Qazaxda maarifləndirici tədbir keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya, erkən nikaha və dini
radikalizmə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Qazax Dövlət
Sosial-İqtisadi Kollecində keçirilən tədbirdə tələbələrə mövzu ilə bağlı ətraflı
məlumatlar çatdırılıb.
Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov giriş sözü ilə çıxış
edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, son
illər rayonda dini radikalizmə, erkən nikaha və narkomaniyaya qarşı ardıcıl
mübarizə aparılır və maarifləndirici mövzularda tədbirlər həyata keçirilir.
Qeyd edib ki, Azərbaycan Respublikasının qanunlarına görə erkən nikah 18 yaşından
kiçik oğlan və qadınların ailə qurması və birgə yaşamasıdır. Uşaq hüquqları
haqqında Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab
edilir. Belə olan halda uşaqların erkən nikaha daxil olmaları insan
hüquqlarının pozulması deməkdir. Bildirib ki, ötən yüzilliyin bəlalarından
sayılan narkomaniya XXI əsrdə də qlobal problemlər sırasında qalıb. Narkomanlıq
narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Narkomaniya cinayət,
zorakılıq və korrupsiya yaradır. QİÇS-in sürətlə artmasına səbəb olur. Onu təkcə
tibb sahəsi işçilərinin gücü ilə aradan qaldırmaq mümkün deyil, bu bəla ilə
mübarizədə cəmiyyətin bütün üzvləri birləşməlidirlər. Vurğulayıb ki, Azərbaycanda
dövlət-din münasibətləri möhkəm təməllər üzərində qurulmuşdur. Sağlam dindarlar
və cəmiyyət üzvləri bunu yüksək qiymətləndirirlər. Azərbaycan dövlətinin
tolerant və multikultural siyasətini dəstəkləyirlər. Lakin radikal-ekstremist
ruhlu kiçik qruplar öz çirkin əməlləri ilə bu siyasətə kölgə salmağa çalışır,
ölkədə ictimai-siyasi və dini sabitliyi pozmağa cəhd göstərirlər. Lakin belə cəhdlərin
qarşısı qanunvericilik çərçivəsində həmişə qətiyyətlə alınır və bundan sonra da
alınacaqdır.
Mövzu ətrafında Qazax rayon Polis şöbəsinin rəis müavini, polkovnik–leytenant
Tahir Süleymanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə
şöbə müdiri Rasim Tağıyev, rayon qeydiyyat şöbəsinin müdiri Məsumə Səmədova, Qafqaz
Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov, RİHB aparatında aparıcı
məsləhətçi-psixoloq Kəmalə Cəfərova, Qazax rayonlararası ruhi xəstəxanasının narkoloq
həkimi Nahidə Osmanova və Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktor
müavini Vüqar Eyyubov çıxış ediblər. Çıxışlar zamanı Azərbaycanda erkən nikah
problemi, onun statistikası, səbəbləri və həlli yolları, narkotik və psixotrop
maddələrdən istifadənin zərərli cəhətləri və xüsusən insan orqanizminə ziyanı
barədə məlumat verilib. Qeyd olunub ki, hazırda dünya əhalisinin 15-64 yaş üzrə
təqribən 5%-i bu xəstəlikdən əziyyət çəkir. Çıxış edənlər dinin ideloji sahədə ən
həssas və incə mahiyyətə malik olmasından, ondan siyasi, qrup və şəxsi maraqlar
naminə istifadə edilməsindən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlə
məşğul olan insanların mövculuğundan, onlara qarşı mübarizə yolları və digər məsələlər
barədə də tədbir iştirakçılarına geniş məlumatlar çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və
onlara mövzu ilə bağlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş