Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada » Göyəzən internet portalı


Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada

Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada
GOYEZEN.AZ xəbər verir ki, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan qazaxlı məktəblilər martın 28-də Zaqatala rayonuna gəliblər.

Tur-aksiya iştirakçılarını Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri mehribanlıqla qarşılayıblar. Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verib. Bildirilib ki, Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində mehriban yaşayır.

Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər Mərkəzlə yaxından tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. Binanın açılış mərasimində Respublika Prezidenti İlham Əliyev iştirak edib. İkimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında ulu öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində onlarla yeniyetmə və gənc məşğul olur.

Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində ekranlaşdırılan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.

Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 ağac növü var. Son illər aparılan yenidənqurma işlərindən sonra park müasir görkəm alıb. Ulu öndərin möhtəşəm abidəsinin ucaldıldığı bu park rayon əhalisinin, eləcə də qonaqların ən sevimli istirahət yeridir.

Məktəblilər “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər. Tur-aksiya iştirakçıları sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər. Məlumat verilib ki, 1967-ci ildə yaradılan bu muzeydə 16 minə yaxın eksponat qorunub saxlanılır və nümayiş etdirilir.

“Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılan tur-aksiya iştirakçıları sonra Şəki şəhəri ilə tanış olublar. Karvansaraya baş çəkən məktəblilərə qədim tarixə malik olan Şəki şəhərinin keçmişi, dünəni və bu günü barədə ətraflı məlumatlar verilib.

Şəkinin tarixi məkanları, görməli yerləri ilə tanış olan məktəblilər ekskursiyadan olduqca məmnun görünürdülər. Bu məmnunluq onların şən əhval-ruhiyyəsindən, sevinc dolu baxışlarından da açıq-aydın hiss olunurdu. Bu sevinci isə onlara Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bu möhtəşəm layihə bəxş edib.

Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada
Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada
Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada
Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada
Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada
Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada


Facebook-da paylaş