• Təqvim

  • Maraq



Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzindən nümunəvi addım


Hər kəsə yaxşı məlumdur ki, dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus (COVID-19) infeksiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunub. Bunu nəzərə alaraq virusun yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlərlə yanaşı, Azərbaycanda da təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində zəruri işlər görülür.

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər Qazaxda da minnətdarlıq hissi ilə qarşılanır. Hər bir rayon sakini razılığını görülən işlərə dəstək olmaqla, töhfə verməklə bildirir.

Görülən işlərə Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi də biganə qalmayıb. Belə ki, Mərkəzin direktoru Gövhər Rəhimovanın təşəbbüsü ilə kollektiv əhalinin bu dönəmdə tibbi maskalara gündəlik tələbatının normadan artıq olduğunu nəzərə alaraq nümunəvi addım atıblar. Mərkəzin dərnək rəhbərlərindən Nüşabə Hacıyeva, Nailə Mustafayeva, Yeganə Kazımova, Şəfayət Murğuzova, Nargilə Yusifova, Ziba Qasımzadə, Nurlana Qapaqova, Lalə Güliyeva, Gövhər Mustafayeva və Validə Yusifova evlərində tibbi maskalar tikməklə örnək bir təşəbbüsə qoşulublar.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova bildirib ki, ölkə başçısının da söylədiyi kimi, dövlət koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atır, lazım olan bütün qabaqlayıcı tədbirləri görür. Biz vətəndaşların da üzərinə bir iş düşür ki, o da dövlətimizin gördüyü işlərə dəstək olaq, birlik, həmrəylik nümayiş etdirək, əlimizdən gələn nə varsa əsirgəməyək. Biz də kollektiv olaraq xalqımızın çətin anında dövlətimizin yanında olmağı, kiçik də olsa bu yolla öz dəstəyimizi göstərmək istədik. İrəli sürdüyüm təşəbbüs müəllimlər tərəfindən də razılıqla qarşılandı. Bu gün biz şəxsi vəsaitimiz hesabına tibbi maskalar tikərək ehtiyacı olan insanlarımıza verməklə Qazax rayonunda birliyin, həmrəyliyin, eyni zamanda da "Biz birlikdə güclüyük” fikrinin hər zaman mövcud olduğunu bir daha nümayiş etdirməkdir. G.Rəhimova başladıqları təşəbbüsü növbəti günlərdə də davam etdirəcəklərini qeyd edib. Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə yaşayan ailələrə də tibbi maskaların verilməsinin nəzərdə tutulduğunu bildirib. Onu da qeyd edək ki, Mərkəzin direktoru və "Gənc Könüllülər" artıq 270 ədəd tibbi maskanı şəhər ərazisində müxtəlif yerlərdə ictimai işlərdə çalışan insanlara paylayıblar.








GOYEZEN.AZ                                                                                                           



Facebook-da paylaş