• Təqvim

  • Unutma

  • Maraq



Qazax şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir


"Azərsu” Açıq Səhmdar Cəmiyyəti cəbhə bölgəsində yerləşən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasını uğurla həyata keçirir. Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edərək küçələrdə su və kanalizasiya xətlərinin tikintisini paralel aparır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, "Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə direktor müavini Anar Məmmədovun, "Azərsu” ASC-nin,  məsləhətçi və podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə tikinti işlərinin icra vəziyyəti və gələcəkdə görüləcək işlər geniş müzakirə olunub.


"Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya sistemi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev  şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Cəbhə bölgəsində yerləşən Qazax şəhərində içməli su və kanalizasiya layihəsinin icrası əhalinin sosial problemlərinin həllinə göstərilən diqqətin nümunəsidir. Sədr müavini ötən müddət ərzində su və kanalizasiya çəkilişinin tikinti norma və qaydalarına uyğun şəkildə qrafiklə həyata keçirilməsində göstərdiyi dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlığını bildirib. Rayon ictimaiyyətinə görülən işlərə təmkinlə yanaşdıqlarına görə razılığını ifadə edib. Sədr müavini bütün bölgələrdə olduğu kimi, Qazaxda da bu layihənin uğurla başa çatdırılacağını bildirib. Aidiyyatı təşkilatlar tərəfindən həyata keçirilən bütün işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsinə tam nəzarət olunduğunu qeyd edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun həlli vacib olan məsələlərindən birinin - su-kanalizasiya sisteminin yenidən qurulmasına görə Respublika Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib. İşlərin keyfiyyətlə aparılmasına, görülən işlərdə vətəndaş mövqeyinin gözlənilməsinə görə sifarişçi və podratçı təşkilatların rəhbərliyinə rayon ictimaiyyəti, ağsaqqallar və ziyalılar adından təşəkkürünü çatdırıb.  

İcra başçısı su və kanalizasiya xəttinin çəkilməsinə başlanılan ilk gündən bu sahənin daim diqqət mərkəzində saxlanıldığını, müvafiq Sərəncama əsasən su və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradıldığını qeyd edib. Çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirildiyini, eləcə də çəkiliş aparılan küçələrə yerində baxıldığını, işlərin keyfiyyəti ilə maraqlanıldığını vurğulayıb. Su mənbəyi yatağında və çirkab su təmizləyici qurğuda görülmüş işlərlə yerində tanış olduğunu diqqətə çatdırıb.


Tikilməkdə Olan Obyektlərin Müdriyyətinin Layihə idarəetmə qrupları ilə işin təşkili şöbəsinin rəisi Fuad Təhməzov "Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində icra olunmuş əsas iş həcmləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihədə 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub ki, onlardan 3 ədədi icra olunub. 9 ədədində də tikinti işlərinə başlanılıb. Bundan əlavə, hər birinin həcmi 5 min kubmetr olan 2 ədəd su anbarının tikildiyini və burada işlərin 55% yerinə yetirildiyini söyləyib. Bu günə kimi kanalizasiya sistemi borularının quraşdırılması üzrə 72,45%, su təchizatı borularının quraşdırılması üzrə isə 59,99% işlərin yerinə yetirildiyini vurğulayıb. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə direktor müavini Anar Məmmədov çıxış edərək görülmüş işlər haqda fikirlərini bölüşüblər.

Tədbirdə layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Layihə və podratçı təşkilatların nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüldüyünü bildiriblər.

Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.



GOYEZEN.AZ



Facebook-da paylaş