Xocalı faciəsinin 27-ci ildönümü Qazaxda silsilə tədbirlərlə qeyd edilir
Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi yeddinci ildönümü Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ölkə başçısının "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2019-cu il tarixli 11 nömrəli Sərəncamlarına əsasən imzaladığı Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncamı ilə tədbirlər planı hazırlanıb. 9-21/32 nömrəli Sərəncama əsasən hazırlanmış həmin tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində silsilə anım tədbirləri keçirilir.
Növbəti anım tədbirləri Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində, rayon Baytarlıq İdarəsində, Meşə Mühafizəsi və Bərpası Müəssisəsində, Qazax Dövlət Dram Teatrında, Avey Dövlət Tarix-Mədəniyyət qoruğunda keçirilib.
Bütün tədbirlərdə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə çıxış edənlər erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətindən danışıblar. Bildirilib ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
GOYEZEN.AZ
Facebook-da paylaş