Əsas Səhifə > Şəhidlər > Şəhidlərimizin döyüş yolu hər zaman örnək olacaq...

Şəhidlərimizin döyüş yolu hər zaman örnək olacaq...


16-02-2020, 11:35

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlayar. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılmalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. Çünki şəhidlərimizin döyüş yolu hər zaman örnək olub və bundan sonra da olacaq...

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Abbasəli Məhərrəmovun, Yaşar Əhmədovun, Söhrab Pirvəliyevin, Namiq Vəliyevin, Tahir Xasməmmədovun, Aftandil Quluyevin, Rafiq İsmayılovun, Babək Rüstəmovun, Əhməd Əliyevin, Əhməd Əhmədovun, Elçin İsmayılovun əziz xatirələrini yad edirik.

Məhərrəmov Abbasəli Puşkin oğlu


Məhərrəmov Abbasəli Puşkin oğlu 19 fevral 1972-ci ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Həmin ili Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1993-cü ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 10 fevral 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə Ağdərə rayonunun Donaşin-3 kəndində şəhid olmuşdur. Leytenant rütbəli kəşfiyyatçı zabit idi. Yunan-Roma güləş növü üzrə idman ustası idi. Bir neçə dövlətlərdə və Azərbaycanda idmançı kimi nailiyyətləri olmuşdur. Subay idi. 

Əhmədov Yaşar Mail oğlu


Əhmədov Yaşar Mail oğlu 11 noyabr 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə qəbul olmuş, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə getmiş və   1990-cı ildə hərbi xidməti başa vurmuşdur. Azərbaycan Respublikasının DİN tərəfindən 1992-ci ilin avqust ayında giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikasının Kremençuq Uçuş məktəbinə daxil olmuşdur. Oxuduğu məktəb Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında olan müqavilə əsasında həyata keçirilmişdir. Aviasiya Akademiyası açıldıqdan sonra 1994-cü ilin may ayında Milli Aviasiya Akademiyasında təhsilini davam etdirməyi təmin edilmişdir. Oxuduğu dövrlərdə həm Ukraynada, həm də burada praktiki uçuşlar yerinə yetirmişdir. Mİ-2 və M-8 tipli helikopter pilotu kimi Sertifikat almışdır. 1996-cı ilin dekabr ayında həmin Akademiyanı müvəffəqiyyətlə bitirmiş və 1998-ci ildə təyyarəçi kimi işləməyə başlamışdır. İşlədiyi 15 il ərzində bir neçə medalla mükafatlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2008–ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubileyi” medalı ilə təltif olunmuşdur. 11 fevral 2012-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mİ-17 helikopter qəzaya uğramış və 3 ekipaj üzvü ilə birlikdə şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Pirvəliyev Söhrab Aslan oğlu

 

Pirvəliyev Söhrab Aslan oğlu 11 fevral 1975-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1982-ci ildə Quşçu Ayrım kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 26 iyun 1995-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində şəhid olmuşdur. Subay idi.

Vəliyev Namiq Yusif oğlu

 

Vəliyev Namiq Yusif oğlu 21 mart 1972-ci ildə Qazax şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə bu gün adını daşıdığı şəhər 5 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. Oxuduğu müddətdə çalışqan, mehriban, nizamlı bir şagird kimi həmişə yoldaşlarından seçilmişdir. 04.06.1990-cı ildən 25.05.1992-ci ilədək Minsk şəhərində Qamel və Zaparoje vilayətlərində hərbi xidmətdə olmuş, dəfələrlə valideynlərinə təşəkkür məktubları gəlmişdir. Erməni işğalçılarının respublikanın sərhəd kəndlərinə hücum etməsinə dözməyən Namiq 1992-ci ilin iyun ayından könüllü orduya daxil olur və ən ağır döyüş mövqelərində vuruşur. 1992-ci ilin 29 dekabrında isə Barxudarlı kəndinin müdafiəsi zamanı Lələkənddə erməni qəsbkarlarına qarşı döyüşdə qəhrəmancasına şəhid olur. Döyüş yoldaşları ilə birlikdə 42 gündən sonra düşməndən nəşi geri qaytarılan Namiq 1993-cü il fevralın 11-də şəhərdə şəhidlər qəbiristanlığında dəfn olunub.

Xasməmmədov Tahir Mübariz oğlu

 

Xasməmmədov Tahir Mübariz oğlu 27 fevral 1974-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1981-ci ildə Qarapapaq kənd əsas məktəbin birinci sinfinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 8 illik təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbinə daxil olaraq qaynaqçı peşəsinə yiyələnmişdir. 1992-ci ilin payız çağırışında Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti zamanı Murov dağda, Yandaq kəndində, Laçın rayonunda olan döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin fevral ayının 12-də Murov dağ döyüşlərində itkin düşmüşdür.

Quluyev Aftandil Mansır oğlu

 

Quluyev Aftandil Mansır oğlu 20 noyabr 1973-cü ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları tərəfindən silahla vurulmuşdur. Ağır güllə yarası ilə Gəncə şəhər xəstəxanasına aparılmışdır.  Müalicə almasına baxmayaraq 14 fevral 1990-cı ildə vəfat etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir.

İsmayılov Rafiq Namaz oğlu

 

İsmayılov Rafiq Namaz oğlu 15 fevral 1966-cı ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində ağır yaralanmış, bir gün sonra 23 mart 1992-ci ildə şəhid olmuşdur. 1992-ci ildən şəhid statusu verilmişdir.

Rüstəmov Babək Muraz oğlu

 

Rüstəmov Babək Muraz oğlu 15 fevral 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd məktəbinin birinci sinfinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Rüstəmov Babək Muraz oğlu 1 yanvar 1994-cü ildə Tərtər rayonunun Səhləbad kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Əliyev Əhməd Mirzə oğlu

 

Əliyev Əhməd Mirzə oğlu 15 fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Qaymaqlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmi məktəbin onuncu sinfini bitirmişdir. 1989-cu ildə sovetlər birliyində hərbi xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur. 1993-cü ildə Azərbaycan Milli Ordusuna çağırılmışdır. 12 yanvar 1993-cü ildə Ağstafa bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd kitabxana filialı şəhidin adını daşıyır.

Əhmədov Əhməd Nuru oğlu

 

Əhmədov Əhməd Nuru oğlu 16 fevral 1972-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1979-cu ildə Xanlıqlar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə hərbi xidmətə başlamış, 29 dekabr 1992-ci ildə Qazax rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

İsmayılov Elçin Murğuz oğlu

 

İsmayılov Elçin Murğuz oğlu 5 yanvar 1980-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1987-ci ildə Kosalar kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1997-ci ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1998-ci il yanvar ayının 8-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmşdır. 1999-cu il fervralın 16-da Borsunlu istiqamətində gedən ağır döyüşlərdən birində qəhrəmancasına şəhid olmuşdur.


Geri qayıt