İcra başçısı sərhəd kəndi Məzəmdə istinad divarının çəkilişi ilə maraqlanıb
Ermənistanla
168 km sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi düşmən tapdağı altındadır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda
mənfur düşmənə qarşı aparılan döyüşlərdə Qazax rayonu yüzlərlə şəhid
verib. Bu gün Qazaxın 287 nəfər şəhidi var. 7 nəfər igid oğlu Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb. Artıq 30 ildir
ki, Qazax rayonunun sərhəd kəndlərində yaşayan sakinlər də düşmən tərəfindən
elan olunmamış müharibənin ağrı-acılarını yaşayır. Daim erməni silahlı
birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən
kəndlərdən biri də məhz rayonun Məzəm kəndidir.
Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bəri 65 evdən ibarət olan
bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin,
bütövlükdə Qazaxın müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə
düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov
Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün tam
əminliklə deyə bilərik ki, Qazaxda düşmən mövqelərindən atəşə məruz qalan kəndlərdə
sakinlərin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Hər an qorxu
altında yaşayan, hər zaman düşmən gülləsi ilə üz-üzə qalan kənd sakinlərinin
normal şəkildə həyat sürmələri üçün hər cür şərait yaradılır. Dövlət və dövlət
başçısı tərəfindən sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğı rayon
rəhbərliyi tərəfindən də ən yüksək səviyyədə hiss olunmaqdadır. Son illər rayon
rəhbərinin bütün sahələrlə yanaşı, sərhəddə yaşayan həmin sakinlərin istər
yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin
olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər bunun bariz
nümunəsidir. İcra başçısı demək olar ki, fəaliyyətə başladığı ilk gündən sərhəd
kəndlərinə və orada yaşayan sakinlərə xüsusi münasibət göstərir. Ən əsası da
həmin kəndlərdə sakinlərin təhlükəsizliyini hər şeydən üstün tutur. Məhz bu
diqqət və qayğının nəticəsidir ki, rayon rəhbərliyi elə ilk gündən yaranmış
təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən
evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verdi. Bundan
əlavə, sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək
məqsədilə yol kənarına da istinad divarı çəkildi. Görülən bu
işlər sayəsində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi Məzəm
kəndində 57 evin qarşısına 2530 paqonmetr uzunluğu və 3 metr hündürlüyü olan istinad divarı çəkilib. Həmçinin sərhəddə yaşayan kənd
əhalisinin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün məqsədyönlü işlər
görülüb. Yol boyu çəkilməsi nəzərdə tutulan hündürlüyü 3 metr, uzunluğu 480 paqonmetr
olan istinad hasarının 400 paqonmetri artıq ötən il çəkilib. Bu il də Məzəm kəndində
müdafiə hasarının çəkilməsi işinə start verilib. Belə ki, vətəndaşların
müraciətləri əsasında onların istəyini nəzərə alaraq çəkilməsi nəzərdə tutulan istinad
divarının uzunluğu 520 paqonmetrə
çatdırılıb ki, onun da artıq 470 paqonmetri çəkilib. Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Məzəm
kəndində istinad divarının çəkilişi ilə bağlı görülən işlərlə tanış olub. Rayon
rəhbərliyi ilə səmimi söhbət edən kənd sakinləri sərhəd kəndində yaşayan
sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının
çəkilməsinə görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını
bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rayon
rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş