Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı sərhəd kəndi Məzəmdə istinad divarının çəkilişi ilə maraqlanıb

İcra başçısı sərhəd kəndi Məzəmdə istinad divarının çəkilişi ilə maraqlanıb


30-05-2020, 19:17


Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda mənfur düşmənə qarşı aparılan döyüşlərdə Qazax rayonu yüzlərlə şəhid verib. Bu gün Qazaxın 287 nəfər şəhidi var. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Artıq 30 ildir ki, Qazax rayonunun sərhəd kəndlərində yaşayan sakinlər də düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayır. Daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də məhz rayonun Məzəm kəndidir. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bəri 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin, bütövlükdə Qazaxın müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda düşmən mövqelərindən atəşə məruz qalan kəndlərdə sakinlərin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Hər an qorxu altında yaşayan, hər zaman düşmən gülləsi ilə üz-üzə qalan kənd sakinlərinin normal şəkildə həyat sürmələri üçün hər cür şərait yaradılır. Dövlət və dövlət başçısı tərəfindən sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğı rayon rəhbərliyi tərəfindən də ən yüksək səviyyədə hiss olunmaqdadır. Son illər rayon rəhbərinin bütün sahələrlə yanaşı, sərhəddə yaşayan həmin sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər bunun bariz nümunəsidir. İcra başçısı demək olar ki, fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə və orada yaşayan sakinlərə xüsusi münasibət göstərir. Ən əsası da həmin kəndlərdə sakinlərin təhlükəsizliyini hər şeydən üstün tutur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, rayon rəhbərliyi elə ilk gündən yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş verdi. Bundan əlavə, sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına da istinad divarı çəkildi.

Görülən bu işlər sayəsində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi Məzəm kəndində 57 evin qarşısına 2530 paqonmetr uzunluğu və 3 metr hündürlüyü olan istinad divarı çəkilib. Həmçinin sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün məqsədyönlü işlər görülüb. Yol boyu çəkilməsi nəzərdə tutulan hündürlüyü 3 metr, uzunluğu 480 paqonmetr olan istinad hasarının 400 paqonmetri artıq ötən il çəkilib.

Bu il də Məzəm kəndində müdafiə hasarının çəkilməsi işinə start verilib. Belə ki, vətəndaşların müraciətləri əsasında onların istəyini nəzərə alaraq çəkilməsi nəzərdə tutulan istinad divarının uzunluğu 520 paqonmetrə çatdırılıb ki, onun da artıq 470 paqonmetri çəkilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Məzəm kəndində istinad divarının çəkilişi ilə bağlı görülən işlərlə tanış olub.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən kənd sakinləri sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının çəkilməsinə görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.


 

GOYEZEN.AZ


Geri qayıt