• Təqvim

  • Unutma

  • Maraq



“İşıqlı gələcək naminə narkomaniyaya yox deyək”

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə Tədbirlər Planına uyğun olaraq "İşıqlı gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Rayon Mədəniyyət Mərkəzinin akt zalında keçirilən tədbirdə Qazax RİH-nin və DQİDK-nin əməkdaşları, rayonda fəaliyyət göstərən dindarlar və ictimaiyyət nümayəndələri iştirak edib.

RİHB aparatında İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Respublikamızda bu sahə ilə bağlı dövlət səviyyəsində görülən işlərdən, həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb. Bildirib ki, son illər rayonda narkomaniyaya qarşı ardıcıl mübarizə aparılır və maarifləndirici mövzularda tədbirlər həyata keçirilir. Qeyd edib ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya XXI əsrdə də qlobal problemlər sırasında qalıb. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Narkomaniya cinayət, zorakılıq və korrupsiya yaradır. QİÇS-in sürətlə artmasına səbəb olur. Onu təkcə tibb sahəsi işçilərinin gücü ilə aradan qaldırmaq mümkün deyil, bu bəla ilə mübarizədə cəmiyyətin bütün üzvləri birləşməlidirlər.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev çıxış edərək keçirilən bugünkü tədbirin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, tədbirin əsas məqsədi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui istifadəsi ilə əlaqədar mübarizəni gücləndirmək və regionlarda müzakirələr aparmaq, vətəndaş cəmiyyəti institutlarının iştirakını genişləndirməkdir.

Qazax rayonlararası ruhi xəstəxanasının narkoloq həkimi Nahidə Osmanova, rayon Polis şöbəsində narkomaniya bölməsinin baş inspektoru Rauf Qasımov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova və başqaları çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. Çıxışlar zamanı Azərbaycanda narkotik və psixotrop maddələrdən istifadənin zərərli cəhətləri və xüsusən insan orqanizminə ziyanı barədə məlumat verilib. Qeyd olunub ki, hazırda dünya əhalisinin 15-64 yaş üzrə təqribən 5%-i bu xəstəlikdən əziyyət çəkir. Çıxış edənlər narkomaniyaya qarşı mübarizə yolları və digər məsələlər barədə də tədbir iştirakçılarına geniş məlumatlar çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




GOYEZEN.AZ



Facebook-da paylaş