İli uğurla başa vurmaq üçün möhkəm zəmin yaradılmışdır
Respublika mətbuatı Qazax haqqında--------------------------- Ölkə iqtisadiyyatında qazanılan nailiyyətlər
bölgələrimizin inkişafını təmin etmiş, əhalinin güzəranını daha da
yaxşılaşdırmışdır. Belə rayonlardan biri də Qazaxdır. Son illər burada həyata
keçirilən tədbirlər nəticəsində qazanılan uğurlar sakinlərin dolanışığına
müsbət təsir göstərməklə yanaşı, rayonun simasını başdan-başa dəyişmişdir. Cari
ilin 6 ayı ərzində də bütün sahələr üzrə yüksək göstəricilərə nail olunmuşdur. Həmişə
olduğu kimi, yarım ildə aqrar sahədə qazanılan uğurlar daha da artmışdır. Belə
ki, rayonun taxıl sahələrindən 42 min 330 ton məhsul götürülmüş, orta
məhsuldarlıq 33,7 sentnerə yüksəlmişdir. Digər sahələrdə də göstəricilər yüksək
olmuşdur. 2019-cu ilin yazında 21476,3 hektar sahədə kənd təsərrüfatı
məhsulları becərilmiş, o cümlədən 1320 hektarda kartof əkilmişdir. Hazırda
kartof yığımı sürətlə davam edir. İlkin göstəricilər onu deməyə əsas verir ki,
bu il fermerlər 40 min tona yaxın məhsul əldə edəcəklər. Bundan başqa, cari il
rayonda ipəkçilik sahəsində də müsbət göstəriciyə nail olunmuş, 7667,5 kiloqram
barama istehsal edilmişdir. Rayonda əkin
sahələrinin vaxtında suvarılması rayon rəhbərliyinin daim diqqət mərkəzində
saxlanılır. Hazırda Qazaxda 18421 hektar kənd təsərrüfatına yararlı torpaq
sahələri mövcuddur. Bu sahələrin 11863 hektarı öz axını, 5558 hektarı isə nasos
stansiyaları vasitəsilə suvarılır. Əkin sahələrinin vaxtında suvarılması üçün
hələ payız və qış aylarında bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon İcra
Hakimiyyətinin bilavasitə rəhbərliyi və köməyi, eləcə də Rayon Suvarma
Sistemləri İdarəsi kollektivinin iştirakı ilə arxlar təmizlənmiş, idarənin
balansında olan 21 nasos stansiyasında cari və əsaslı təmir işləri görülmüş,
kanallar lildən təmizlənmiş, hidroqurğuların təmiri aparılmışdır. Əvvəlki
illərdə olduğu kimi, cari ilin ötən aylarında da əhalinin məşğulluğunun təmin
edilməsi məqsədilə bir sıra işlər həyata keçirilmişdir. Nəticədə rayon
Məşğulluq Mərkəzinə 26 müəssisədən 2004 vakant iş yeri təqdim olunmuşdur.
Mərkəzdə qeydiyyatda olan 1581 nəfər işaxtaran vətəndaşa 1406 göndəriş
verilmişdir. Onlardan 786 nəfəri daimi işlə təmin edilmişdir. Məlum olduğu
kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş
Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Mərkəzdə işaxtaran kimi
qeydiyyatda olan 420 nəfər rayon sakini "DOST İş Mərkəzi” MMC-yə haqqı
ödənilən ictimai işə göndərilmişdir. Bundan başqa, rayon Məşğulluq Mərkəzinə
SOCAR tərəfindən 90, "Azərişıq” ASC tərəfindən 55 boş iş yeri daxil
olmuşdur. Mərkəzdə qeydiyyatda olan vətəndaşlar həmin yerlərdə daimi işlə təmin
edilmişlər. Ümumilikdə
son 15 ildə və cari ilin birinci rübündə rayonda 362 yeni müəssisə
yaradılmışdır və həmin müəssisələrdə 14,4 min daimi olmaqla 17,3 min yeni iş
yeri açılmışdır. Rayon
iqtisadiyyatı da yarımildə xeyli irəliləmişdir. Belə ki, ilkin hesablamalara
görə, 6 ayda rayon üzrə məhsul istehsalının dəyəri 96,8 milyon manat olmuşdur
ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur. Kənd
təsərrüfatı məhsullarının həcmi keçən ilə nisbətən 3,8, sənaye məhsullarının
həcmi isə 13,1 faiz çox olmuş, orta aylıq əməkhaqqı 350 manata çatmışdır. Cari ilin ötən dövrü ərzində rayonda "Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”çərçivəsində təmir-tikinti işlərinin həcmi də xeyli genişlənmişdir. Proqramda
həmçinin 11 məktəb binasının əsaslı şəkildə təmir olunması nəzərdə tutulmuşdur.
Artıq Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə aparılan
əsaslı təmir işləri yekunlaşmış və təhsil ocağl bu ilin fevral ayında
istifadəyə verilmişdir. Hazırda Qaymaqlı kənd tam orta məktəbinin tikintisində
işlər sürətlə davam etdirilir. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə
İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin əsaslı təmirinə
başlanılmışdır. Kənd sakinləri məktəbin əsaslı şəkildə təmir edilməsini Xalq yazıçısına verilən yüksək qiymət
kimi dəyərləndirirlər. Rayonda məktəbəqədər uşaq tərbiyə müəssisələrinin
yenidən qurulması da davam edir. Hazırda rayonda 25 körpələr evi-uşaq bağçası
fəaliyyət göstərir. Bunlardan 6-sı Qazax şəhərində, 19-u isə kəndlərdə
yerləşir. Sevindirici haldır ki, bu gün 25 körpələr evi-uşaq bağçasından 21-i
əsaslı şəkildə təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Yaxın
vaxtlarda qalan 4 uşaq tərbiyə müəssisəsində də təmir işlərinin aparılması
nəzərdə tutulur.
Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 18 avqust 2019-cu il
Facebook-da paylaş