“Şəhidliyin Adil zirvəsi” adlı filmin növbəti təqdimat mərasimi Qazaxda keçirilib
Bu gün Qazaxda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə
yardımı və "Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Şəhidliyin Adil zirvəsi”
layihəsi çərçivəsində çəkilmiş eyniadlı filmin təqdimat mərasimi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Mərkəzində keçirilən
təqdimat mərasimində icra başçısının birinci müavini Məmməd Alıyev, aparatın Sosial-iqtisadi inkişafın təhlili
və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, şəhidin ailə üzvləri,
yaxınları, təhsil işçiləri, tələbələr, gənclər, Qarabağ müharibəsi əlilləri və
veteranları, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak
ediblər.
Qazax Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbiri giriş sözü ilə açaraq şəhidlərimizə
göstərilən diqqət və qayğıdan söz açıb və təqdimat mərasimini açıq
elan edib. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən
şəhidlərimizə və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və
veteranlarına göstərilən diqqət və qayğının ən bariz nümunəsini son günlər imzalanan
Sərəncam və Fərmanlardan aydın şəkildə görə bilərik.
Sonra şəhid
Adil Tatarovun, eləcə də, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını
qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Daha sonra
tədbirin aparıcısı Yusif Qoca Azərbaycan
Respublikasının Gənclər Fondunun fəaliyyəti və yeniliklər barədə məlumat verib.
"Öyrədərək
Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin
təsisçisi və filmin prodüsseri İsmayıl
Süleymanov layihə və film barədə ətraflı məlumat verdikdən sonra
film nümayiş olunub.
Filmin
nümayişindən sonra şəhid Adil Tatarovun atası Əli Tatarov çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olan
bütün hər kəsə dərin minnətdarlığını bildirib. Film
haqqında təəssüratlarını bölüşən "Azərbaycan Qarabağ Müharibəsi Veteranları,
Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin əməkdaşı,
Qarabağ qazisi Namiq Alıyev, media
nümayəndəsi Ələddin Qarayev, şair,
Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor Mustafa Rasimoğlu, gənc şairə Səbinə Yusif, Nuranə Təbriz və Qazax rayon
Gənclər və İdman İdarəsinin rəisi Vüqar
Nəbiyev öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi
istiqamətində bu cür filmlərin müstəsna rol oynadığını vurğulayıblar. Yekunda
aparıcı filmin yaradıcı heyətini səhnəyə dəvət edib və heyət adından filmin
rejissoru Allahverdi Musayev təqdimat
mərasimində iştirak edən hər kəsə təşəkkürünü bildirib. Sonda
tədbir iştirakçılarına disklər paylanılıb. Məlumat
üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan
etdiyi XI qrant müsabiqəsinin qalib layihələrindən biridir. 01.12.2018-ci il-01.03.2019-cu
il tarixləri əhatə edir. Şəhid Adil
Tatarov 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi
istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş