Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşüblər
Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.
Artıq beşinci ildir ki, keçirilən tur-aksiya zamanı gənclər regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, bölgələrin qədim tarixi, mədəniyyət abidələri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları ilə tanış olurlar.
Bu gün səhər saatlarında “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən qazaxlı məktəblilər Heydər Əliyev adına parka toplaşıblar. Əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş şagirdlərin üzlərində sevinc, təbəssüm var idi. Üzərinə "Qazax" sözləri yazılmış gödəkcələr geyinmiş şagirdlər deyib-gülür, tur-aksiya barədə danışırdılar.
Tur-aksiyada iştirak edən məktəblilər və müəllimlər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad ediblər.
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı yolasalma mərasimində məktəblilərə xoş istirahət və rayonumuza qələbə ilə qayıtmağı arzulayıblar.
Rayonumuzun müxtəlif məktəblərindən olan 40 nəfər şagird martın 26-dan 29-na kimi Qəbələ-Şəki-Zaqatala rayonlarının gəzməli, görməli, tarixi yerlərinə səfər edəcək, bölgə ilə əyani tanış olacaq, rayonların sosial, iqtisadi və mədəni həyatı barədə məlumat alacaqlar. Tur-aksiya çərçivəsində şagirdlər intellektual oyunlarda da iştirak edəcəklər.
Xatirə şəkilləri çəkdirdikdən sonra tur-aksiya iştirakçıları avtobusa əyləşərək səhər saat 08:00-da Heydər Əliyev parkından yola düşüblər.
Facebook-da paylaş