Bina və qurğuların ildırımdan mühafizəsi
İldırım təbiət hadisəsi olsa da bəzən yanğın və
partlayışlara, çox böyük fəlakətlərə səbəb olur. Binaların, qurğuların və sənaye
kommunikasiyalarının ildırımdan mühafizə
qurğularının quraşdırılması üzrə təlimat mövcuddur. Bu təlimat binaların, qurğuların və sənaye
kommunikasiyalarının layihələndirilməsi, tikintisi, istismarı, həmçinin yenidən
qurulması zamanı istifadə üçün nəzərdə tutulub.
Binaların, qurğuların və sənaye kommunikasiyalarının
ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat idarə
tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün növlərdə olan
binalara, qurğulara və sənaye kommunikasiyalarına şamil edilir.
Hər hansı bir sahə üzrə normativ sənədlərin tələbləri
bu metodik göstərişin tələblərindən daha sərt olduğu halda ildırımdan
mühafizənin işlənməsi (layihələndirilməsi) zamanı sahə normativinin tələblərini
yerinə yetirmək tələb olunur. Mühafizə olunacaq obyektin texnoloji
xüsusiyyətləri ilə ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə
təlimatın tələblərini uyğunlaşdırmaq mümkün olmadıqda da eyni ilə hərəkət etmək
lazımdır. Bu zaman istifadə olunan ildırımdan mühafizə vasitələri və üsulları
tələb olunan etibarlılığı təmin etməlidir. Binaların, qurğuların və sənaye
kommunikasiyalarının layihələndirilməsi zamanı təlimatın tələblərindən başqa
əlavə olaraq ildırımdan mühafizənin yerinə yetirilməsinə qüvvədə olan digər
normalar, qaydalar, təlimatlar və dövlət standartları nəzərə alınmalıdır.
İldırımdan mühafizənin normalaşdırılması zamanı ilkin
müddəa olaraq qəbul olunmuşdur ki, onun istənilən qurğusu ildırımın inkişafının
qarşısını ala bilməz. İldırımdan mühafizənin seçilməsi zamanı normativlərdən
istifadə ildırım zərbəsindən dəyə biləcək ziyanların riskini kifayət qədər
azaldır. İldırımdan mühafizə qurğusunun tipi və yerləşdirilməsi yeni obyektin
layihələndirilmə mərhələsində seçilir ki, onun elektrik keçirici
elementlərindən maksimum istifadə etmək mümkün olsun. Bu ildırımdan mühafizə
qurğusunun işlənməsini və yerinə yetirilməsini asanlaşdırar, binanın estetik
görüntüsünü yaxşılaşdırar, ildırımdan mühafizənin effektliyini yüksəldər, onun
qiymətini və əmək sərfini azaldar.
Yerə olan ildırım zərbəsi – ildırım buludu ilə
yer arasında atmosfer mənşəli bir, yaxud bir neçə cərəyan impulsundan ibarət
olan elektrik boşalmasıdır.
Zərbə nöqtəsi – ildırımın yer, bina yaxud ildırımdan
mühafizə qurğusu ilə birləşmə və ya toxunma nöqtəsidir.
Mühafizə olunan obyekt – bu normativin tələblərinə
cavab verən ildırımdan mühafizəsi yerinə yetirilmiş bina, yaxud qurğu, onların
hissələri və ya əhatə sahələridir.
İldırımdan mühafizə qurğusu – bina, yaxud qurğunu
ildırımın təsirindən (vurmasından) mühafizə etməyə imkan verən sistemdir.
O mühafizənin daxili və xarici qurğularını özündə birləşdirir. Birbaşa ildırım
zərbəsindən mühafizə qurğusu (ildırımötürücülər) –
ildırımqəbuledicilərdən, cərəyanötürücülərdən və yerbirləşdiricilərdən ibarət
olan kompleksdir.
İldırımın ikinci təsirindən mühafizə ildırımın
elektrik və maqnit sahələrinin təsirini məhdudlaşdıran qurğu vasitəsilə həyata
keçirilir.
İldırımqəbuledici – ildırımı tutmaq, cəlb etmək üçün olan hissə, ildırımötürücüsünün bir hissəsidir.
Cərəyanötürücü (cərəyankeçirici) – ildırım
cərəyanını ildırım qəbuledicidən yerləbirləşdiriciyə ötürmək üçün olan hissə,
ildırımötürücüsünün bir hissəsidir.
Yerləbirləşdirici qurğu - yerləbirləşdiricilərlə
yerləbirləşdirici keçiricilərin birliyidir, cəmidir.
Təhlükəsiz məsafə – mühafizə olunan obyektin
daxilində, yaxud xaricində olan iki keçirici arasında təhlükəli qığılcımlanma
yaranması mümkün olmayan minimal məsafəyə deyilir.
İfrat gərginlikdən mühafizə qurğusu – mühafizə olunan
obyektin elementləri arasında ifrat gərginliyin məhdudlaşdırılması üçün olan
qurğudur.
Tək dayanan ildırımötürücü – ildırımqəbuledici və
cərəyanötürücü hissələri vasitəsilə axan ildırım cərəyanın axma yolu ilə heç
bir əlaqəsi olmayan mühafizə olunan obyektin ildırımötürücüsüdür.
Mühafizə olunan obyekt üzərində quraşdırılmış
ildırımötürücü–ildırımqəbuledici və cərəyanötürücü hissələrdən axan cərəyanın
bir hissəsinin mühafizə olunan obyektlə, yaxud onun yerləbirləşdiricisi ilə
axması mümkün olan ildırımötürücüdür.
İldırımötürücünün mühafizə zonası – elə bir sahədir
ki, obyekt bütövlükdə bu sahədə yerləşdikdə oraya ildırım zərbələrinin ehtimalı
verilmiş (nəzərdə tutulmuş) qiymətdən çox olmasın.
Mühafizə zonasını ötüb keçən ildırım zərbələrinin yol
verilən ehtimalı – ildırımötürücü ilə mühafizə olunan obyektə ola biləcək
ildırım zərbələrinin yol verilən ehtimalnın son həddidir.
Obyektlərin təsnifatı obyektin özünün və onun
ətrafının ildırım zərbəsinə məruz qalma təhlükəsi üzrə təyin edilir. İldırımın
bilavasitə təhlükəli təsiri – bu yanğınlar, mexaniki zədələnmələr, insanların
və heyvanların travmaları, həmçinin elektrik və elektron avadanlıqlarının
zədələnməsidir. İldırım zərbəsinin nəticəsi olaraq partlayışların olması və
təhlükəli maddələrin – radioaktiv və zəhərli kimyəvi maddələrin, həmçinin
bakteriyaların və virusların ayrılması ola bilər. İldırım zərbəsi xüsusilə
informasiya sistemləri, idarəetmə, nəzarət və elektrik təchizatı sistemləri
üçün təhlükəli ola bilər. Müxtəlif təyinatlı obyektlərdə quraşdırılan elektron
qurğuları üçün xüsusi mühafizə tələb olunur.
İldırım cərəyanının parametrləri onun mexaniki və
termiki təsirlərini hesablamaq, həmçinin elektromaqnit təsirindən mühafizə
vasitələrini normallaşdırmaq üçün lazımdır.
İldırımdan mühafizənin hər bir səviyyəsi üçün
ildırım cərəyanı parametirlərinin verilən hədd qiymətləri təyin edilir. Bu təlimatda
verilən məlumatlar ildırımlı buluddan yerə və yerdən ildırımlı buluda doğru
inkişaf edən ildırım boşalmalarına aiddir.
İldırım boşalmalarının qütblüyü (mənfi yaxud müsbət)
coğrafi məkandan asılıdır. Yerli məlumatlar olmadığı halda boşalmaların 10%-nin
müsbət cərəyanlı, 90%-nin isə mənfi cərəyanlı boşalma olmasını qəbul etmək
olar.
İldırımın mexaniki və termiki təsiri cərəyanın pik
qiyməti, tam elektrik yükü, impulsun elektrik yükü və xüsusi enerjisi ilə əlaqədardır.
Bu parametrlərin ən böyük qiymətləri müsbət qütblü ildırım boşalmalarında
müşahidə olunur. İndiksiyalanmış ifrat gərginlik təsirindən baş verən zədələnmələr
ildırım cərəyanı impulsu cəbhəsinin dikliyi ilə əlaqədardır. Bu parametriin ən
böyük qiyməti mənfi qütblü ildırım boşalmalarının sonrakı, yəni birincidən
sonra gələn ildırım boşalmaları impulslarında müşahidə olunur.
Mexaniki və texniki təsirlərdən başqa ildırım cərəyanı
güclü impuls elektromaqnit şüalanması yaradır ki, o rabitə, idarəetmə,
avtomatika, hesablama və informasiya qurğuları və s. avadanlıqlar sisteminin zədələnməsinə
səbəb ola bilər. Bu mürəkkəb sistemlər bir çox istehsal və biznes sahələrində
istifadə olunur. Bunların ildırım zərbəsi nəticəsində zədələnməsi həm təhlükəsizlik
baxımından, həm də iqtisadi baxımdan olduqca arzu olunmazdır.
İldırım zərbəsi vahid bir cərəyan impulsundan,
yaxud bir-birindən müəyyən zaman vahidi qədər aralı olan və ardıcıl gələn bir
neçə cərəyan impulsundan ibarət ola bilər ki, bu impulslararası müddətdə
ildırım kanalından zəif müşayətedici cərəyan axır.
Xarici ildırımdan mühafizə sistemi mühafizə
olunacaq qurğudan həm izolyasiya oluna bilər (tək dayanan
ildırımötürücü-çubuqvari, yaxud trosşəkilli, həmçinin təbii ildırımötürücü funksiyasını
yerinə yetirən qonşu qurğu), həm də mühafizə olunan qurğunun üzərində
quraşdırıla bilər və eləcə də onun bir hissəsi ola bilər. Daxili ildırımdan
mühafizə qurğusu ildırım cərəyanının elektromaqnit təsirini məhdudlaşdırmaq və
mühafizə olunan qurğunun daxilində qığılcımlanmanı (qığılcım boşalmasını)
aradan qaldırmaq üçündür. İdırımqəbulediciyə ildırım zərbəsi zamanı ildırımın cərəyanı
cərəyanötürücü sistem (keçirici endiricilərlə) vasitəsilə yerləbirləşdiriciyə
ötürülür və yerə axır.
İldırımqəbuledicilər xüsusi, yaxud obyektin üzərində
quraşdırıla bilər və yaxud onların funksiyasını mühafizə olunan obyektin
konstruktiv elementləri yerinə yetirir, son halda onlar təbii
ildırımqəbuledicilər adlanırlar.
FHN DYNX-nin Yanğına Qarşı Təbliğat şöbəsi
Facebook-da paylaş