• Təqvim

  • Unutma

  • Maraq



“Bircə bilsəydin ki, burda, bu ürəkdə nələr var...”

Qazax Müəllimlər Seminariyasına ikinci həyat verilib

Eh, a Firudin bəy, bircə bilsəydin ki, burda, bu ürəkdə nələr var… İndi həmin yerdə dayanmışam, on iki yaşlı Səməd Vurğunun Qazax Müəllimlər Seminariyasının direktoru Firudin bəy Köçərliyə sağ əlini sol döşünün üstünə qoyub şəstlə dediyi o sözlərin səsləndiyi məkanda. 



 Aradan isə nə az, nə çox, düz 104 il keçib. Ətrafdakı səliqə-səhman, buta şəkilli yaşıl qazonlar, müxtəlif növ ağaclar, o cümlədən, təzə əkilmiş kollar, həyətdə istirahət üçün quraşdırılmış skamyalar diqqəti çəkir. Qırmızı kərpicdən hörülmüş ikimərtəbəli bina, yaxınlıqdakı digər tikililər, gümbəzlər sanki cəmi bir il qabaq gördüyüm bərbad vəziyyətli və artıq bir çoxunun, necə deyərlər, “əlini üzdüyü” seminariya binası deyil. Yalnız diqqətlə baxanda tarixi tikilinin ümumi görkəmindən hiss etmək olur ki, bəli, bura xeyriyyəçi Məşədi İbrahim Hacı İsmayıl oğlu Kosalının Qazax Müəllimlər Seminariyasına təmənnasız olaraq bağışladığı 17 otaqdan ibarət həmin malikanə binasıdır. Məhz bu binada 1918-ci il noyabrın 10-da Milli seminariyamızın ilk dərsi keçirilib. Yaxınlıqda Qıraq Kəsəmən kəndinin sakini, Qazax diyarında tanınmış sahibkar İsrafil ağa Kərbəlayevin XIX əsrin sonlarında tikdirdiyi qoşa gümbəzli hamam da diqqəti cəlb edir. Bu tarixi abidə də yüksək səviyyədə təmir olunub. Başqa sözlə, kümbəzli hamamın ümumi memarlıq kompleksinə uyğunlaşdırılmasına bir növ şərait yaradılıb.
...1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldükdən və yuxarıda adıçəkilən ikimərtəbəli binada fəaliyyətə başladıqdan sonra nənəsi Aişə balaca Səmədin əlindən tutub bura gətirir. Firudun bəy xəstə, arıq, çəlimsiz, rəngi solmuş Vurğuna baxıb nənəsinə deyir:

– Arvad, bu uşağı illət basıb öldürür, bu, belə vəziyyətdə oxuya bilməz, bundan bir şey çıxmaz, – deyə onu qəbul etmək istəmir.

Nənəsi isə əl çəkmir:

– Firudin bəy, mənə rəhmin gəlsin, bu uşaq nəvəmdir, anadan yetim qaldığına görə bu günə düşüb, – deyə yalvarır.

Nənəsinin yalvarışlarının məktəbin direktoruna o qədər də təsir etmədiyini görən balaca Səməd yazının əvvəlində qeyd etdiyimiz sözləri necə deyirsə, Firudin bəy razılıq verir və o, 1924-cü ildə Qazaxda ilk məzunlardan olur (şəkildə soldan sağa, birinci cərgədə Səməd Vurğun)… 

Qısaca da olsa Qori Müəllimlər Seminariyasının tarixindən söhbət açaq və sonra da onun Qazaxdakı binalarına yenidən ikinci həyat verən xeyirxah insanların işindən, təhsilin, maarifçiliyin inkişafına göstərdikləri dəstəkdən, tariximizə, böyük şəxsiyyətlərimizə münasibətindən danışaq.


Rusiya imperatoru II Aleksandrın “Zaqafqaziya Müəllimlər Seminariyasının təsis edilməsi haqqında” 1875-ci il 8 aprel tarixli fərmanından yəqin çoxlarının xəbəri var. Həmin fərmanla seminariyanın əsasnaməsi də təsdiqlənib. Bu əsasnamənin birinci bəndində qeyd edilirdi: “Zaqafqaziya Müəllimlər Seminariyasının məqsədi özünü ibtidai məktəblərdə müəllimlik fəaliyyətinə həsr etmək istəyən gənclərə pedaqoji təhsil verməkdir”. Əsasnamənin birinci bəndinin qeyd hissəsində isə yazılmışdı: “Müsəlmanlar üçün xüsusi məktəb açılanadək onlara Zaqafqaziya Müəllimlər Seminariyasına və onun nəzdindəki ibtidai məktəblərə daxil olmağa icazə verilir”.  

O da məlumdur ki, fərman imzalandıqdan sonra seminariyanı qısa müddətdə açmaq mümkün olmayıb. Bu təhsil ocağı yalnız 1876-cı ilin sentyabrından fəaliyyətə başlaya bilib. Firudin bəy Köçərli də bir müddət həmin şöbənin inspektoru olub.
Qori Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətdə olduğu 40 ilədək müddətdə (1879–1918) 250 nəfərdən çox əsl xalq müəllimi yetişdirib. Firudin bəy Köçərlinin sözləri ilə desək, bunlar “millətin çırağı” idilər. Görün, onların sırasında necə böyük şəxsiyyətlər olub. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Müslüm Maqomayev… 

Yarandığı vaxtdan Qoridəki şöbənin Azərbaycanın hansısa bir şəhərinə köçürülməsi məsələsi daim gündəmdə olub. Digər tərəfdən, bu şöbəyə 5 il sınaq müddəti verilmişdi ki, azərbaycanlılar könüllü olaraq öz övladlarını bura təhsil almağa göndərsələr, o zaman şöbənin Azərbaycana köçürülməsinə icazə verilə bilər. Lakin sonralar buna ciddi maneələr törədilmiş, hətta Firudin bəy Köçərli 1906-cı ildə Azərbaycan müəllimlərinin birinci qurultayında məsələnin müzakirəyə salınmasına nail olmuş və qurultay “təxirə salınmadan Qori Seminariyası Azərbaycan şöbəsinin Azərbaycanın hansısa bir şəhərinə köçürülməsi” haqqında qərar da qəbul etmişdi...

Ulu Öndər Heydər Əliyev Qazax Seminariyasının keçdiyi şanlı yolu, onun tarixini həmişə yüksək qiymətləndirib, bu böyük təhsil ocağının 80 illik yubileyinin təntənə ilə keçirilməsi haqqında sərəncam verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ənənəni uğurla davam etdirərək seminariyanın 100 illik yubileyinin təntənəli keçirilməsi haqqında 3 noyabr  2018-ci il tarixli sərəncam imzalayıb.


…Yəqin oxucu üçün maraqlıdır. Bəs necə oldu ki, Qazax Müəllimlər Seminariyasının binası qısa vaxt ərzində simasını bu qədər dəyişə bildi? 

Keçən ilin mayında ADA Universitetinin bir qrup heyəti, Qazax ziyalıları, eləcə də ölkəmizin müxtəlif regionlarından olan qonaqlar seminariyanın binası qarşısına toplaşdılar. Elə buradaca "Bir müəllimin manifesti" təşəbbüs-layihəsinin başlandığı elan olundu. Bildirildi ki, ADA Universiteti Qazax Müəllimlər Seminariyasını bərpa edəcək, ona öz tarixi missiyasını yenidən davam etdirmək imkanı yaradacaqdır. Nəticədə, seminariya burada bir əsr əvvəl yandırılan elm işığını daha geniş yayacaq və yeni nəsil maarifçilər yetişdirəcək.

Düzü, bu təşəbbüs, ilk növbədə, qazaxlıları sevindirdi. Çünki Qazax ziyalılarının çoxu özlərinin də dediyi kimi, bu seminariyanın, necə deyərlər, “şinelindən” çıxıblar.


Keçən ilin oktyabrında burada daha bir tədbir keçirildi. Mərasim çərçivəsində ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə Niyyət sazişi imzalandı. Tərəflər seminariyanın təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını öz üzərlərinə götürdüklərini bəyan etdilər. Rektor Hafiz Paşayev elə buradaca ADA Universitetinin “Bir müəllimin manifesti” təşəbbüsü ilə çıxış etməsini, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təhsil missiyasını davam etdirəcəyini bildirdi. 

Qeyd edək ki, binası əsaslı şəkildə tamamilə yenidən qurulan Qazax seminariyası istər Cümhuriyyət, istər də Sovetlər dövründə bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı köklü təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. 1920-ci ildən seminariyanın nəzdində qızlar qrupu da açılıb. 1925-ci ildən seminariya Qazax Pedaqoji Texnikumuna çevrilib və fəaliyyətini 1959-cu ilədək davam etdirib. Sonralar burada ümumtəhsil məktəbi yerləşdirilib və demək olar ki, heç vaxt normal təmir aparılmayıb.
Bu günlərdə bir qrup ziyalı ilə Qazaxda olan Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə bizimlə söhbət zamanı dedi:

– ADA Universiteti rəhmətlik Firudin bəy Köçərlinin 1918-də Qazaxda açdığı, son illərdə uçub-dağılmaqda olan darülmüəllimin binasını ən yüksək səviyyədə bərpa edib. Adam heyran qalır. Universitet yalnız seminariya binasını deyil, ona bitişik olan İsrafil ağa hamamını da əsaslı təmir etdirib və oranı muzey tipli bir tikiliyə çevirmək üçün gərgin iş getməkdədir. Ətrafdakı məktəb, məscid və bir sıra yaşayış binaları da memarlıq baxımından yenidən işlənərək seminariya binasına uyğunlaşdırılıb.

Dünən rektor Hafiz Paşayev, ADA Universitetinin əməkdaşları və Bakıdan gələn digər ziyalılar da burada idi…”

Professor Ə.Tahirzadənin sözünə qüvvət olaraq qeyd etmək istərdik ki, burada təmir-bərpa işləri başlanandan Hafiz müəllim bir neçə dəfə Qazaxa gəlib işin gedişi ilə tanış olub, öz tapşırıq və tövsiyələrini verib. Nəticədə, qədim bir tarixi memarlıq abidəsi həyata qaytarılmaqla yanaşı, Xalq Cümhuriyyətinin həmyaşıdı, 104 yaşlı məşhur seminariya da “ikinci həyatı”na vəsiqə alıb. 

Seminariyanın təmirdən sonrakı xarici görünüşü haqqında az-çox məlumat verdik, bəzi rakuslardan çəkilmiş şəkillərinin də bir-ikisini dərc edirik. Amma içəridə nələr var, demirik. Qoy, xoş sürpriz olaraq qalsın. Təntənəli açılışında hamımız biləcəyik.
 Yazını adıçəkilən təşəbbüslə bağlı professor Hafiz Paşayevin qələmə aldığı məqalədən bu cümlələrlə tamamlamaq istəyirəm: “Qazaxda 1918-ci il noyabrın 10-da təntənəli açılışı keçirilən Müəllimlər Seminariyasının qarşısında türk və Azərbaycan ziyalılarının səsləndirdiyi fikirlərdən biri də bu idi ki, "Vətəni ancaq iti qılıncla deyil, həm də elmlə, əqllə qorumaq lazımdır”. Bu kəlamın tarixdə dövr edib zəmanəmizin həqiqətinə çevrilməsinin biz bu günlərdə şahidi oluruq". 

Tanınmış səfirimizin jestini başa düşməmək sadəcə mümkün deyil...

Hamlet Qasımov, 

“Xalq qəzeti”nin bölgə müxbiri 

3 noyabr 2022-ci il




Facebook-da paylaş