Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzindən nümunəvi addım
Hər kəsə
yaxşı məlumdur ki, dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən
koronavirus (COVID-19) infeksiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən
qlobal pandemiya elan olunub. Bunu nəzərə alaraq virusun yayılmasının
qarşısının alınması istiqamətində bütün dövlətlərlə yanaşı, Azərbaycanda da təxirəsalınmaz
tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb
və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması
istiqamətində zəruri işlər görülür. Ölkəmizdə
koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər Qazaxda da minnətdarlıq hissi ilə
qarşılanır. Hər bir rayon sakini razılığını görülən işlərə dəstək olmaqla,
töhfə verməklə bildirir. Görülən işlərə Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin
kollektivi də biganə qalmayıb. Belə ki, Mərkəzin direktoru Gövhər Rəhimovanın
təşəbbüsü ilə kollektiv əhalinin bu dönəmdə tibbi
maskalara gündəlik tələbatının normadan artıq olduğunu nəzərə alaraq nümunəvi
addım atıblar. Mərkəzin dərnək rəhbərlərindən Nüşabə Hacıyeva, Nailə
Mustafayeva, Yeganə Kazımova, Şəfayət Murğuzova, Nargilə Yusifova, Ziba
Qasımzadə, Nurlana Qapaqova, Lalə Güliyeva, Gövhər Mustafayeva və Validə
Yusifova evlərində tibbi maskalar tikməklə örnək bir təşəbbüsə qoşulublar. Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər
Rəhimova bildirib ki, ölkə başçısının da söylədiyi kimi, dövlət koronavirus infeksiyasının
yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atır, lazım olan
bütün qabaqlayıcı tədbirləri görür. Biz vətəndaşların da üzərinə bir iş düşür
ki, o da dövlətimizin gördüyü işlərə dəstək olaq, birlik, həmrəylik nümayiş
etdirək, əlimizdən gələn nə varsa əsirgəməyək. Biz də kollektiv olaraq
xalqımızın çətin anında dövlətimizin yanında olmağı, kiçik də olsa bu yolla öz
dəstəyimizi göstərmək istədik. İrəli sürdüyüm təşəbbüs müəllimlər tərəfindən də
razılıqla qarşılandı. Bu gün biz şəxsi vəsaitimiz hesabına tibbi maskalar
tikərək ehtiyacı olan insanlarımıza verməklə Qazax rayonunda birliyin,
həmrəyliyin, eyni zamanda da "Biz birlikdə güclüyük” fikrinin hər zaman mövcud
olduğunu bir daha nümayiş etdirməkdir. G.Rəhimova
başladıqları təşəbbüsü növbəti günlərdə də davam etdirəcəklərini qeyd edib.
Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə yaşayan
ailələrə də tibbi maskaların verilməsinin nəzərdə tutulduğunu bildirib. Onu da
qeyd edək ki, Mərkəzin direktoru və "Gənc Könüllülər" artıq 270 ədəd tibbi maskanı şəhər ərazisində müxtəlif yerlərdə ictimai işlərdə
çalışan insanlara paylayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş