• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda əhalinin kütləvi tibbi müayinəsi başa çatıb


Qazaxda Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq fevralın 12-dən start götürən əhalinin kütləvi pulsuz tibbi müayinədən keçirilməsi aksiyası  mayın 11-də uğurla başa çatıb. 

Səhiyyə Nazirliyinin müvafiq sərəncamına əsasən 3 ay davam edən aksiya çərçivəsində 61 min 810 nəfər tibbi müayinədən keçib. Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, eləcə də kənd həkim və tibb məntəqələrində aparılan aksiya zamanı müraciət edən sakinlərdən 57789 nəfər sağlam hesab edilmiş, 3518 nəfər ambulator, 379 nəfər stasionar, 124 nəfər istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur. 150 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır.

Tibbi aksiya zamanı Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, eləcə də kənd həkim və tibb məntəqələrində müayinələrin bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması üçün səhiyyə müəssisələri lazımi dərman preparatları ilə təchiz olunmuş, hər cür şərait yaradılmışdı. Bundan başqa, rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 14 nömrəli əmrinə əsasən müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 həkim briqadası da yaradılmışdır ki, həmin səyyar həkim briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olmuş, ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də evlərində müayinə ediblər. Lazım olan halda briqadalar tərəfindən şəhid ailələri və yaşlı insanların müayinə olunması üçün evlərə də aktiv gedişlər olub. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunublar.

Məlumat üçün qeyd edək ki, aksiya dövründə səyyar həkim briqadaları rayonun sərhəd kəndlərindən Kəmərli, Qaymaqlı, Aslanbəyli,  Quşçu AyrımMəzəm, Fərəhli,  Cəfərli,  eləcə də Daş Salahlı, Çaylı və Bala Çaylı  kəndlərində olaraq sakinləri tibbi müayinə ediblər. Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə olan səyyar briqada burada yaşayan Xeyrımlı, Aşağı Əskipara və Yuxarı Əskipara kənd sakinlərinə də tibbi xidmət göstəriblər.

İstər şəhərdə, istərsə də kənddə yaşayan sakinlər ölkəmizdə bu xeyirxah aksiyanın təşkil olunmasını çox böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını söyləyib, dövlətin onların sağlamlığına göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bu cür aksiyanın keçirilməsində isə əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.

GOYEZEN.AZ



Facebook-da paylaş