• Təqvim

  • Maraq

Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib

6 il əvvəl, 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri kimi yaddaşlara əbədi həkk olundu. 44 günlük haqq savaşımızda qazanılan qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günükimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.

Noyabrın 5-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib.

“Qızıl Qaya” şadlıq sarayında təşkil olunmuş bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbələri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə və təşkilat rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi, eləcə də digər döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalmış igid Vətən oğullarının ailələri, qazilər, müharibə iştirakçıları, rayon ziyalıları, sərhədçilər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igid Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.

Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərviş və Yusif Qoca 8 Noyabr – Zəfər Gününə, şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş bayram tədbirində iştirak edən şəhid ailələrini, qaziləri salamlayıb, əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdırıblar. Aparıcılar Tarixi Qələbəmizi bizə bəxş edən, torpaq uğrunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin daim qəlblərdə yaşayacaqlarını, bir ömür boyu onlara borclu və minnətdar olduğumuzu, daim onları yaşadacağımızı vurğulayıblar. Bugünkü bayram tədbirinin də məhz bu amala xidmət etdiyini qeyd ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, şəhidlərimizlə, qazilərimizlə, hazırda səngərdə Vətənin keşiyində dayanan əsgərlərimizlə hər bir ölkə vətəndaşının qürur duyduğunu dilə gətiriblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək şəhid ailələrini və qazilərimizi xalqımızın şanlı tarixinin ən qürurlu səhifələrindən biri olan 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, səmimi ürək sözlərini çatdırıb.İcra başçısı bu gün Azərbaycan xalqı üçün sadəcə bir bayram deyil, milli birliyin, Vətən sevgisinin, sarsılmaz iradənin və qəhrəmanlığın təntənəsi olduğunu söyləyib. 8 Noyabr – Zəfər Gününün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə əldə etdiyi ədalət və suverenliyin simvolunu özündə təcəssüm etdirdiyini qeyd edib. Bu qələbənin qürurumuz, dövlətçiliyimizin gücü və gələcək nəsillərə tarixi mirasımız olduğunu, bu gün böyük qürurla qeyd etdiyimiz Zəfərimizin siyasi və strateji müəllifinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, tarixi missiyanın iştirakçıları olan, üçrəngli bayrağı qəlbində gəzdirib ən uca zirvələrə qaldıran Azərbaycan əsgəri, canlarını fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz olduğunu dilə gətirib. Bu gün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Qazilərimizə möhkəm cansağlığı, şəfa və uzun ömür arzulayırıq. Qarabağ torpaqlarında ucalan bayrağımız şəhidlərimizin ruhunu, xalqımızın şərəfini və dövlətimizin gücünü təcəssüm etdirir. Zəfər Günü bizə bir daha sübut etdi ki, xalq və dövlət bir olduqda, Vətən sevgisi hər şeydən üstün tutulduqda qarşıya qoyulan ən böyük məqsədlərə belə nail olmaq mümkündür. Bu gün biz azad, güclü və qalib Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyərək, onların qazanmış olduğu bu azadlığı qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. İllər, qərinələr, hətta, əsrlər gəlib keçəcək, amma 8 Noyabr - Zəfər Günü hər bir azərbaycanlının ürəyində əbədi yaşayacaq. Bizim borcumuz bu Zəfəri qorumaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, müstəqil və güclü Azərbaycanımızın inkişafı naminə çalışmaqdır. Zəfəri qorumaq üzərimizə düşən milli məsuliyyətdir, həm keçmişimizin qəhrəmanlıq salnaməsinə ehtiram, həm də gələcək nəsillərə ötürəcəyimiz əmanətdir.

Bayram tədbirində iştirak edən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 dəfə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı. ehtiyatda olan polkovnik-leytenant İsgəndər Mustafayev, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Amil Göyüşov, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”medalları ilə təltif olunmuş, gizir Elvin Orucovun anası Səidə Orucova, Milli Qəhrəman Alı Mustafayevin bacısı Maral Mustafayeva və başqaları çıxış edərək əlamətdar gün münasibətilə səmimi arzularını səsləndiriblər. 8 noyabrın Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımızın birliyinin, ordumuzun gücünün, əsgər və zabitlərimizin qəhrəmanlığının təntənəsi kimi yaddaşlara qızıl hərflərlə yazıldığını vurğulayıblar. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz iradəsini, əzmini və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdiyini, Müzəffər Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıqlar göstərdiklərini bildiriblər. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməyin, onların ailələrinə diqqət və qayğı ilə yanaşmağın hər birimizin mənəvi borcu olduğunu, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğının məhz şəhidlərimizin əziz xatirəsinə olan ehtiramın ifadəsi olduğunu qeyd ediblər. Rayonumuzda da şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğı göstərildiyini, bugünkü bayram süfrəsinin də həmin qayğının davamı olduğunu qeyd edərək buna görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra bayram tədbiri bədii hissə ilə davam edib. Gənc müğənni Nəsimi Kamaloğlu “Dur gedək Qazaxa bir salam verək”, Xalq şairi Səməd Vurğunun “Azərbaycan”, gənc Aşıq Samir Cəlaloğlu və aşıq Yaşar Gülümcanov Xalq şairi Səməd Vurğunun sözlərinə yazılmış Şirvan bölgəsinin aşıq musiqisi, gənc müğənni Zəmanə Dərviş “Qələbən mübarək Azərbaycanım”, Nəsimi Kamaloğlu və Zəmanə Dərviş “Azərbaycan” mahnı töhfələri ilə bayram şənliyinə xoş ovqat qatıblar.




Facebook-da paylaş


{sape_links}