüsü Azərbaycana və onun Prezidenti cənab İlham Əliyevə məxsusdur.
Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının "Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində videoformatda çıxışında ölkəmizin pandemiya ilə mübarizə çərçivəsində gördüyü işlər, eləcə də beynəlxalq müstəvidə təşəbbüsləri diqqətə çatdırılıb. Dövlət başçısının dediyi kimi, pandemiya ilə mübarizənin hazırkı mərhələsində əsas prioritet əhalinin vaksinasiyasıdır. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılıb. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi "Sinovak”, qalanı isə "AstraZeneca” və "Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü şəkildə peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Pandemiya ilə mübarizədə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Təsadüfi deyil ki, bu müstəvidə təşkilat Azərbaycanı nümunəvi ölkə hesab edir. Eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə dəstəyi verib. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bütün bunlar, ölkəmizin pandemiyaya qarşı qlobal mübarizədə verdiyi töhfələrin nümunəsidir. Möhtərəm Prezidentimiz bildirdiyi kimi, Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir.
Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.
Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə sahəsində görülmüş bütün işlər, atılan addımlar bir daha onu söyləməyə əsas verir ki, Azərbaycan bu çətin sınaqdan da uğurla çıxacaq. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ölkə başçısının "Dəmir yumruğ”u ətrafında necə sıx birləşib qalib gəldisə, COVID-19 pandemiyası ilə mübarizədə də o cür birləşərək sonda uğur əldə edəcək. Bunun üçün də biz vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Xüsusilə də dövlətimizin əhalinin vaksinasiyası sahəsində gördüyü işlərə birmənalı şəkildə dəstək olmalı, ölkəmizin bu bəladan tez bir zamanda xilas olması üçün əlimizdən gələni əsirgəməməliyik. Koronavirusa qarşı peyvənd olunmaqla görülən işlərə öz töhfəmizi verməliyik.
Elvira
ƏFƏNDİYEVA,
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin
Monitorinq və
Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə
Gənclər Təşkilatının sədri
Facebook-da paylaş