Pandemiya ilə qlobal mübarizədə Azərbaycan bütün imkanlarını səfərbər edib
Azərbaycan koronavirusla mübarizənin başladığı ilk gündən etibarən bütün mümkün ola biləcək tədbirləri zamanında icra edib və ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atıb. Bu addımlar həm səhiyyə infrastrukturunun yenilənməsi və koronavirusla mübarizəyə istiqamətlənməsi, o cümlədən də yeni avadanlıqların və reanimasion xidmətin qurulması şəklində özünü büruzə verib.
Hazırda Azərbaycanda 1,4 milyon şəxs vaksinasiyadan keçib, bu da əhalinin 14% təşkil edir. Artıq ikinci doza vaksinasiyada da kifayət qədər sürət əldə olunub. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm qlobal pandemiya ilə mübarizəyə öz töhfəsini verir, həmçinin bir sosial dövlət kimi öz əhalisinin sağlamlığını ön planda tutur.
Azərbaycan pandemiya ilə mübarizə prosesində istər səhiyyə sisteminin mobilizə olunması, istər yeni infrastrukturun yaradılması, istərsə də mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində qazandığı uğurlarla yanaşı, pandemiya ilə mübarizədə ən mühüm amillərdən biri olan vaksinasiya prosesinə sürətlə və zamanında başlayıb. Pandemiya ilə mübarizədə Azərbaycan digər ölkələrdən fərqli olaraq bu prosesə çox düzgün yanaşdı. Belə ki, vaksinlərin alınması, müxtəlif istiqamətlərdən vaksinlərin təminatının strateji olaraq planlaşdırılması həm vaksinasiya prosesinin sürətlə və Cənubi Qafqazın ilk ölkəsi kimi vaxtında aparılmasına, həm də vaksinasiya prosesinə başlanıldıqdan sonra onun digər ölkələrə nəzərən daha sürətlə həyata keçirilməsinə imkan yaratdı.
Azərbaycan qabaqcıl bir ölkə kimi digər Avropa ölkələri ilə eyni zamanda və yüksək sürətlə vaksinasiya prosesini davam etdirməklə yanaşı, qlobal təşəbbüslərdə də yaxından iştirak edir. Ölkə rəhbərinin qeyd etdiyi kimi pandemiya ilə mübarizə elə bir prosesdir ki, burada dar çərçivədə və bir ölkə səviyyəsində uğur qazanmaq olmaz. Burada həmrəylik və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə birgə çalışmaq çox vacibdir. Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin rəhbəri, o cümlədən ikitərəfli əlaqələrdə qarşılıqlı hörmət və ədalətlilik prinsipini əlində rəhbər tutan bir ölkə kimi Azərbaycan Prezidentinin təşəbbüsləri sayəsində həm Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq proqramlarına, həm də ikitərəfli qaydada ölkələrə müvafiq yardımlar edib və COVAX platforması çərçivəsində öz üzərinə düşən bütün öhdəlikləri həyata keçirib. Bu da həm beynəlxalq ictimaiyyət və dövlətlər tərəfindən etiraf olunub. Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsü və əlçatanlılığının təmini istiqamətində təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər nəticəsində də müvafiq qətnamə qəbul olunub. O cümlədən Ümumdünya Səhiyyə Təşkilatının apardığı bütün proseslərdə yaxından iştirak edib və dünya dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən bu proseslər təqdir olunub.
Könül KƏRİMOVA,
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini
Facebook-da paylaş