Sərhəd kəndi Qaymaqlıda əhali tibbi müayinə olunub
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən etibarən start götürən əhalinin pulsuz tibbi müayinəsi Qazaxda da uğurla həyata keçirilir. Səhiyyə Nazirliyinin müvafiq Sərəncamı ilə təşkil olunan aksiya Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, eləcə də kənd həkim və tibb məntəqələrində aparılır. May ayının 12-dək davam edəcək tibbi müayinə aksiyasının bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması üçün səhiyyə müəssisələri lazımi dərman preparatları ilə təchiz olunub və hər cür şərait yaradılıb. Eyni zamanda, rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 14 №li Əmri ilə müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 həkim briqadası da yaradılıb. Həmin səyyar həkim briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olur. Ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri, də evlərində müayinə edirlər. Lazım olan halda briqadalar tərəfindən şəhid ailələri və yaşlı insanların müayinə olunması üçün evlərə də aktiv gedişlər olur. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.
Bu günə kimi səyyar həkim briqadaları rayonun sərhəd kəndlərindən Kəmərli, Aslanbəyli, Quşçu Ayrım, eləcə də Daş Salahlı kəndlərində olaraq sakinləri tibbi müayinə ediblər.
Bu həftə səyyar həkim briqadasının getdiyi ünvan isə düşmənlə sərhəddə yerləşən Qaymaqlı kəndi olub. Burada yaşayan kənd sakinləri rayonumuzda bu xeyirxah aksiyanın təşkil olunmasını çox böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını söyləyiblər. Sakinlərin tibb müəssisələrinə gələrək müayinədən keçmələrini, dövlət tərəfindən yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal iştirak etmələrini tövsiyə ediblər. Bu tibbi müayinə aksiyasında sərhəddə yaşayan sakinləri də diqqətdə saxladıqlarına görə razılıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, bu günə kimi Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, kənd həkim və tibb məntəqələrində təşkil olunan aksiyada 25067 nəfər tibbi müayinədən keçib. Onlardan 23177 nəfər sağlam hesab edilmiş, 113 nəfər stasionar, 1732 nəfər ambulator, 45 nəfər isə istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuşdur. 42 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır.
Artıq bir aydır ki, aparılan əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasını yüksək qiymətləndirən hər bir rayon sakini dövlətin onların sağlamlığına göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq edirlər.
Bu cür aksiyanın keçirilməsində isə məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.
GOYEZEN.AZ
Facebook-da paylaş