• Təqvim

  • Unutma

  • Maraq



Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır


Dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyası Azərbaycandan da yan keçmədi. Bunu nəzərə alaraq virusun yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlərlə yanaşı, Azərbaycan dövləti də təxirəsalınmaz tədbirlər həyata keçirir. Ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri işlər bu gün də uğurla davam etdirilir.

İyunun 9-da Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı da bu sahədə görülən işlərin daha bir bariz nümunəsidir.

Modul tipli xəstəxananın açılışında "Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub. Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”, - deyən ölkə başçısı İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanda vətəndaş amili hər zaman ön planda tutulur.

Ölkə rəhbəri daha bir çıxışında qeyd etdi ki, "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.

Bu gün Azərbaycanda qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Dövlət başçısının da bildirdiyi kimi, hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən "Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb.


Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısının da vurğuladığı kimi, dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.

Bunun üçün önləyici tədbirlər alınır və koronavirusla mübarizənin bazası gücləndirilir. Odur ki, görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2020-ci il tarixli sərəncamı ilə modul tipli xəstəxanaların yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunun üçün dövlət büdcəsindən 14,8 milyon manat ayrılıb. İlk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verildi. Növbəti 3 xəstəxana isə iyunun 9-dapaytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırıldı. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Dövlət başçısının da qeyd etdiyi kimi, bu xəstəxanaların sayı 10-a çatdırılacaq. 4 xəstəxana istifdəyə verildi. Yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək. Eyni zamanda bu xəstəxanaların yaradılmasında əsas məqsədlərdən biri də koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.


Ölkə başçısı koronavirus pandemiyasına qarşı mübarizədə özəl sektorla əməkdaşlığın davam etdiyini də qeyd edərək bu əməkdaşlığı yüksək qiymətləndirib.Dövlət başçısı qeyd edib ki, mühüm məsələlərdən biri də odur ki, 10 modul xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Bununla da dövlətin üzərinə düşən yük bir qədər azalır. Bu barədə danışan Prezident İlham Əliyev özəl sektora və vətəndaşlara təşəkkür edərək deyib: "Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm”.





GOYEZEN.AZ



Facebook-da paylaş