Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 75 illik yubileyi vaxtilə təhsil aldığı və çalışdığı məktəbdə qeyd edilib
Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın (Barat Alı oğlu Alıyev) 75 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur. Növbəti yubiley tədbiri mayın 19-da şairin vaxtilə təhsil aldığı, eyni zamanda müəllim kimi çalışdığı Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbdə təşkil olunub. Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, şair, Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illiyinə həsr olunmuş “İmza: Barat Vüsal” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində məktəbin adını daşıdığı Xalq yazıçısı İsmayıl Şıxlının büstü önünə tər qərənfillər düzərək dəyərli ziyalımızın əziz xatirəsini ehtiramla anıblar. Tədbirdə respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Şairin yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirilib. Aparıcı Aliyə Əsədova tədbiri açıq elan edərək yubilyarın ünvanına səmimi ürək sözlərini, xoş arzularını çatdırıb, tədbirin əhəmiyyətindən söz açıb. Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbin direktoru Samir Hüseynov giriş sözü ilə çıxış edərək şair Barat Vüsalı 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, səmimi arzularını səsləndirib. Vaxtilə ona dərs demiş müəllimi haqqında bu gün onun yubiley tədbirində ürək sözü bildirməyin qürurverici olduğunu dilə gətirib. Məktəblilərin ifasında şairin qələmə aldığı “Şuşanı alan oğullar” şeirinə hazırlanmış kompozisiya, bəstəkar, mügənni Arif Mehmandostun şairin “Şuşanı alan oğullar” şeirinə bəstələdiyi mahnı töhfəsi, məktəbli Xədicə Qasımlının şairin “Mehman dayıya məktub”, Nuray Əsgərzadənin “El gözü”, “Çiçək və ürək” birpərdəli mənzum pyesinin təqdimatı, Gülay Əhmədovanın “Yarama torpaq tökün”, Zeynəb Qurbanzadənin “Gəl qayıdaq könlümüzə”, sazda Teymur Qasımlı və Məhəmməd Qasımlının ifasında “Can dedim”, Nihad Mustafazadənin “Mülk“, Nihat Qədiməlinin “Yaşa millətini yaşatmaq üçün”, Camal Aydınovun “Bir tikə çörək“, Atlas Məmmədlinin “Yaşadıqca Azərbaycan, hələ çağırın adımı”, sazda Günay Bayramlının “Nə gözəl şairsən”, Firuzə Alızadənin “Kökə şeiri“, Qızxanım Yusifovanın “Quzuçu və Quzu“, Müjgan Yusifovanın “Nənəm deyənə baxdım”, İsmayıl İsmayıllının “Bəri gəl”, Məryəm Mehdixanlının “Gəlmişəm”, Xədicə Hüseynovanın “Özü balaca adamam” şeirləri, şagirdlərin ifasında səslənən “Qazax yetirir” mahnısı alqışlarla qarşılanıb.
Bütün dünyada Qərbin qapısı kimi tanınan Qazax həm də sazın, sözün qüdrəti ilə səs salıb hər yana. Tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə, yaxına, uzağa. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, şair, Əməkdar incəsənət xadimi Barat Vüsal, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, şairin yaradıcılığına və şəxsiyyətinə dəyər verən insanlar, yazarlar, şairlər, məktəbin müəllim-şagird kollektivi iştirak edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalı 75 illik yubileyi münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb, gələcək yaradıcılıq uğurları arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın saz-söz adamlarına, yazarlara, şairlərə, ziyalılara verdikləri dəyərdən, göstərdikləri diqqət və qayğıdan söz açan G.Quluyeva rayon rəhbərinin də fəaliyyətə başladığı ilk gündən bu amili hər zaman nümunə və örnək götürdüyünü qeyd edib. Ziyalı kəlməsinə, ziyalı sözünə hər zaman yüksək qiymət verdiyini vurğulayıb. G.Quluyeva çağdaş Azərbaycan poeziyasının tanınan simalarından olan Barat Vüsalın zəngin mənəvi dünyaya malik bir şair olduğunu, özünəməxsus yaradıcılıq yolu, gərgin sənət axtarışlarının şairin qələmini günü-gündən püxtələşdirdiyini, onu şeirin keşməkeşli yollarında öz yeri, öz çəkisi olan şairlərdən biri etdiyini bildirib. Barat Vüsalın öz dünyası olan bir insan, öz taleyi olan bir şair olduğunu, onun əsrimizin yaşayıb-yaradan şairlərindən olduğunu söyləyib. Yubilyara gələcək yaradıcılıq uğurları arzulayıb, qalib ölkənin vətəndaşı və şairi olaraq daim yazıb-yaratmağı diləyib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdir əvəzi Günay İsmayılova, şairin vaxtilə dərs dediyi şagirdlərindən - Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov, Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbin təqaüddə olan Azərbaycan dili və Ədəbiyyat müəllimi Abbasqulu Alıyev, məktəbin müəllimi Sənəm Məmmədova, “Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif, şair Şakir Aydınlıçıxış edərək yubilyara təbriklərini çatdırıb, səmimi ürək sözlərini bölüşüblər. Barat Vüsal şəxsiyyəti və onun yaradıcılığı haqqında ürək sözlərini çatdıran çıxışçılar qeyd ediblər ki, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Nəriman Həsənzadə, Səməd Seyidov kimi, eləcə də adlarını qeyd etmədiyimiz digər ziyalılarımızın dilindən Barat Vüsalın ünvanına yazılan, söylənilən dəyərli fikirləri oxumaq, eşitmək hər bir qazaxlı üçün qürurvericidir. Çıxış edənlər Barat Vüsalın sözü, danışığı, hərəkəti, dövlətə, dövlətçiliyə sadiqliyi ilə hər zaman seçildiyini söyləyiblər. Barat Vüsalın özündə, sözündə, şeirlərində milli-mənəvi dəyərləri yaşadan böyük şəxsiyyət olmaqla yanaşı, eyni zamanda Azərbaycan üçün layiqli bir vətəndaş olduğunu dilə gətiriblər. Mədəniyyətin, təhsilin, ən əsası da ilklərin olduğu Qazaxda Barat Vüsal kimi dəyərli ziyalılarımızın olmasını qazaxlılar üçün baş ucalığı hesab ediblər. Vurğulayıblar ki, vətənpərvərlik, dövlətə və dövlətçiliyə sadiqlik Barat Vüsalın canındadır, qanındadır və bu, şeirlərində də öz əksini tapır. Onun vətənpərvərlik mövzusunda qələmə aldığı “Şuşanı alan oğullar”, “Keşikçi”, “Dəmir yumruq” şeirlərinin gələcək nəsillər üçün örnək olduğunu söyləyiblər. Həmin şeirlərində 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız şanlı Qələbəni sözlərin dili ilə oxuculara çatdırdığını, əldə olunan Zəfərə görə qəlbən, ürəkdən sevindiyini və ürəyinin hər an Vətənlə döyündüyünü əks etdirdiyini diqqətə çatdırıblar.
AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək ona göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xnım Əliyevaya minnətdarlığını bildirib. Hələ 2011-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 60 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülməsini qazaxlı ziyalılara, şairlərə, onların yaradıcılığına verilən qiymətin əyani sübutu kimi dəyərləndirib. Şair ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. 75 illik yubiley tədbirinin rayonda yüksək səviyyədə təşkil olunmasına, ona ayrılan diqqətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bir daha öz adından və ailəsi adından təşəkkürünü bildirib. Bu gün məktəbdə təşkil olunmuş yubiley tədbirinə görə müəllim-şagird kollektivinə minnətdarlığını bildirib, razılığını ifadə edib. Barat Vüsal çıxışının sonunda ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb.









Facebook-da paylaş














