Çaylı kəndində Şəhidlər Xiyabanı təmir olunur » Göyəzən internet portalı


Çaylı kəndində Şəhidlər Xiyabanı təmir olunur

Çaylı kəndində Şəhidlər Xiyabanı təmir olunur
Vətənpərvərlik hisslərinin ən uca zirvəsi şəhidlikdir. Düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında 283 şəhid verib.

Öz həyatlarını qurban verən şəhidlərimizə olan hörmət hissi ilk olaraq şəhidlər qəbiristanlığından, onların uyuduğu müqəddəs məkandan başlayır. Bəli, ilk üz tutduğumuz yer, ziyarət etdiyimiz ünvan onların qəbirləri olur.

Ötən ilin əvvəllərinə kimi şəhidlər qəbiristanlıqlarında yaranan vəziyyət heç də ürəkaçan deyildi. Məzarlıqlarda baxımsızlıqdan qəbirlərin baş daşları uçmuş, qəbirlərin aralarını alaq otları basmışdı. Yaranmış vəziyyət şəhidlərimizin doğmalarını, ailə üzvlərini narahat edir, haqlı narazılığına səbəb olurdu.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə xüsusi diqqət ayırdı, onların problemləri ilə yaxından maraqlandı. İlk növbədə şəhidlərin uyuduğu qəbiristanlıqları ziyarət etdi, oranı abadlaşdırmaq üçün xüsusi tapşırıqlar verdi. Özü də bu iş şəhid ailələri rayon rəhbərliyinə müraciət etmədən həyata keçirildi.

Ötən son 1 il yarım ərzində şəhərdəki, eləcə də Daş Salahlı, Yuxarı Salahlı, Xanlıqlar, II Şıxlı kəndlərindəki şəhid qəbiristanlıqları əsaslı şəkildə təmir edilərək yenidən qurulub, yeni yaşıllıq salınıb, gül-çiçəklər əkilərək şəhidlərin adlarına layiq hala salınıb. Eyni zamanda, şəhidlərin xatirəsinə çəkilmiş bulaqlarda da təmir-bərpa işləri aparılıb, şəhərin mərkəzində Aprel şəhidlərinin xatirəsinə 3 bulaq tikilib. Böyük əminliklə deyə bilərik ki, bu, Rəcəb Babaşov tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.

Vətən uğrunda canlarından keçib şəhid olmaq Çaylı və Kommuna kəndlərində yaşayan 26 gəncin taleyinə də yazılıb. Bu vətənpərvər oğullar ayrı-ayrı illərdə torpaqlarımızın müdafiəsi yolunda şəhid olublar. Qeyd etdiyimiz vaxta qədər burada da eyni vəziyyət yaşanırdı.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun göstərişinə əsasən kənddəki şəhidlər xiyabanında da təmir-bərpa işlərinə başlanılıb.

Təmirçi briqadanın üzvləri tərəfindən qəbir və sinə daşlarında, xiyabanın ərazisində olan çatışmazlıqlar aradan qaldırılır, bu müqəddəs məkan yeni görkəmə salınır. Təmir-bərpa işləri başa çatdıqdan sonra burada yaşıllıq da salınacaq, gül və həmişəyaşıl ağaclar əkiləcəkdir.

Elçin İSMAYIL

Çaylı kəndində Şəhidlər Xiyabanı təmir olunur
Çaylı kəndində Şəhidlər Xiyabanı təmir olunur
Çaylı kəndində Şəhidlər Xiyabanı təmir olunur
Çaylı kəndində Şəhidlər Xiyabanı təmir olunur
Çaylı kəndində Şəhidlər Xiyabanı təmir olunur


Facebook-da paylaş