Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir
Azərbaycan xalqı zaman-zaman
ağır günlər, dəhşətli hadisələr yaşamışdır. Tarixin ən qədim dönəmlərində belə
sınaqlara məruz qalmış və keşməkeşli bir yol qət etmişdir. Xalqın yaddaşında dərin
iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və
qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri də Xocalı
soyqırımıdır. Misli görünməmiş vəhşiliklə həyata keçirilən, qəddarlığına və
amansızlığına görə XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşmüş
Xocalı soyqırımının törədilməsindən 27 il keçir. 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə
hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq
normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə
misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin
mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq
və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov
götürülmüşdür. Həmin dəhşətli
günü nə Azərbaycan dövləti, nə də bu xalq heç vaxt unutmur. Respublika
Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının iyirmi yeddinci ildönümü
haqqında 5 fevral 2019-cu il tarixli Sərəncamın imzalanması bunu söyləməyə əsas
verir. Respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda da Xocalı soyqırımının iyirmi
yeddinci ildönümü və soyqırım qurbanlarının xatirəsi yad olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə başçısının
"Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5
fevral tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası rəhbərinin 2019-cu il 6 fevral tarixli 11 nömrəli
Sərəncamlarına əsasən Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci
ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında 11
fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. 9-21/32 nömrəli Sərəncama əsasən
Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər
planı hazırlanıb. Həmin tədbirlər
planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə
də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində anım tədbirləri keçirilir. Bu gün Azərbaycan
Beynəlxalq Bankın Qazax filialında, səhiyyə müəssisələrindən – Qazax Müalicə
Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, Gigiyena və Epidemiologiya
Mərkəzində də anım tədbirləri keçirilib. Bütün tədbirlərdə
əvvəlcə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunub. Sonra çıxış
edənlər xalqımızın qan yaddaşına yazılmış həmin acılı günlərdən söz açıblar.
Qeyd ediblər ki, Xocalı
qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə
sığmayan vəhşiliklərinin qanlı izidir. Faciəni əks etdirən kadrlar hər an bu dəhşətli
mənzərəni seyr edənləri iliyinədək sarsıdır, sızladır. Meşələrdə əli, ayağı,
burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli
müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm
iradəli insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə
donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı
heç vaxt heç kimin yaddaşından silinməyəcək. Çıxışlarda "Xocalıya
ədalət!” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində bu soyqırımla
bağlı tədbirlərin keçirildiyi də qeyd olunub. Bildirilib ki, bugünkü gənc
nəsil bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq üçün bütün səylərini səfərbər etməlidirlər. GOYEZEN.AZ
Facebook-da paylaş