Qazax Tarix-Diyarşünaslıq Muzeyində növbəti “Açıq dərs” keçirilib
Vətənimizin
hər guşəsi, yaşadığımız ərazinin, şəhərin, rayonun tarixini, dünənini, bu
gününü dərindən öyrənməkdə bizlərə hər zaman yardımçı olan bir məkan var ki, o
da muzeylərimizdir. 2016-cı ilin 19 oktyabrında ölkə Prezidenti İlham Əliyevin açılışını
etdiyi Qazax Tarix-Diyarşünaslıq Muzeyi də rayonumuzun tarixinin öyrənilməsində,
gələcək nəsillərə ötürülməsində böyük əhəmiyyət kəsb edir. Muzey fəaliyyətə
başladığı ilk gündən rayonun ali təhsil ocaqları, ümumtəhsil məktəbləri, eləcə
də müxtəlif təbəqədən olan insanlar, qonaqlar bu gözəl məkanın qonağı olur. Təqdirəlayiq
hal isə odur ki, muzeydə mütəmadi olaraq müxtəlif mövzuları əhatə edən "Açıq
dərs”lər də keçirilir. Bugünkü "Açıq dərs” isə Bakı Dövlət Universitetinin Qazax filialının tarix-coğrafiya fakültəsinin
I kurs tələbələrinin iştirakı ilə keçirilib. "Damcılı mağarası" mövzusunda
keçirilən "Açıq dərs"də filialın arxeologiya müəllimi Həqiqət
Mehdiyeva və 22 nəfər tələbə iştirak edib. Tələbələr əvvəlcə muzeydə olan eksponatlarla yaxından
tanış olaraq rayon haqqında ətraflı məlumat əldə ediblər.
Muzeyin
direktoru Gülnaz Alişanova dünya əhəmiyyətli abidəmiz olan Damcılı
mağarası haqqında ətraflı məlumat verərək bildirib ki, Damcılı
mağarası - mağara-düşərgə
olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Avey dağın Cənub-Şərqində, əhəng
qayalığın altındadır. Avey dağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360
kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən
hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı
adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar,
itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və
s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub
550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür
qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd
qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası,
forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit
dövrü və Neolit dövrünə aiddir. Qazax rayonunun Daş Salahlı kəndi
yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşən Damcılı mağarasında kəşfiyyat
xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı
ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı
arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan
ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a
yaxın mağara aşkar etmişdir. Qeyd edib ki, dünyanın bir çox bölgələrində olduğu
kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış
yeri kimi istifadə etmişlər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət
ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən
və vəhşi heyvanlardan özlərini qoruya bilmişlər. Bildirib ki, mağaranın yerləşdiyi ərazi
bir çox qədim tarixə malik və unikal əhəmiyyətli obyektlərlə məşhurdur. Damcılı
mağarasında qeydə alınan belə mühüm elementlərdən biri də Damcılı bulağıdır:
dar qaya çatlarının arasından saf və duru, buz kimi soyuq su damcı-damcı
tökülür, aşağıdakı ovuqda yığılıb bulaq olur. Buna görə də bura "Damcılı
bulağı” adlandırılıb. Bu bulaq hazırda yerli camaatın və qonaqların istirahət
yeridir. Tələbələrə son illər qoruq ərazisində aparılan qazıntı işləri barədə də
məlumat verilib. 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü
ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro
Nişiakinin rəhbərliyi ilə böyük bir heyətin Avey dağı ətəklərində kəşfiyyat
xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunduğu diqqətə
çatdırılıb. Qeyd olunub ki, həmin il 1 həftəlik axtarışdan sonra Avey dağında,
Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji
irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanıb. Bu
memorandum Mədəniyyət Nazirliyi tərəfindən "Avey” Dövlət Tarix-Mədəniyyət
qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya
tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanıb.
Bu il artıq dördüncü dəfə qazıntı işlərinin aparıldığı və uğurla başa çatdığı qeyd
olunub. Sonra filialın müəllimi Həqiqət
Mehdiyeva da Damcılı mağarası haqqında əlavə məlumatlar verib. Sonda tələbələr "Açıq
dərs"dən məmnun qaldıqlarını söyləyərək muzeyin kollektivinə razılıqlarını
bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş