Şəhidlərimizin döyüş yolu hər zaman örnək olacaq...
Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------- Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən
uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda
olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhid
oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq,
canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər.
Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına
ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən
bizi bağışlayar. Odur ki, ilk işimiz torpaqlarımızın
qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik
zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək
olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman
məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılmalıyıq. Şəhidlərimizi,
onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə
göstərməliyik. Çünki şəhidlərimizin
döyüş yolu hər zaman örnək olub və bundan sonra da olacaq... Bu gün düşmənlə 168 km
məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi
7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi
isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz
tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək
səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin
ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir
edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və
şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir
əyani sübutudur. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən
oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur,
göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman
qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini
yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq
bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım
günü olan şəhidlərimizdən – Abbasəli Məhərrəmovun, Yaşar Əhmədovun, Söhrab Pirvəliyevin, Namiq Vəliyevin, Tahir Xasməmmədovun, Aftandil Quluyevin, Rafiq İsmayılovun, Babək
Rüstəmovun, Əhməd Əliyevin, Əhməd Əhmədovun, Elçin İsmayılovun əziz xatirələrini yad edirik. Məhərrəmov Abbasəli Puşkin oğlu
Məhərrəmov Abbasəli Puşkin
oğlu 19 fevral 1972-ci ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan
olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd orta məktəbinin birinci sinfinə
daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Həmin ili Azərbaycan Dövlət
Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1993-cü ildə ali məktəbi bitirdikdən
sonra hərbi xidmətə yollanmışdır. 10 fevral 1994-cü ildə Qarabağ uğrunda gedən
döyüşlərdə Ağdərə rayonunun Donaşin-3 kəndində şəhid olmuşdur. Leytenant rütbəli
kəşfiyyatçı zabit idi. Yunan-Roma güləş növü üzrə idman ustası idi. Bir neçə
dövlətlərdə və Azərbaycanda idmançı kimi nailiyyətləri olmuşdur. Subay
idi. Əhmədov Yaşar Mail oğlu
Əhmədov Yaşar Mail oğlu 11
noyabr 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində ziyalı ailəsində anadan
olmuşdur. 1977-ci ildə Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə qəbul
olmuş, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə getmiş
və 1990-cı ildə hərbi xidməti başa
vurmuşdur. Azərbaycan Respublikasının DİN tərəfindən 1992-ci ilin avqust ayında
giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikasının Kremençuq
Uçuş məktəbinə daxil olmuşdur. Oxuduğu məktəb Azərbaycan Respublikası ilə
Ukrayna Respublikası arasında olan müqavilə əsasında həyata keçirilmişdir.
Aviasiya Akademiyası açıldıqdan sonra 1994-cü ilin may ayında Milli Aviasiya
Akademiyasında təhsilini davam etdirməyi təmin edilmişdir. Oxuduğu dövrlərdə həm
Ukraynada, həm də burada praktiki uçuşlar yerinə yetirmişdir. Mİ-2 və M-8 tipli
helikopter pilotu kimi Sertifikat almışdır. 1996-cı ilin dekabr ayında həmin
Akademiyanı müvəffəqiyyətlə bitirmiş və 1998-ci ildə təyyarəçi kimi işləməyə
başlamışdır. İşlədiyi 15 il ərzində bir neçə medalla mükafatlandırılmışdır. Azərbaycan
Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26
iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan
Respublikası Müdafiə Nazirinin 19 iyul 2008–ci il tarixli əmri ilə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 90 illik yubileyi” medalı ilə təltif
olunmuşdur. 11 fevral 2012-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Şıxov
çimərliyi ətrafında Mİ-17 helikopter qəzaya uğramış və 3 ekipaj üzvü ilə
birlikdə şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Pirvəliyev Söhrab Aslan oğlu
Pirvəliyev Söhrab Aslan oğlu
11 fevral 1975-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur.
1982-ci ildə Quşçu Ayrım kənd orta məktəbinin birinci sinfinə daxil olmuş,
1993-cü ildə həmin məktəbi bitirmişdir. 26 iyun 1995-ci ildə Goranboy rayonunun
Tapqaraqoyunlu kəndində şəhid olmuşdur. Subay idi. Vəliyev Namiq
Yusif oğlu
Vəliyev Namiq Yusif oğlu 21 mart 1972-ci ildə Qazax
şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə bu gün adını daşıdığı şəhər
5 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin
məktəbin onbirinci sinfini bitirmişdir. Oxuduğu müddətdə çalışqan, mehriban,
nizamlı bir şagird kimi həmişə yoldaşlarından seçilmişdir. 04.06.1990-cı ildən
25.05.1992-ci ilədək Minsk şəhərində Qamel və Zaparoje vilayətlərində hərbi
xidmətdə olmuş, dəfələrlə valideynlərinə təşəkkür məktubları gəlmişdir. Erməni
işğalçılarının respublikanın sərhəd kəndlərinə hücum etməsinə dözməyən Namiq
1992-ci ilin iyun ayından könüllü orduya daxil olur və ən ağır döyüş
mövqelərində vuruşur. 1992-ci ilin 29 dekabrında isə Barxudarlı kəndinin
müdafiəsi zamanı Lələkənddə erməni qəsbkarlarına qarşı döyüşdə qəhrəmancasına
şəhid olur. Döyüş yoldaşları ilə birlikdə 42 gündən sonra düşməndən nəşi geri
qaytarılan Namiq 1993-cü il fevralın 11-də şəhərdə şəhidlər qəbiristanlığında
dəfn olunub. Xasməmmədov Tahir Mübariz oğlu
Xasməmmədov
Tahir Mübariz oğlu 27 fevral 1974-cü ildə Qazax rayonunun Qarapapaq kəndində
anadan olmuşdur. 1981-ci ildə Qarapapaq kənd əsas məktəbin birinci sinfinə
daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 8 illik
təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbinə daxil olaraq qaynaqçı
peşəsinə yiyələnmişdir. 1992-ci ilin payız çağırışında Qazax Hərbi
Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti zamanı Murov dağda,
Yandaq kəndində, Laçın rayonunda olan döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin
fevral ayının 12-də Murov dağ döyüşlərində itkin düşmüşdür. Quluyev Aftandil Mansır oğlu
Quluyev Aftandil Mansır oğlu 20
noyabr 1973-cü ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə
qoyun otaran zaman erməni quldurları tərəfindən silahla vurulmuşdur. Ağır güllə
yarası ilə Gəncə şəhər xəstəxanasına aparılmışdır. Müalicə almasına baxmayaraq 14 fevral 1990-cı
ildə vəfat etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir. İsmayılov Rafiq Namaz oğlu
İsmayılov Rafiq Namaz oğlu 15
fevral 1966-cı ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart
1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni
işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində ağır yaralanmış,
bir gün sonra 23 mart 1992-ci ildə şəhid olmuşdur. 1992-ci ildən şəhid statusu
verilmişdir. Rüstəmov Babək Muraz oğlu
Rüstəmov Babək Muraz oğlu 15
fevral 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur.
1981-ci ildə Quşçu Ayrım kənd məktəbinin birinci sinfinə daxil olmuş, 1992-ci
ildə həmin məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Rüstəmov Babək
Muraz oğlu 1 yanvar 1994-cü ildə Tərtər rayonunun Səhləbad kəndində gedən
döyüşlərdə şəhid olmuşdur. Subay idi. Əliyev Əhməd Mirzə oğlu
Əliyev Əhməd Mirzə oğlu 15
fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1977-ci
ildə Qaymaqlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmi
məktəbin onuncu sinfini bitirmişdir. 1989-cu ildə sovetlər birliyində hərbi
xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur. 1993-cü ildə Azərbaycan
Milli Ordusuna çağırılmışdır. 12 yanvar 1993-cü ildə Ağstafa bölgəsində gedən
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd
kitabxana filialı şəhidin adını daşıyır. Əhmədov Əhməd Nuru oğlu
Əhmədov Əhməd Nuru oğlu 16
fevral 1972-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1979-cu
ildə Xanlıqlar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu
ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə hərbi xidmətə
başlamış, 29 dekabr 1992-ci ildə Qazax rayonunun ərazi bütövlüyü uğrunda gedən
döyüşlərdə şəhid olmuşdur. Subay idi. İsmayılov Elçin Murğuz oğlu
İsmayılov
Elçin Murğuz oğlu 5 yanvar 1980-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan
olmuşdur. 1987-ci ildə Kosalar kənd
orta məktəbinin birinci sinfinə daxil olmuş, 1997-ci ildə həmin orta məktəbin
onuncu sinfini bitirmişdir. 1998-ci
il yanvar ayının 8-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi
xidmətə çağırılmşdır. 1999-cu il fervralın 16-da Borsunlu istiqamətində gedən
ağır döyüşlərdən birində qəhrəmancasına şəhid olmuşdur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz
olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı
ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun
şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür
ziyarətlərin böyük rolu vardır.
Facebook-da paylaş